Şrift:
Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına dair müzakirələr aparılıb
26.11.2018 [09:58] - Gündəm, Hüquq
Noyabrın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin icra etdiyi “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” layihəsinin yekununa dair müzakirələr aparılıb.

İctimai Birliyin sədri Ayaz Məmmədov layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi 1988-1989-cu illərdə Ermənistan rəhbərliyinin və onun himayə etdiyi erməni quldur dəstələrinin azərbaycanlıları tarixi dədə-baba yurdlarından deportasiya etməsi nəticəsində soydaşlarımıza işgəncə verilməsi, əmlaklarının qanunsuz ələ keçirilməsi, onların pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkil olunmasıdır. Elmi-tədqiqat işləri və arxiv sənədləri əsasında müəyyənləşdirilib ki, azərbaycanlıların deportasiyası dövründə fiziki, mənəvi, maddi zərərə uğrayan soydaşlarımızın bir çoxları həyətyanı torpaqlarını, mülklərini və evlərini məcburi şəkildə tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir. Ümumilikdə isə qaçqınlarımıza dəyən maddi ziyanın məbləği 20 milyard ABŞ dollarından çoxdur.

Bildirilib ki, Avropa Şurasının üzvü olan Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara yetirilən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini təcavüzkar dövlətin üzərinə qoymaq üçün mülkiyyət hüququnu təsdiq edən material və sənədlər İctimai Birlik tərəfindən araşdırılır, dəymiş ziyan hesablanır. İndiyədək 118 nəfərin müraciəti tamamlanaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib. Beləliklə, ermənilərin deportasiya etdikləri azərbaycanlıların əmlaklarını qanunsuz ələ keçirmələri faktları bir daha Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Sonra layihə müddətində görülmüş işlərlə bağlı videoçarx göstərilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov layihənin siyasi və hüquqi əhəmiyyətindən danışaraq bildirilib ki, vaxtilə 250 mindən çox soydaşımız Ermənistandan qovularaq və deportasiya edilərək Azərbaycana gəlib. Onların pozulmuş hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə daha çox qaçqın vətəndaşımız müraciət etməlidir. O, Avropa Məhkəməsinin soydaşlarımızın hüquqlarının bərpası istiqamətində lazımi addımlar atacağına əminliyini bildirib.

Tədbirdə digər çıxış edənlər də işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, qaçqın və məcburi köçkün vətəndaşlarımızın doğma yurdlarına qayıdacaqlarına və onların pozulmuş hüquqlarının bərpasına nail olacaqlarına inamlarını bildiriblər.

Sonra İctimai Birliyin hüquqşünasların VI yay təcrübə proqramının qalibləri təltif ediliblər.

Diqqətə çatdırılıb ki, proqramın məqsədi hüquqşünas tələbələrin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Hüquq təhsili alan tələbələr proqram çərçivəsində müxtəlif təşkilatlarda, hüquq şirkətlərində və məhkəmələrdə təcrübə keçiblər.

Sonda təcrübə proqramında iştirak etmiş hüquqşünas tələbələrə sertifikatlar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed