Şrift:
Diaspor tarixində daha bir İLK: Xaricdəki azərbaycanlı siyasətçilər bir araya gətirilir
07.11.2018 [10:17] - Xəbərlər, Diaspor
Avropaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın İsveçdəki səfirliyində çox maraqlı görüş keçirib.
Öncə səfirlikdə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyan Dövlət Komitəsinin sədri daha sonra İsveç siyasi arenasında uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirib.

Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, İsveç Sosial-Demokratlar Partiyasının üzvü, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn İradə Əliyeva, İsveç Sosial-Demokratlar Partiyasından Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü Turan Əliyev də iştirak ediblər.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Skandinaviya regionunda yaşayan həmyerlilərimizin siyasi təşkilat və partiyalara uğurlu inteqrasiyasının vacibliyini qeyd edib, bu işdə qazanılan uğurların təqdirəlayiq olduğunu vurğulayıb. Xaricdəki diasporumuzun Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırılması kimi vacib funksiyanı yerinə yetirməli olduğunu qeyd edən səfir bu işdə müəyyən uğurların qazanılmasına rəğmən, bu səpkidə aparılan işin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

İsveçdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq naminə gördükləri işlərdən danışan A.Məmmədov onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. İsveçdə doğulan və yüksək təhsil alan azərbaycanlı gənclərin böyük potensiala malik olduqlarını, diaspora fəaliyyətində yaranmış bəzi boşluqları doldura biləcəklərini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçin siyasi həyatında fəallıq göstərən azərbaycanlılarla görüşdən məmnunluğunu ifadə edib. Komitə sədri deyib ki, yaşadığı yerdən və çalışdığı sahədən asılı olmayaraq hər bir azərbaycanlı Vətənə dəstək olmalı və ümumi amal uğrunda iş aparmalıdır.
Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və addımlar haqqında danışan Komitə sədri diaspor üzvilərinin birgə fəaliyyət göstərməsinin, müxtəlif layihələr yerinə yetirməsin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, bu siyasətin uğurlu nəticələr verdiyini qeyd edən Dövlət Komitəsinin sədri ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələrdən danışıb, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib.

Fuad Muradov Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verilməsinin vacibliyini bildirib. İsveçdəki azərbaycanlıların qazandıqları uğurların təqdirəlayiq olduğunu bildirən Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor hərəkatının keyfiyyətcə yeni mərhələ olan lobbiçilik fəaliyyətinə keçməsinin reallaşması istiqamətində də mühüm planların olduğunu diqqətə çatdırıb.

Görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Komitə sədri onların qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed