Şrift:
Marneuli azərbaycanlıları təxribatçı təşəbbüsə etiraz etdilər
29.01.2019 [09:43] - Xəbərlər, Borçalı
Marneuli şəhərinin mərkəzində yerləşən Mədəniyyət evinin qarşısındakı parka Merab Kostavanın adının veriləcəyi və oradan Azərbaycanın dövlət xadimi Nəriman Nərimanovun heykəlinin götürüləcəyi bağlı məlumatlar yerli sakinlərin narazılığına səbəb olub.



Bu gün Marneuli Mədəniyyət evinin qarşısına toplaşan azərbaycanlı əhali - ağsaqqallar, ictimai fəallar, gənclər aksiya keçirərək bu təşəbbüslərə kəskin etirazlarını bildiriblər. Onlar Marneuli sakinlərinin rəyi nəzərə alınmadan bu cür təşəbbüslərin irəli sürülməsini səhv addım kimi dəyərləndiriblər və siyasi təmayülünə baxmayaraq, Nəriman Nərimanovun ilk növbədə maarifçi, ziyalı, həkim və yazıçı kimi Gürcüstan azərbaycanlılarının yaddaşında xüsusi yeri olduğunu bir daha vurğulayıblar.


Aksiya sonda Marneuli bələdiyyəsinə 100 nəfərdən artıq iştirakçının imzası ilə ərizə verilməklə bitib. Ərizədə N.Nərimanovun büstünün Marneuli Mədəniyyət evinin qarşısındakı parkdan götürüləcəyi iddiasına etiraz olunub, həmçinin Marneuli Mədəniyyət evinə, oradakı parka, eləcə də Marneuli rayon Qızılhacılı kəndinə N.Nərimanovun adının verilməsi xahiş olunub.



Xatırladaq ki, Marneuli fəalı İrakli Kveladze Mədəniyyət evinin qarşısında yerləşən parka millətçi Merab Kostavanın adının verilməsi ilə bağlı 11 iyul tarixində etnik gürcü və erməni fəal gənclərlə birgə imza toplayıb və bələdiyyəyə rəsmi məktubla müraciət edib. O, Marneuli Radiosuna (marneulifm.ge) açıqlamasında addımı belə əsaslandırıb:


“Əvvəllər Merab Kostavanın adı olub və qarışıqlıq olan zaman ictimaiyyət unudub və dəyişib. Mən isə yenidən istədim ki, Merab Kostavanın adı qaytarılsın”.

Amma təşəbbüsündə bir qədər də irəli gedən gürcü fəalı nəinki Mədəniyyət evinə Nəriman Nərimanovun adının qaytarılmasına qarşı çıxıb, hətta onun heykəlinin də parkdan götürülməli olacağını deyib.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed