Şrift:
Xəzər dənizində yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək
18.01.2019 [09:46] - Xəbərlər, Hadisə, Bildiriş
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-15 dərəcə enib. Yanvarın 16-da ölkə ərazisində mülayim və anomal hava şəraiti qeydə alındı. Ona görə də havanın kəskin dəyişməsi bəzi insanlar üçün gözlənilməz idi. Bütün hidrometeoroloji stansiyalardan hava şəraiti ilə əlaqədar alınan məlumatlar təhlil olunur. Bakıda və Abşeron yarımadasında ən kəskin külək axşam saatlarında qeydə alınıb. Küləyin sürəti saniyədə 40 metrə çatıb, bəzi yerlərdə isə daha şiddətli olub. Xəzər dənizi akvatoriyasında dalğanın hündürlüyü 6-9 metr arasında tərəddüd edib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Xəzər dənizi akvatoriyasında ifrat təhlükəli hidrometeoroloji hadisə müşayiət olunub. Yanvarın 18-də gündüz saatlarından başlayaraq küləyin mülayimləşməsi proqnozlaşdırılır. Xəzər dənizində yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirilən brifinqdə deyib.

O, həmçinin bildirib: “Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında axşama doğru 2, bəzi ərazilərdə isə 0 dərəcəyə yaxınlaşıb. Respublikanın dağlıq rayonlarında 9-11, bəzi ərazilərdə 14 dərəcəyədək şaxta müşahidə olunur. Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın temperaturu daha da enəcək. Ayın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Havanın hərarəti iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək”.

Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov hazırda müşahidə olunan kəskin hava şəraitindən danışaraq Bakıda və Abşeron yarımadasında sulu qar, əksər rayonlarda qar yağdığını deyib.

Xəzər dənizində güclü külək və dalğa haqqında məlumat verən direktor müavini ifrat təhlükəli hadisələrin Xəzər dənizi üçün xarakterik olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed