Şrift:
Dekabrda respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb
11.01.2019 [10:22] - Hadisə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası dekabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 20-si Bakıda, 3-ü isə Abşeron rayonunda baş verib.

Bu barədə ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda, o cümlədən torpaq qatındakı mövcud çatlarda genişlənmələr qeydə alınmayıb. Lakin ərazidə gərgin vəziyyət saxlanılmaqdadır. Rayonun Buxta küçəsi sahəsində quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Bundan əlavə, Binəqədi rayonunda, Birinci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə edilib.

Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed