Şrift:
Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb
22.11.2018 [10:37] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib

Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın sədrliyi ilə keçirilən iclasa təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstanın, həmçinin Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri, o cümlədən türk dünyasının birliyi və inkişafı istiqamətində fəaliyyət göstərən, eləcə də TÜRKPA-ya tərəfdaş olan təşkilatların rəhbərləri qatılıblar.

Çıxışında türk dünyasının birliyi və əməkdaşlığının faydalarından danışan TBMM-in sədri Binəli Yıldırım qeyd edib ki, uzun illər bir-birindən aralı düşən türkdilli xalqların həyatında baş verən fərqlilik xalqlarımızın zənginliyinə çevrilib. TÜRKPA-nın iclasında digər dəyərli qonaqlarla bərabər, Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı Assambleyanın gələcəkdə daha uğurlu fəaliyyətinə olan inamı artırır. Parlament sədri deyib ki, birlikdə qüvvət var. Əminəm ki, yaxın gələcəkdə sıralarımız genişlənəcək və daha böyük uğurlara imza atacağıq. Ötən on ildə böyük inkişaf yolu keçən TÜRKPA tarixi əhəmiyyətli hədəflərə doğru irəliləyir.

Çıxışında türkdilli dövlətlərin siyasi fəallığının dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərdiyini diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, tarixin ən qüdrətli dövlətlərinə həyat vermiş, eyni zamanda, Şərq və Qərb mədəniyyətləri və sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıblar. Sədr deyib: “Müasir dünya ölkələrinin, o cümlədən türkdilli dövlətlərin hər birinin özünəməxsus parlament diplomatiyası tarixi var. Azərbaycanda ilk parlament XX əsrin əvvəllərində yaradılıb. Bu parlamentin fəaliyyəti müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi təməlini qurmaqla yanaşı, ölkəmizdə parlamentarizm ənənələrinin inkişafında son dərəcə mühüm rol oynayıb. O dövrdə “parlament diplomatiyası” termini olmasa da, Azərbaycan dövlətinin xarici siyasətində parlament diplomatiyası vasitələrindən geniş istifadə edilirdi. Təkcə bir faktı qeyd edim ki, 1919–1920-ci illərdə Paris Sülh Konfransında Azərbaycanı təmsil edən nümayəndə heyətinə parlamentin sədri Əlimərdan bəy Topçubaşov başçılıq edirdi”.

TÜRKPA-ya üzv olan hər bir dövlətin uğurunun digər dövlətlərin də uğuru olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarlarsa, onların ümumi işimizə verə biləcəyi töhfələr də bir o qədər böyük olar.

Azərbaycanda həyata keçirilən siyasətin ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərinin sırasına qoşduğunu vurğulayan Oqtay Əsədov qeyd edib ki, Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri istifadəyə verilib. Azərbaycanın və Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi vasitəsilə dünya bazarlarına nəql edilir. Avropanın enerji xəritəsi yenidən formalaşdırılır. Dünya tarixində ilk transkontinental ticarət-kommunikasiya marşrutu olan Böyük İpək Yolu bərpa edilir. Ötən il İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən iki həftəyə qədər azalda bilər.

Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsində nümayəndə heyətimizi dəstəkləyən bütün ölkələrin, xüsusən türkdilli dövlətlərin təmsilçilərinə bir daha təşəkkürünü bildirən Milli Məclisin sədri, həmçinin Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün səylərimizdə daim bizimlə birlikdə olan qardaş Türkiyəyə minnətdarlıq ifadə edib.

Ötən dövrdə TÜRKPA-nın böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin qeyd edib ki, əməkdaşlıq əlaqələrinin genişlənməsi, həyata keçirilən hər bir layihə növbəti layihələrin əsasını qoyur. Bu mənada TÜRKPA və onun bütün strukturlarının fəaliyyəti türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsi, daha böyük faydalar əldə olunmasına əhəmiyyətli təsir göstərir.

Türkdilli dövlətlər arasında əməkdaşlığın bütün üzv ölkələrin maraq və mənafelərini təmin etdiyini söyləyən Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov qeyd edib ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafının qorunması üçün parlament diplomatiyasının gücləndirilməsinə böyük ehtiyac var. Bu diplomatiya türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirir.

Türkdilli dövlətlərlə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Macarıstan parlamentinin sədri Laszlo Köver bildirib ki, ölkəsi xarici siyasətində türkdilli xalqlarla dostluq və əməkdaşlığa xüsusi diqqət yetirir. Macarların türkdilli xalqların ənənələrinə önəm verməsi təkcə mədəni və tarixi yaxınlıqla deyil, həmçinin mənəvi, geosiyasi və iqtisadi maraqlarla bağlıdır.

TÜRKPA-nın plenar iclasında qonaq statusu ilə iştirak etməkdən məmnunluğunu ifadə edən Özbəkistanın Qanunçuluq Palatası sədrinin müavini Xatamjan Dexgonov qurumun ali orqanının iclasında iştiraka dəvətə görə təşəkkürünü bildirib. Ötən dövrdə TÜRKPA-nın mühüm inkişaf yolu keçərək üzv ölkələrə fayda gətirdiyini diqqətə çatdıran Xatamjan Dexgonov təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb. O, əminliklə deyib ki, parlamentlər arasında əlaqələrin inkişafı türkdilli xalqların maraqlarını təmin edir.

Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreev TÜRKPA ilə Türk Şurasının əlaqələrinin əhəmiyyətindən danışıb. Baş katib əminliklə ifadə edib ki, Türkiyənin sədrliyi dövründə hədəflərə çatmaq üçün fəaliyyət istiqamətləri daha da genişlənəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev qeyd edib ki, bölgə üçün olduqca böyük layihələrin həyata keçirilməsinə baxmayaraq, inkişaf və tərəqqi üçün mane olan təhlükəli məsələlər var. Münaqişələr, qaçqın və məcburi köçkün problemləri əməkdaşlıq üçün başlıca problemə çevrilib. Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var, Türkiyə üç milyon qaçqına sığınacaq verib, hökumətlər onların gündəlik xərcini qarşılayır. Dünya ictimaiyyəti bunları görmürmü? Müasir dünyanın sürətlə dəyişdiyini və yeniləndiyini qeyd edən Asəf Hacıyev bildirib ki, kənar təsirlərə davam gətirməyin yolu yüksək elm və təhsildən keçir. Bu mənada elm və təhsil sahəsində əlaqələrin genişlənməsi birgə əməkdaşlığın əsasıdır.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışan qurumun baş katibinin müavini Firat Purtaş diqqətə çatdırıb ki, TÜRKSOY ortaq dil, mədəniyyət, tarixi mirasların qorunması və inkişafı baxımından böyük uğurlar qazanıb. Bu baxımdan təşkilatın həyata keçirdiyi ən mühüm strategiyalardan biri “Türk dünyası mədəniyyət paytaxtı” layihəsidir. Astanadan başlanan bu proses çərçivəsində hazırda Türkiyənin Kastamonu şəhəri dünyaya tanıdılır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin təsdiq üçün üzv ölkələrin parlamentlərinə göndərildiyini diqqətə çatdıran qurumun prezidenti Günay Əfəndiyeva bu prosesin sürətləndirilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Fond türkdilli xalqların mədəniyyəti və mirası məsələləri ilə bağlı problemləri zamanında ortaya çıxararaq, onların səbəblərini müəyyən edərək problemləri aradan qaldırmağı qarşısına məqsəd qoyub. Türk dünyasına sahib olduğu mədəni irsi araşdırmaq, onları dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başlıca məqsədidir. Azərbaycan Milli Məclisinin TÜRKPA-nın inkişafına böyük töhfələr verdiyini diqqətə çatdıran Günay Əfəndiyeva təbriklərini çatdıraraq, bu il Azərbaycan parlamentinin 100 illiyi qeyd edildiyi kimi, 90 il sonra da TÜRKPA-nın 100 illiyinin qeyd olunmasını arzulayıb.

İslam Əməkdaşlıq Təşkilatının, Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin, Türk Dünyası Mühəndislər və Memarlar İctimai Birliyinin, Dünya Türk Gəncləri Birliyinin nümayəndələri də yubiley təbriklərini çatdıraraq TÜRKPA ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini vurğulayıblar.

Çıxışlarda Türkdilli Ölkələrin Parlament Assambleyasının ötən dövrdəki fəaliyyəti yüksək qiymətləndirilib.

Plenar iclasda təşkilati məsələlərə də baxılıb.

Sonra TÜRKPA-nın komissiyalarının hesabatları, o cümlədən Türkdilli Ölkələrin Parlament Assambleyasının ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qurumun sosial, mədəni və humanitar komissiyasının sədr müavini Sevinc Hüseynovanın hesabatları dinlənilib və qəbul olunub.

Qərara alınıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu plenar iclası 2019-cu ilin sentyabrında Azərbaycanda keçirilsin.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov birgə mətbuat konfransı keçiriblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis olunan TÜRKPA-nın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladan parlament sədrləri təşkilatın qarşıya qoyduğu məqsədlərə doğru əzmlə irəlilədiyini söyləyiblər. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Bakıda TÜRKPA üçün hərtərəfli şəraitin yaradılması təşkilatın səmərəli fəaliyyətinə böyük təsir göstərir. Vurğulanıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının sırasının genişlənməsi bütün üzvlərin arzu və maraqlarını əks etdirir. Əminliklə bildirib ki, gələcəkdə Özbəkistan və Türkmənistan TÜRKPA və türkdilli ölkələrin və xalqların birliyi naminə çalışan digər təşkilatlarda üzv kimi təmsil olunacaqlar.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed