Şrift:
Özbəkistanın Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan diasporu da iştirak edib
08.12.2018 [09:30] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində ölkə Konstitusiyasının 26-cı ildönümü ilə bağlı mərasim keçirilib.

Tədbirdə milli mədəniyyət mərkəzlərinin rəhbərləri və aktiv üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

Komitənin sədri Rustam Kurbanov bu münasibətlə qonaqları təbrik edib, Özbəkistan Konstitusiyasının ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərmək üçün geniş imkanlar açdığını qeyd edib.

Tədbirdə Daşkənddəki Dünya iqtisadiyyatı və Diplomatiya Universitetinin tələbələri ingilis, fransız, ərəb, tacik, türkmən, rus və digər dillərdə Konstitusiya mövzusunda çıxış ediblər. Universitetin tələbəsi, soydaşımız Esmira Saudqasova isə öz çıxışını alman dilində təqdim edib.

Təqdim olunan konsert proqramında müxtəlif xalqların mahnı və rəqsləri təqdim edilib. Ölkədə tanınan müğənni Yusif Əliyev özbək dilində öz bəstələdiyi “Bu makon Uzbekistondir” mahnısını oxuyub. Mahnının sözləri Sırdıryada yaşayan azərbaycanlı şair, Özbəkistanın “Dostluq” ordeninə layiq görülən Əli Nəsirliyə məxsusdur.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed