Şrift:
Tur-aksiya: 10 rayondan olan 400 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21.11.2018 [10:57] - Gündəm, Gənclik
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb. Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edən 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3190 nəfər iştirak edib.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə artıq beşinci ildir ki, təşkil edilən bu tur-aksiyalar Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Layihə çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan 10 rayonun – Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz, Quba, Qusar, Şabran, Xaçmaz və Xızı məktəblilərindən ibarət qruplar noyabrın 21-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.

Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 400 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, “Gilan Qida Şəhərciyi”nə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Tur-aksiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur.

Aksiya çərçivəsində məktəblilər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə yarış da keçirilib. Oyunun nəticələrinə görə, Quba, Siyəzən və Xaçmaz məktəbliləri müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblərə kubok, medal və xatirə hədiyyələri təqdim olunub.

Məktəblilər respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed