Şrift:
Bakıda “Readmissiya və qayıdışa dəstək” mövzusunda beynəlxalq seminar keçirilir
24.07.2012 [11:25] - Gündəm, Bildiriş
İyulun 24-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü, Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə Miqrasiya Sahəsində Avropa İttifaqı Ekspertizası (MİEUX) proqramı çərçivəsində “Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar keçirilir.
Seminar miqrasiya siyasətinin inkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan üzrə əlaqələndiricisi Oleq Kiritsa və Macarıstandan olan beynəlxalq ekspert Vida Qabor tərəfindən aparılır.
Seminarda bildirilmişdir ki, iki ildən artıq davam edən MİEUX proqramı müxtəlif mövzuları – qloballaşan dünyanın ən aktual problemləri olan miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişmələri, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanma mərkəzlərinin fəaliyyəti və digər mövzuları əhatə edir. Proqram çərçivəsində miqrasiya orqanları əməkdaşlarının Avropa İttifaqı ölkələrinə təlim səfərləri, təcrübə mübadiləsi təşkil olunmuşdur.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin və digər beynəlxalq təşkilatların əməkdaşları iştirak edirlər.
Seminar 3 gün davam edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed