Şrift:
Zəki Qazioğlu: “Kiprə investisiya qoymağın əsl vaxtıdır”
30.07.2012 [16:34] - Xəbərlər, Türk dünyası-Turan
“Azərbaycanın güclənməsi Qarabağın tezliklə azad olunması şansını artırır”

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə yerli KİV nümayəndələri ilə görüşüb. Z.Qazioğlu görüşdə jurnalistlərin suallarını cavablandırıb.

- Zəki bəy, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələri nə vəziyyətdədir?

- Şimali Kipr Türk Cümhuriyyəti Cümhuriyyət Məclisi sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə qarşı çıxan və Azərbaycanı hər zaman dəstəkləyən ilk addımı atıb. Bundan sonra Xocalıda siyasi və müharibə vəziyyətində hər zaman Azərbaycanın yanında olmuş, eyni acıları daha öncə biz də yaşadığımız üçün bunu ən yaxşı anlayan və daim azərbaycanlı qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik. Keçmişə nəzərən bu gün baxarkən, siyasi cəhətdən daha yaxın əlaqələr var. Həm rəsmi aləmdə, həm ictimai aləmdə, istənilən bir sahədə əlaqələrimiz mövcuddur. Bu əlaqələr ilbəil artmaqdadır. Mənim burda fəaliyyətə başladığım 2006-2007-ci illərdə bir il ərzində ölkələrimiz arasında 17 dəfə qarşılıqlı rəsmi görüşlər keçirilib. Daha çox təhsil sahəsində iş birliyimiz var. Universitetlərimiz arasında mübadilələr var. Demək istəyirəm ki, Azərbaycanla Şimali Kipr arasında 2007-ci ildə 17 rəsmi görüşlərimiz olubsa, bu ilin sonuna qədər bu say 50-dək yüksələcək. Bu, kənardan heç də özünü büruzə vermir. Hətta bizim ölkədə belə Azərbaycanla bu qədər sıx əlaqələrimizin olmasının fərqində deyillər. Halbuki Türkiyədən sonra Şimali Kiprin ən çox təmasda olduğu ölkə Azərbaycandır. Bizim burda həyata keçirmək istədiyimiz işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları bir-birləri ilə sıx əlaqəyə girsin. Biz doğru insanları doğru yerlərə istiqamətləndirib, onların biri-birlərini tapmasını, tanımasını və işbirliyi qurmasını təbliğ edirik. Çünki dövlətin bu işləri görməsi bir yerə qədərdir. Dövlətin işi çox olduğundan ayrı-ayrı sahələr üzrə işlər çox zəif gedir. Amma nə zaman ki özəl sektor bu işləri öz üzərinə götürür, o zaman işlər də sürətlənir. Bunun üçün biz üzərimizə düşən işləri görürük, amma özəl sektorun da çalışması, onların da daha çox iş görmələri və daha çox tələbkarlıqla bizdən istəmələri lazımdır ki, biz də onlara lazımı yolları göstərək.

- Hansı sahələrdə əlaqələrin inkişaf etdiyi daha çox özünü göstərir?

- Əlaqələrimiz arasında öz bəhrəsini verən daha çox təhsil sahəsidir. Turizm sahəsi də pis deyil. Keçən il bunun bir təcrübəsi də reallaşdı. Çarter relsləri açıldı və iki ayda burdan Kiprə 4 min turist getdi. Bu da onu göstərir ki, bu sahədə yaxşı bir potensial var. Bayaq dediyim kimi, bunu dövlət etməməməlidir, edə də bilməz. Bu, yalnız xüsusi şirkətlərin dövriyyəyə girərək qura biləcəyi bir işdir. Amma onların da hərəkətli olması lazımdır. Biz ada adamlarının mentaliteti, düşüncəsi böyük ölkələrə nisbətən bir az dəyişikdir. Biz çoxa ehtiyacımız olmamasını istəyən insanlarıq. Az olsun, bizim olsun. Bu səbəbdən də bizim iş adamlarının xaricə çıxması çox çətindir. Həm sərmayəçi olaraq da xaricə çıxacaq gücdə deyillər. Amma Azərbaycanda bu belə deyil. Burdan ora getməyin əsl vaxtıdır və Azərbaycan iş adamlarını həmişə olduğu kimi bu gün də Şimali Kiprə dəvət edirəm. Gedib görsünlər. Çünki orda turizm üçün çox zəngin bir sərmayə qoymaq imkanları var və bizim dövlət də bunu təşviq edir. Bunun üçün bəzi güzəştlər də var. Ona görə deyirəm ki, hal-hazırda Kiprə getməyin tam zamanıdır.

- Bəlkə ora sərmayə qoyulmamasına hazırkı siyasi vəziyyətin təsiri var!?

- Kipr türkləri üzərində olan embarqolar davamlı deyil. Əlbəttə ki, bütün bunlar tezliklə ortadan götürüləcək. Çünki orda günahsız insanlar insan haqlarından mərhum ediliblər. Bunu hələ ki Avropa görməməyə çalışır, amma hər bir vicdanı olan insan günahsız insanların orda təzyiqlər altında saxlanıldığını bilir. Bu təzyiqlər tezliklə ortadan qalxacaq və Avropadan çox böyük sərmayələr gələcək Şimali Kiprə. Və əlbəttə ki, Avropadan gələn şirkətlər bankların pullarıyla, kreditləriylə çox güclü şəkildə investisiya qoymağa çalışırlar. Bax, bu zaman Azərbaycandan iş adamları gələrsə, onlarla yarışma vəziyyətində qalacaq və qalib gəlmək şansı çox az olacaq. Halbuki indiki vaxtda bu rəqabət yoxdur və ora investisiya qoymağın əsl vaxtıdır.
- Cənab səfir, sizin də, bizim də bir problemimiz var. Bizdə Qarabağ münaqişəsi, sizdə Kipr məsələsi. Vaxt getdikcə isə bu problemlərin çözülməsi çətinləşir. Bilmək istərdik ki, sizdə necədir, Kipr məsələsinin həlli getdikcə çətinləşir, yoxsa yaxınlaşır?
- Problemin vaxtı nə qədər uzanarsa, həlli də bir o qədər çətinləşir. Nə qədər adam qarışarsa bir işin içinə, onların mənafeləri toqquşmağa başlayar və bu iş uzanıb gedər. Bu baxımdan Qarabağ məsələsində nə qədər adamın sağdan-soldan bu problemin həlli üçün çalışmasına baxmayaraq, bu münaqişənin həli də uzanacaq. Burda Azərbaycanın bir şansı var ki, o torpaqlar Azərbaycanın olduğu üçün onları geri qaytarmaq da sizin hüquqi haqqınızdır. Azərbaycanın, türk dünyasının getdikcə güclənməsi Qarabağın tezliklə azad olunması şansını artırır. Kipr məsələsində isə bir az daha qarışıqlıq var. Asan məsələ olsaydı, əlbəttə ki, bu günə kimi həll olunmuş olardı. Bu işin içində çox ölkənin mənfəətləri var. Bu baxımdan nə qədər haqlı olsaq belə, bu haqqımızı bizə vermək istəmirlər. Ecevitin zamanındakı cəsur hərəkətlə haqqımızın bir qismini aldıq və varlığımızı davam etdirə bilirik. Türkiyə o vaxt 5-10 gün belə gec müdaxilə etsəydi, bu məsələ dönüşü belə olmayan sonluqla tamamlanmış olacaqdı. Bu isə bir çoxlarının mənfəətinə yarayacaqdı. Amma Ecevitin zamanında verdiyi qərar və türk əsgərinin vaxtında müdaxiləsi ilə bu günədək bir sıra mərhələlər keçərək nəhayət, bir dövlət şəklini aldıq. Dünyanın hər yerində olduğu kimi Kiprdə də iqtisadi çətinliklər var. Amma əhali sayının az olması və düzgün tədbirlər nəticəsində, eyni zamanda, Türkiyənin köməyi ilə iqtisadi gücü artırmaq mümkündür. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan nə qədər güclənərsə, Kipr də o qədər rahat və güvənlikdə olar.

- Sizdə hökumətin mədəniyyətə qayğısı necədir?

- Bizdə teatr, sənətkarlar və bu tip şeylər Azərbaycandakı kimi inkişaf etmiş deyil. Azərbaycanda bu sahə dünyada ən öndə gedən sahələrdən biridir. Zaman-zaman bizdə hakimiyyətdə olanların bəziləri, xüsusən də 90-cı illərdəki hakimiyyət maddi imkanları sayəsində bu sahəni təbliğ etməyə çalışırdılar. Sərgilərə və digər mədəniyyət proqramlarına şərait yaradılırdı. Amma son zamanlar bunların sayı azalıb. Deyərdim ki, mədəniyyətə olan qayğı keçmişə görə indi azdır. Amma bu sahədə bələdiyyələrin işlərini qiymətləndirmək lazımdır. Bizdəki bələdiyyələr Azərbaycan bələdiyyələrindən çox güclüdür. Bələdiyyələrimizin mədəniyyət bölümləri, teatrları var. Və onlar festivallar, tədbirlər təşkil edirlər ki, bu da bizim mədəniyyət və incəsənətimizin qorunmasını yerinə yetirməklə bərabər, insanlarda bu sahəyə olan diqqətin artmasına səbəb olur.
- Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahandan kənar xarici universitetlərə qəbulla bağlı xəbərdarlıq edib. Eyni zamanda, sizdəki tibb təhsili müddəti ilə Azərbaycandakı tibb təhsili müddətində fərqlər var. Bunun da problemlər yaratması ilə bağlı söz-söhbətlər oldu. Bu əngəllər var deyə bəzən azərbaycanlı gənclərin ora tələbə kimi getməsinə maneələr yaradılır, onları yoldan çəkindirirlər.
- Mən Azərbaycana gəldiyim zaman Kiprdə 65 azərbaycanlı tələbə var idi. Bir il sonra bu say 97-yə çatdı. Sonra isə 117, 127, 412 oldu. 2011-ci ildə 950 oldu. Oktyabrda olacaq qəbulda isə bu sayın 1500-ə çatacağını hesab edirəm. Bu, böyük bir rəqəmdir. Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə, Kiprdə olan 1500 çox böyük rəqəmdir. Kiprdə oxuyan xarici tələbələr içərisində ilk sırada Nigeriya və İrandır. Azərbaycan 6-cı sırada idi, amma indi 3-cü sıradadır. Mən hesab edirəm ki, növbəti illərdə Azərbaycan bu istiqamətdə birinci yerə keçəcək. Bizdəki universitetlərin tələbə sayı planına görə 60 min olması halda 45 mindir. Qarşımızdakı hədəf bu sayı lazım olan səviyyəyə yüksəltməkdir. Bu 60 min tələbənin 5 mini mütləq Azərbaycandan olmalıdır. Buna görə də Kiprdə universitetlərin sayı artmaqdadır. Hal-hazırda bizdə 5 universitet var ki, onlardan 2-si dövlət, 3-ü isə özəldir. Kiprdəki tək tibb fakültəsi də Yaxın Doğu Universitetindədir. Tibb fakültəsinin olması üçün xəstəxana olmalıydı. Belə bir xəstəxana isə Kiprin şərtləri və imkanları üçün həddindən böyük idi. Amma çox müasir bir xəstəxana tikildi. Bununla da tibb fakültəsi öz işini özü qurur. Əsas məqsəd xəstəxananı yetərincə deposu olmayan Kipr şərtləri çərçivəsində qoruyub saxlamaqdır. Böyük sərmayə qoyulan bu xəstəxanaya Türkiyədəki ən yaxşı həkimlər cəlb olundu. Onlar da həm dərs verirlər, həm də xalqa xidmət edirlər. Müasir texnologiyalı bir təhsil ocağıdır. Azərbaycandan da orda tələbələr oxuyur, xüsusən də diş həkimliyi üzrə oxuyanların sayı daha çoxdur. Həm də qeyd edim ki, Kiprdəki bütün universitetlər YÖK (Yüksek Öyrətim Kurumu) deyə bir qurumdan keçir ki, burada verilən diplomları o tanımazsa, heç bir qiyməti yoxdur. YÖK-ün verdiyi diplomlar Türkiyədə qəbul olunduğu kimi, dünyanın digər ölkələrində də qəbul olunmasına heç bir mane yoxdur. Hətta bizdə bakalavr pilləsini bitirdikdən sonra növbəti pillələri başqa ölkələrdə oxuyanlar da var ki, bu da həmin diplomların tanınması deməkdir.

- Azərbaycanlı tələbələrə güzəştlər varmı?

- Azərbaycanlı tələbələrə 50 faiz güzəşt var. Kiprli tələbə nə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı tələbələr də eyni qiymətlə təhsil alırlar. Amma Türkiyədən gələn tələbələr bunun iki qatını ödəyirlər. Bəzi universitetlər bir illik təhsil haqqı, gündə üç dəfə yemək və yataqxana xərclərindən ibarət paket üsulu tətbiq edirlər. Bu isə Azərbaycan manatı ilə 5 min civarında olur.

- Kipr universitetlərinə qəbul necə aparılır?

- Qəbul üçün TQDK-nın qiymətləndirməsi ilə yüksək nəticə göstərənlər arasından da müraciət edənlər var. Bunun faydası ondan ibarətdir ki, universitetlər TQDK-nın imtahanında yüksək bal yığanlara 550-700 civarında təqaüdlər verirlər. Amma 400, 200 balla da, eyni zamanda attestatla da qəbul mümkündür. Onu da deyim ki, bu hələ tam qəbul demək deyil. Bizdə dərslər əsasən ingiliscə keçirildiyi üçün qəbul olunan tələbələrə əvvəlcə ingilis dili kursları keçirilir. Amma kurslara keçdikdən sonra oxumayan heç bir kəsə diplomlar verilmir. Bir-iki il oxumaq fürsəti verilir və bu zaman kəsiyində tələbə özünü doğrultmasa, onunla yollarımızı ayırmalı oluruq.
- Zəki bəy, bilirik ki, maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz ovla məşğul olmağa imkan verirmi?
- Mənim imkanım olsa, ova tez-tez gedərəm. Həm də ki, xaricilərə burda silah qadağandır. Ona görə də mənim burda öz silahım yoxdur. Buna görə də burdakı dostlarla ova getmək lazımdır. Təəssüf ki, onların da hər zaman vaxtı olmur. Bu baxımdan da ildə 3 ya 5 dəfə ova getmək fürsətim olur. Atam ovçu olduğuna görə mən də 8 yaşımdan ovla məşğulam. Ən çox ovladığım isə quş olub. Digər heyvanlara yazığım gəldiyi üçün onları ovlamaq istəmirəm. Quşu vurmaq istəyərkən isə düşünməyə fürsət olmur.

- Azərbaycan mətbəxindən nələri xatırlayacaqsınız?

- Sizin mətbəxlə bizim mətbəx arasında elə bir fərq yoxdur. Mən o qədər də çox yeyən adam olmadığıma görə dolma, aş, kababın adını çəkə bilərəm.

- Azərbaycana gəldiyiniz vaxtdan bu günə kimi burda ürəyinizə yatan bir yer varmı? Siz bura gəldiyiniz illərin Azərbaycanı ilə bu günün Azərbaycanı arasında hansı fərqlər var?

- Mən ilk dəfə bura 2005-ci ildə nazir müavini olaraq gəlmişəm. Mənim üçün Azərbaycan yad bir yer deyildi. Amma necə bir yerdir, yaşamaq mümkünmü, hansı vəziyyətdədir deyə maraqlanırdım. Həm də ki, dünyanın ən gözəl yerlərində diplomatik fəaliyyətdən sonra növbəti gələcəyim yer necədir deyə fikirləşirdim. Və gəlib buranı gördükdən sonra nazirə “Azərbaycana bağlandım, məni orda diplomatik vəzifəyə göndərə bilərsiniz” dedim. 2006-cı ildən bu günə qədər də burda yaşayaraq ən düzgün qərar verdiyimi isbatladım. Mənim məslək həyatımın ən gözəl anları Azərbaycanda keçdi. Digər ölkələr daha çox nizam-intizam qaydalarına malik olsalar da, oralar bizə doğma yerlər deyil. Məsələn, İsveçrə gözəl bir tablonu xatırladır, o ağaclar, o otların rəngləri, o sular, amma heç bir iyi gəlməz onların. Azərbaycanda isə hansısa rayona gedərkən yoldan bir keçi keçər onun iyi, ağacın, çiçəyin, böcəyin iyi adama xoş gəlir. Deməli, insan doğma yerlərdə özünü daha rahat hiss edər, daha xoşbəxt olar.

- Övladlarınızın sizin yolunuzu davam etdirmək fikirləri varmı?

- Xeyr. Mən əslində istəmirəm ki, onlar dövlət işində işləsinlər. Özəl sektorda işləmələrini daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid Otel idarəetməçiliyi üzrə oxudu və hal-hazırda İsveçrədə təcrübə qazanır. 26 yaşlı İmah adlı oğlum isə İstanbulda hüquq bürosunda işləyir.

- Azərbaycandan başqa hansı ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz?

- 1987-ci ildən 1991-ci ilə qədər Belçikada – Brüssel nümayəndəliyində birinci katib olaraq çalışmışam, sonra qısa bir vaxt ərzində İstanbulda Baş konsul oldum, 1997-ci ildən 2003-cü ilə qədər İsveçrədə – Cenevrə nümayəndəliyində çalışmışam. Sonra Xarici İşlər Nazirliyinə qayıtdım və üç il nazirlikdə işlədim. Nəhayət, son altı ilimi də Azərbaycanda işləməklə keçirmişəm. Bundan sonra isə təqaüdə gedəcəyəm.

- Sizi Azərbaycanda əvəz edəcək insanın kim olacağını bilirsinizmi?

- Məndən sonra Azərbaycanda məni əvəz etmək üçün Sadəddin Topuqçu gələcək.
Bu xəbər oxucular tərəfindən 1471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed