Şrift:
Milanda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib
23.07.2012 [16:10] - Diaspor
İyulun 22-də Azərbaycanın İtaliyadakı səfirliyi, Milan şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Assosiasiyası və Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə ötən əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G. Şaroyev adına 35 saylı Musiqi Məktəbinin şagirdi və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki Musiqi Məktəbinin fortepiano şöbəsində təhsil alan gənc vokal ifaçımız Emin Eminzadə də iştirak edib. O, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıxov, “Azəri” Azərbaycan Assosiasiyasının sədri Mayis Nuriyev, Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının professoru, Vladimir Delman adına Xorun bədii rəhbəri David Qualteri və konservatoriyanın rektoru tərəfindən tədbirə dəvət edilib.

Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında keçirilən tədbirin əsas məqsədi Xocalı faciəsini musiqinin, rəqsin dili ilə italyan tamaşaçılara çatdırmaq olub. Tədbirdə Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının müəllim-tələbə heyəti, Azərbaycan diasporunun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konsertin ədəbi-bədii rəhbəri də Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının professoru, Vladimir Delman adına Xorun bədii rəhbəri David Qualteri olub. O, italyan dilinə tərcümə etdirdiyi Azərbaycan şairi Məmməd Arazın şeirlərinə bəstələdiyi mahnıları konsert proqramında ifa edib.

Vladimir Delman adına xorun kollektivinin də əsas kompozisiyası Məmməd Arazın şeirlərinə bəstələnmiş mahnılar olub. Bundan əlavə, David Qualteri Xocalı faciəsi ilə bağlı özünün yazdığı şeirləri səsləndirib. Bundan sonra qara libasa bürünmüş italyan rəqqaslar səssiz rəqsləri ilə Xocalı faciəsini yerli tamaşıçılara nümayiş etdiriblər və özlərini yerə ataraq ermənilərin 1992-ci ildə yaşlı, qadın, uşaq demədən törətdiyi soyqırımı bir daha gözlər önünə səriblər. Daha sonra gənc vokal ifaçımız Emin Eminzadə italyan konsertmeysterin müşayiəti ilə görkəmli müğənnimiz, bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib. Sonda “Azəri” Azərbaycan Assosiasiyasının sədri və gözəl rəqqas olan Mayis Nuriyevin dərs verdiyi italyanlardan ibarət rəqs qrupu Azərbaycan milli geyimində gözəl bir rəqslə tədbirə yekun vurublar.
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed