Şrift:
Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilib
24.11.2018 [11:01] - Gündəm, İslam dini
Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi Həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İnsanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.

İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilib. “İslam dininin banisi Həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü bizim böyük bayramımızdır”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.

Noyabrın 23-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adından ehsan verilib. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə sülh, inkişaf və tərəqqi arzulanıb.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed