Şrift:
Mənsurə Qaçayqızı: SONDA BU
27.07.2012 [14:26] - Gündəm, DAVAMın yazıları
mənSurə Qaçayqızı
SONDA BU


Tində dayanaraq gözlərinin marketin qapısına zilləmişdilər. Əvvəl buralarda görməmişdim onları. Qadın utancaq, bir az da məsum görkəmi ilə diqqəti çəkirdi. 8-9 yaşlarında iki oğlan uşağı yanında dayanmışdı. Övladları olduğu ilk baxışdan hiss olunurdu. Uşaqların sıxıldıqları, adamların baxışlarından çəkindikləri duruşlarından bəlli idi. Bir ayaqlarını azca qaldırıb divara söykəmişdilər. Kimsə onlara yaxınlaşan zaman yerə dikdikləri başlarını qaldırıb analarına və sonra analarınının ovcuna pul qoyaraq uzaqlaşan adamların arxasınca baxırdılar. Bu mənzərəni seyr edə-edə onlara yaxınlaşdım. Hiss edirdim ki, ürəyim sızıldayır, nəsə ürəyimdə ağırlıq var, incidir. Nə anada, nə də övladlarında dilənçi görkəmi yox idi. Uşaqlar məktəbli formasında idilər. Gələcəyin əsgərləri, gələcəyin ataları...
- Allah xatirinə, xanım...
Qarşıma ana əlləri uzandı, oğul yanında. O an uşaqların gözləri ilə gözlərim qarşılaşdı və bəlkə də bütün ömrüm boyu unuda bilməyəcəyim baxışları gördüm o gözlərdə. Əllərim cibimə uzandı. Sonuncu pulumu qadının ovcuna qoyaraq uzaqlaşdım. Kiçik şirniyyat qutusu ağırlıq edirdi əllərimə, qollarım ağrıyırdı, çiyinlərim əyilmişdi bu ağırlıqdan.
Bakı milyonçusu H.Zeynalabdin Tağıyev haqqında nə vaxtsa oxuduğum bir yazı yadıma düşdü, yol boyu rahat buraxmadı məni. Deyəsən o yazını oxuyanda elə mən özüm də məktəbli idim. H.Z.Tağıyev Bakı küçələrinin birində ona əl açan uşağın qulağının dibinə bir sillə çəkir və deyir: - Sabah gələrsən kantora.
Səhəri günü Hacı kantora gələrkən həmin uşağı qapının ağzında onu gözlədiyini görür və onu işlə təmin edir.
Hardan yadıma düşdü bu yazı?! Düzdü, Hacı kimi imkanım olmasa da vicdanım məni rahat buraxmadı. Axı o dilənçiyə oxşamırdı, axı onların gözləri başqa şey deyirdi, ən azından onlarla söhbət edə bilərdim, dərdini öyrənə bilərdim, bir yol göstərə bilərdim, bəlkə də qolundan tutub onu harasa apara, bir işlə təmin olunmasına yardımçı ola bilərdim. Niyə laqeyd oldum? Bir vətəndaş olaraq, insan olaraq... Axı niyə, niyə, niyə etmədim bunu?
Geri qayıtdım. Orda yox idilər...
Gözlərim çox axtardı onları Bakının küçələrində. Harda dilənçi gördümsə onları düşündüm, harda bəstəboy, uşaqla dilənən qadın gördümsə üzünə baxdım. Düz bir ildən sonra...
Tədbirdən çıxmışdıq. Çoxluca Vətən şeirləri söylənmişdi poeziya məclisində. Vətəndən danışmışdıq, Vətənin dərdindən- sərindən, ağrılarından, acılarından. Ürəyimiz o qədər dolu idi ki, ayrıla bilmirdik. Yığışdığımız məkanın qarşısında şair dostlarla söhbət edirdik. Birdən onları gördüm... Yanımdan ötdülər, yanlarında bir kişi də vardı. Uşaqlardan birinin əlindən qadın, o birinin əlindən kişi tutmuşdu.
- İndi gəlirəm deyə, tez dostlarımdan ayrıldım. Təsadüfi qarşılarına çıxacaqmışam kimi, yolu başqa istiqamətdən fırlandım. Məqsədim onları bir az müşahidə etmək idi. Yenədəmi dilənirlər, yoxsa... Onların fikrini atmaq istəyirdim başımdan ...
Qarşılaşdıq... Faciə... Rastlaşdığım mənzərə daha da ürəkağrıdıcı idi. Bu dəfə dəstəyə “kişi” başçılıq edirdi. Ataları olduğu hiss olunurdu. Uşaqların uşaqlığından, qadının qadınlığından əsər-əlamət qalmamışdı. Həmin o utancaq, məsum qadının yerinə üzünü həyat bozartmış, sərt simalı bir qadın baxırdı mənə. Uşaqlar rollarını əzbərləmiş aktyorlar kimi əllərini mənə uzatdılar. “Kişi” üzümə elə baxırdı ki, elə bil quldur dəstəsi ilə qarşılaşmışdım və indicə məni soyacaqdılar. Qeyri-ixtiyari əllərim cibimə uzandı. Bir söz belə söyləmədən xırda pulu çıxarıb uşaqlardan birinə uzatdım. Götürmədi. Bu zaman “kişi” kobudcasına narazılığını bildirdi:
- Xanım, bir manat verin.
Hələ də təəccüb içində idim. Heyrətlə onlara baxırdım. Gözlərim dolmuşdu. Deyəsən nəsə hiss etdilər. Uşaqların əlindən tutaraq, uzaqlaşdılar...
Barmaqlarımın arasından düşən xırda pulun səsi səksəndirdi məni...
Bu xəbər oxucular tərəfindən 1803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed