Şrift:
Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib
01.11.2018 [10:37] - Türk dünyası-Turan
Cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65,6 faiz artaraq 169,8 milyon dollar olub


Oktyabrın 31-də Astanada Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib.

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Astanada səfərdədir. İclasdan əvvəl Azərbaycan və Qazaxıstan energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərdə son 26 il ərzində əldə edilmiş nailiyyətlər, dövlət başçılarının səyləri nəticəsində bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xidmət edəcəyi bildirilib.

Sonra energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib. Qazaxıstanın energetika naziri, komissiyanın həmsədri Kanat Bozumbayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Bu illər ərzində Azərbaycanın uzun bir inkişaf yolu keçərək beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini söyləyib.

K.Bozumbayev iki ölkə münasibətlərinin hərtərəfli inkişafında Birgə Hökumətlərarası Komissiyanın rolundan danışaraq, bugünkü iclasın əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaradacağını söyləyib.

İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov tarixən dil, din və mədəni köklərlə bağlı olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişafının bütün sahələri əhatə etdiyini və mühüm layihələrlə hər iki ölkənin enerji və nəqliyyat dəhlizinə çevrildiyini deyib.

Nazir ötən ilin aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən tapşırıqlar verildiyini xatırladıb.

“Bu tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji Yol Xəritəsi üzrə ötən dövr ərzində mühüm addımlar atılıb. Bugünkü iclas xəritədə nəzərdə tutulan təbirlərin icrasını nəzərdən keçirməklə bütün sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə, mövcud potensialdan yeni istiqamətlər üzrə əməkdaşlığa başlamağa töhfə verəcək”, - deyə o bildirib.

İclasda Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib.

Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65,6 faiz artaraq 169,8 milyon ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 65,1 faiz artaraq 36 milyon dollar, idxal isə 65,8 faiz yüksələrək 133,8 milyon dollar olub. Ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı stimullaşdırmaq üçün əlavə tədbirlərin görülməsinin, sərgi, konfrans, biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial ixrac məhsulları və şirkətlərin müəyyənləşdirilməsi, Qazaxıstanın infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan şirkətlərinin, eləcə də Sumqayıt Kimya Sənaye Parkında qazax şirkətlərinin iştirakının nəzərdən keçirilməsi razılaşdırılıb.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Strateji Yol Xəritəsinə və Hökumətlərarası Komissiyanın 14-cü iclasında əldə edilmiş razılığa uyğun olaraq “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə işçi qruplarının yaradılması və Bakıda ilk iclasın keçirilməsi enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər kimi qiymətləndirilib. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk boru kəmərləri ilə nəqli, eləcə də sıxılmış və mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə ixracı imkanları və bu məhsulların dəmir yolu vasitəsilə daşınması kimi məsələlər müzakirə edilib. Bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivlərini öyrənmək barədə razılıq əldə olunub.

İclasda, həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verdiyi qeyd olunub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb.

Bundan başqa, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed