Şrift:
Şirinxanım Kərimbəyli Şadiman:- BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU
30.07.2012 [13:07] - Türk dünyası-Turan, DAVAMın yazıları
Çox düşündüm izzətli, hörmətli, sevgili Təbrizim açıq məktubumu sənə yetirim, ya yox? Belə qərara gəldim ki, yetirsəm yaxşıdır. Məktubdan qopan harayım qulağına yetişəndə bəlkə sənə hökmranlıq edən güc adamları da insafa gələ və bizim, həm də sənin də əzizin olan iki gənc şairimizi Fəridimizi və Şəhriyarımızı bizə qaytaralar. Axı İslami dəyərlərlə oturub-duran başbilənlər gənc balalarımıza qıyıb onları zindan küncünə atmamalıdırlar. Vallah mən Bakı sən Təbrizə ərz edirəm ki, bu gənclərin heç bir günahı-zadı yoxdur. Bu günah deyilən şeyi sənin molla ağaların özlərindən uydurublar, necə deyərlər icad ediblər. Onlara deyinən ki a …icad etməyə başqa bir mətləb yoxmu?! Elə götürüb qurumaq təhlükəsi ilə üzbəüz qalmış Urmu gölünün dərdinə bir çarə icad etsinlər də… Necə deyərlər qəfildən xofa düşüblər. Axı bu gənclər şeir, sənət işığına getmişdilər sənin bizə doğma və əziz olan şəhərinə. Bəs nədən bu balaları İran molla rejimin dəmir barmaqlaqlar arasına saldı? Gənclik gələcək deməkdir, yaradıcılıq deməkdir, həyat eşqi deməkdir. Bəs bu həyat eşqini iki gənc şairimizin ürəyində dərdə çevirən İran hakimiyyəti Allahın qəzəbindən qorxmurmu? Axı Güney Azərbaycan mənim qoynumda yaşayanların da Vətəni sayılır. İnsan öz Vətəninə niyə gedə bilməsin? Eşitdiyimə görə sizə getməkçin indiki dillə desək, heç viza rejimi də yoxdu. Bəs nə vaxta qədər yalançı qadağalar, boğazdan yuxarı Allah sevgisi dünyada ayaq tutub yeriyəcək?…
Təbrizim, adam da öz Vətəninə icazə ilə gedər?! Bilirəm e sən də irtica qüvvələrin təzyiqi altında əzilirsən, amma nə edim, dərdimi sənə açıq məktub şəkilində çatdırmağı qərara aldım. Səhərdən axşama qədər minbərlərdə «Allahu-Əkbər» deyən İran mollaları iki yaradıcı gənci getdiyi yerə niyə peşman edib? Əziz Təbrizim, axı qonağı belə qarşılayıb, belə yola salmazlar. Bilirəm ey, indi durub deyəcəksən ki, mənim nə günahım, bunu iki ayaqlı bəndələr ediblər. Əziz və müqəddəs Təbrizim, sən o baş bilənlərinizə mənim dilimdən ərz elə ki, müqəddəs Ramazan günlərində Fəridimizi və Şəhriyarımızı qaytarsın bizə…Mən Bakı o qədər qonaqlar qəbul edib yola salıram ki, vallah, billah heçcə birin də tutub saxlamıram. Əziz Təbrizim, istəkli qardaşım, sən o mollalara deyinən ki, müqəddəs Quranımızda şairlər haqqında ayə var, o ayəyə and verirəm sizin padişahınıza ki, Şəhriyarımızı və Fəridimizi qaytarsın özümüzə! Həmin ayədə bəhs olunur ki, sevgili Allah şairlərə ilham verib, məhz o ilhamın işığından vəcdə gəlib şairlər yazırlar. Onlar gəncdilər, böyük istəklə, arzuyla sənin qoynuna təşrif buyurmuşdular. Öz istedadlarını sənin müqəddəs torpağında istəkli söz adamlarınla bölüşsünlər, amma sənin ağayi-mollaların heç ipə-sapa yatmırlar ki, yatmırlar. Vallah Təbriz, o cavanların təhsili yarımçıq qalıb, dəftərdən, kitabdan, evdən-eşikdən uzaq düşüblər. Mən Bakı elə bilirdim ki, bizim bir kəs düşmənimiz var, o da gəmidə oturub gəmiçiylə dalaşan ermənilərdi. Amma, qardaş, deyəsən sənin molla hakimiyyətin çalışır ki, məni də səninlə düşmən etsin. Daha düşünmür ki, heç qardaşdan qardaşa düşmən olar? Heç əti də sümükdən ayırmaq olar? Əlqərəz, əziz Təbriz, and olsun mənim damarlarımdan axan neftə ki, məndən sənə düşmən olmaz. Bizim hər ikimizin bir düşməni var o da özünə yalandan erməni adı qoyan, bizlərin erməni çağırdığı haylardır. Biz hər ikimiz o azğın düşmənə qarşı mübarizə aparmalıyıq. Elə sənə hakimlik edən farslar da müsəlman qardaşlar deyilmi? Bəs o mollalar bilmirmi müqəddəs Quranımızda yazılıb ki, müsəlman müsəlmanın qardaşıdır??? Vallah Təbriz, heç orda məzhəblərdən də söhbət getmir. Əksinə dini firqələrə parçalayanlar cəhənnəmlə hədələnir. Mən Bakı, sən Təbriz qardaşımdan xahiş edirəm, molla ağaların hüzuruna yetir ki, müqəddəs Ramazan günlərində nə inciklikləri var tamamən unutsunlar. Barışıq şərbətini bir nəfəsə başlarına çəkib zindanda günahsızcasına günü-günə calayan gənc şairlərimiz Fərid və Şəhriyarı buraxsınlar bu taya… Mən Bakı sənə deyirəm ki, bu həm gözəl Allahımıza, həm də ürəyində insanlıq eşqi olan hər bir bəndəyə xoş gələr…Xoşca qal, əziz Təbrizim, bu mən qardaşın sən qardaşa kiçikcik naməsi idi. Rica edirəm bu diləkçəmi öz başbilənlərinə yetir. Gecikdirmə a …Az qala yaddımdan çıxmışdı… Qoy balalarımın soy adını da tam yazım ki, məktub ora yetişəndə anlaşılmazlıq olmasın. Fərid Hüseyn və Şəhriyar Hacızadə…Sən bu məktubu Baş Mollanıza yetir a, bəlkə Ramazan günlərində savab qazanmaq istədi. Ən yaxşı savab bu uşaqların məhbəsdən azad olmasıdır. Əziz Təbrizim, deynən onlara savab qazanmağa gecikməsinlər. Çünki hər geçikmənin də düşər düşməzi olur…
29.07.2012
Şirinxanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 2219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed