Şrift:
İlin əvvəlindən 162 min ton keyfiyyətsiz ərzaq məhsullar satışdan çıxarılaraq məhv edilib
21.10.2011 [16:48] - İqtisadiyyat
Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Lənkəranda «İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər» mövzusunda konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Lənkəran Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev hazırda ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu və əhalinin sosial rifahının daha da yüksəldiyini vurğulayıb və qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meylləri öz növbəsində istehlakçıların hüquqlarının qorunması sahəsində səylərin artırılmasını, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlar və istehlakçılar arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsini tələb edir.

V.Quliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıb və qeyd edib ki, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 30 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

«Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında həyata keçirdiyi dövlət nəzarəti tədbirlərindən biri də yoxlama-monitorinqlərdir. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 161,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 919,4 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 210,8 min manat maliyyə sanksiyası tətbiq olunub. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdır. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidir», - deyə V.Quliyev bildirib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli?», «Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın» mövzularında məruzələrlə çıxış edib.
Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed