Şrift:
Diz çökmədən şəhid olan əsgər...
30.07.2012 [12:18] - DAVAMın yazıları
Teymur Zahidoğlu

Ağdamın işğalı ilə bağlı reportaj hazırlamaq üçün keçmiş döyüşçülərdən bir neçəsi ilə söhbətləşirdim. Gəncliyini polis sıralarında səngərdə keçirmiş Asif Məmmədovun danışdığı bir döyüş epizodunu dəyərli oxucularımızla bölüşməyi özümə şərəf bildim...



Ağdam istiqamətində gedən döyüşlərdən birində 9 nəfər Azərbaycan əsgəri ermənilər tərəfindən mühasirəyə alınır. Mövqelərini qoruyan döyüşçülərimiz ləyaqətlə döyüşür və şəhid olurlar. Onlardan səkkiz nəfəri bir yerdə həlak olur. Bir nəfəri isə qoruduqları təpənin ən yüksək nöqtəsində həyatla vidalaşır. Amma həmin əsgər əlindəki pulemyotu torpağa söykəyərək, dünyaya ayaq üstə yumur gözlərini. Qarşı tərəfdə isə 60-a yaxın düşmən əsgərinin meyiti və yaralısı qalır.



Kömək gələnə qədər sinəsindən çoxlu güllə yarası almasına baxmayaraq, postu düşmənə vermir. Hücuma keçən düşmənin sonuncu əsgərinə qədər məhv edir. Öldüyünü hiss edincə, hətta ermənilərin meyiti qarşısında da yıxılmır. Saatlarla atıldığından pulemyotun köz kimi qızaran lüləsi onun qolunu yandırıb sümüyünə qədər işləsə də, həmin əsgər silahını əlindən atmır. Əksinə, silaha söykənərək yıxılmadan ölür.


Köməyə yetişən hərbçilərimiz qarşılarında canlanan bu mənzərədən donub qalırlar. Qeyri-bərabər döyüşdə tərəflərdən heç kim sağ qalmamışdı döyüş meydanında.


Həmin əsgərin üstündən heç bir sənəd, onun şəxsiyyətini müəyyən edən heç bir əşya tapılmır. Naməlum əsgər kimi dəfn olunur. Təəssüflər ki, onun dəfn olunduğu torpaq indi də işğaldadır. Diz çökmədən şəhid olan Vətən oğullarının qəbrini tapdayan düşməni diz çökdürməyin vaxtıdır.


Amma bu yola “lazım olarsa”sız başlamaq lazımdır...
Bu xəbər oxucular tərəfindən 1725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed