Şrift:
Yeni milli film “TARİX DƏRSİ” (VİDEO)
17.12.2018 [09:46] - Gündəm, Afişa, DAVAMın yazıları
“Filmdə baş verən hadisələr və milli ruhlu adamların fədakar davranışları, eləcə də mənfur düşmənin başımıza gətirdiyi bəlalar millətimizə böyük bir tarix dərsdir.” – Yeni milli film “TARİX DƏRSİ”-nin ssenari müəllifi və rejissoru Elşən İsmayıl ilə müsahibə

Hal-hazırda çəkilişləri davam edən, yaxın zamanlarda təqdim olunması planlaşdırılan, yeni milli, ideoloji, vətənpərvər film olan “TARİX DƏRSİ” filminin ilk xəbəri yayıldığı zamandan filmsevərlərin böyük marağına səbəb olmuşdur. İzləyicilər filmin tanıtım fraqmentini çox bəyənmiş, artıq sosial şəbəkələrdə filmin ciddi müzakirəsi başlamışdır. İndi isə sizlərə filmin ideya müəllifi, ssenaristi və quruluşçu rejissoru Elşən İsmayılla olan müsahibəmizi təqdim edirik:

- Filmin ideyası ağlınıza haradan və necə gəldi?

- Bu yaxınlarda 1988-92 hadisələri haqqında bir neçə sənədli video-material izləmiş və məqalə oxumuşdum. Bir qədər düşündükdən sonra qərara gəldim ki, bu ciddi mövzu haqqında öz bədii yanaşmamı qeyd edərsəm, pis olmaz. Ona görə qısa zaman ərzində ssenarisini hazırladığım filmi çəkmək qərarına gəldim.

- Filmin ssenarisində həqiqət və uydurma necə nizamlanır?

- Filmin mövzusu və süjet xətti 1988 Milli Xalq Hərəkatı və o zaman baş verən bir sıra siyasi proseslərdir. Mən bu filmdə o zamanki Bakı Meydan Hərəkatından daha çox rayonlarımızda, yəni “arxa cəbhədə” baş verən siyasi-ictimai hadisələri bədii təzahürlə təsvir etməyə çalışmışam. Filmin obrazları, baş verən hadisələr və obrazlar arası dialoqlar uydurma olsa da, əsas mahiyyət və siyasi prizma bundan öncəki filmlərimdə olduğu kimi, yenə də “Azərbaycançılıq”, “Turançılıq” və “Dövlətçilik” həqiqətləridir. Filmdə milli təbliğat və gənclərimizin milli ruhda yetişdirilməsi məqsədi əsasdır.

- Filmin baş qəhrəmanları həyatdakı hansısa tarixi və ya siyasi xadimin prototipidirmi, ya ona yaxın bir obrazdırmı? (adətən belə motivli filmlərdə bu kimi hallara geniş şəkildə rast gəlinir)

- Əlbəttə ki, (gülümsəyir) hər milli-siyasi filmdə belə hallar olur. Ancaq bu filmdə konkret bir tarixi və ya siyasi xarakterin obrazı yaradılmamışdır. Daha çox ümumiləşdirilmiş obrazlar var, desək yanılmarıq. Çünki bu filmin ideyası və iddiası şəxslərdən üstündür. Burada hansısa şəxsiyyətin deyil də, böyük bir toplumun – qəhrəman Türk millətinin ümumi obrazı (obrazları) var. Bu film Türk millətçiliyi özəyində olub Bütövlük, Ümummilli birlik xarakteri daşımaqdadır.

- Filmin adının mənası və yaranma prosesi?

- “TARİX DƏRSİ” öncəliklə böyük bir toplumun, vahid Türk millətinin keşməkeşli, əzablı tarixi yolunun təsviridir. Baş rolun adı olan “Azər” burada həm Türk adının sinonimi, həm də zəngin tarixə və ideoloji sistemə malik olan biz – Azərbaycan Türklərinin göstəricisi olaraq verilmişdir. Filmdə baş verən hadisələr və milli ruhlu adamların fədakar davranışları, eləcə də mənfur düşmənin başımıza gətirdiyi bəlalar millətimizə böyük bir tarix dərsdir. Məhz bu kimi yanaşma mənə filmin adının müəyyən olunmasında yardımçı olmuşdur.

- Gənc yazar və rejissor olaraq bu kimi layihələrə meyl etmə məqsədiniz və arzunuz?

- Mənim böyük bir iddiam və arzum var. Ulu Tanrının və dostlarımın köməyilə yaxın gələcəkdə o istəyimi gerçəkləşdirəcəyəm. O da Azərbaycan kino tarixinə “milli-ideoloji filmlər yaradıcısı” kimi düşməkdir. Çünki kino tariximiz yarandan bəri bu sahədə sistemli şəkildə işləyən olmamışdır. Xüsusən də dövlətçiliyimizi, vətənpərvərliyimizi və millətçiliyimizi qabardan, bu işi tamamən təmənnasız görən kimsəni tanımamışam və hələ də elə bir insan qarşıma çıxmamışdır. Gələcəkdə olarsa, Tanrının köməyilə onunla birlikdə işləmək də istərəm.

Mənim nəinki bir yazar və rejissor olaraq, elə sadəcə bir insan kimi də həyat qayəm budur: milli kimliyimiz, vətənimizin bütövlüyü və milli ideyalarımız, arzularımız uğrunda daim əlimdən gələni etmək...

Filmin tanıtım fraqmenti:




Müsahibəni apardı: Tural Turan

Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed