12.02.2019 [11:04] - Xəbərlər, Borçalı
Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir
Gürcüstanda əsasən Azərbaycan mənşəli toponimlər gürcüləşdirilməyə məruz qalıb
Bakı. 12 fevral. REPORT.AZ/ Gürcüstanda yaşayan azərbaycanlıların son illərdə üzləşdikləri haqsızlıqladan biri də soydaşlarımızın yığcam məskunlaşdıqları Borçalı (Kvemo Kartli) bölgəsində qədim toponimlərin dəyişdirilməsidir.
Bu proses əslində yeni deyil və sovet dövründə - 1940-cı illərin əvvəllərindən başlayıb.
Əvvəli burada
Son zamanlar geniş vüsət alan proses yaşayış məskənlərinin adlarının gürcüləşdirilməsi məqsədi daşıyıb, lakin əsas hədəfdə qeyri-gürcü deyil, Azərbaycan mənşəli toponimlər olub. Sovet dövründə və Gürcüstanın müstəqillik əldə etdiyi ilk illərdə azərbaycanlıların yaşadığı 60-a yaxın rayon və kəndin adı dəyişdirilib. Bəzi adlar orijinaldan gürcü dilinə tərcümə formasında saxlanılıb. Məsələn, Birinci Kosalı və İkinci Kosalı kəndləri gürcü dilinə tərcümə olunaraq Pirveli Kesalo və Meore Kesalo olub. Yer adlarının əksəriyyətinə isə klassik gürcü sonluğu olan “i” hərfi əlavə edilib. Məsələn, Marneuli rayonunda yerləşən Yuxarı Saral kəndi 1940-cı illərin sonlarından etibarən Zemo (yuxarı) Sarali kimi adlandırılıb. Toponimlərin dəyişdirilməsi prosesi yerli sakinlərin fikri nəzərə alınmadan, xəbərdarlıq olunmadan, bəzi toponimlər isə hətta bir gecə içində həyata keçirilib. Bolnisi rayonunun Qoçulu kəndinin adını bildirən lövhə gecə ikən götürülərək, yeni adın əks olunduğu lövhə ilə əvəzlənib. Kənd sakinləri səhər bu “sürpriz”lə qarşılaşıblar və artıq Çapala kəndində yaşadıqlarını öyrəniblər.
Kəndlərin adlarının dəyişdirilməsinin əleyhinə imzalar toplansa da, yerli hakimiyyət orqanlarında yeni adların verilməsi məsələsi səs çoxluğu ilə dəstəklənməsə də, bunların heç birinin effekti olmayıb. Məsələn, Bolnisi rayonunun Arıxlı kəndinin adının Naxiduri ilə dəyişdirilməsi məsələsi yerli hakimiyyət orqanında müzakirə olunub və 17 deputatdan 16-sı bu məsələnin əleyhinə səs verib. Lakin səsvermənin nəticəsi qəbul olunmayıb və ad dəyişdirilməsi planı davam etdirilib. Bundan sonra yerli əhali daha sərt reaksiya göstərdi. Yerli sakinlər öz etirazlarını bildirmək üçün kəndin yeni adının yazıldığı trafareti (həmin vaxt kəndin adı Kakliani ilə əvəz olunmuşdu. Bir neçə həftədən sonra Naxiduri adına dəyişdirildi) yerindən aşıraraq, Arıxlı adını yenidən bərpa etdilər. Bu hadisədən sonra yerli hakimiyyət orqanlarının nümayəndələri yeni trafaretlər gətirdilər və etirazların dayandırılmayacağı təqdirdə kənd sakinlərini cəzalandıracaqları ilə hədələdilər.
Gürcüstanda fəaliyyət göstərən Milli azlıqların məsələləri üzrə Avropa Mərkəzinin 2016-cı ildə apardığı araşdırmanın nəticəsində Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsinə belə qiymət verilib: “Bu strategiyanın məntiqi sadə idi: etnik gürcülərin azlıq olduğu yaşayış məskənləri gələcək nəsillərə tarixi gürcü əraziləri kimi təqdim oluna bilər. Belə ki, əgər hər hansı bir ərazidə əhalinin əksəriyyəti azərbaycanlılardırsa, həmin yerlər gürcü adları ilə dəyişdirilir. Gələcəkdə həmin ərazilərdə hansı xalqın say baxımından üstünlük təşkil etməsinə baxmayaraq, ada görə bu yerlərin tarixi gürcü əraziləri olmasına iddia etmək mümkündür”.
Araşdırmada həmçinin qeyd olunub ki, adların dəyişdirilməsinə əsasən Azərbaycan mənşəli toponim və hidronimlər məruz qalıb, bu siyasət digər milli azlıqlara aid toponimlərə heç bir formada toxunmayıb.
Toponimlərlə bağlı məsələdə bir çox məqamlar diqqət çəkir. Azərbaycanlıların sıx yaşadığı Borçalı (Kvemo Kartli) bölgəsində lövhələrdə rayon və kənd adları yalnız gürcü və ingilis dillərində göstərilib. Ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsində isə bu cür lövhələrdə adlar gürcü və ingilis dili ilə yanaşı erməni dilində də əks olunub.
Borçalı bölgəsinin Tsalka rayonunda etnik yunanlar yaşayırlar. Gürcüstanda 2014-cü ildə ölkədə aparılmış son siyahıyaalmaya əsasən, yunanların sayı 5 500 nəfər təşkil edir. Onların yaşadıqları kəndlərdə hətta küçə adları belə gürcü dili ilə yanaşı, yunan dilində də qeyd olunub.
Digər maraqlı məqam isə Borçalı bölgəsində bəzi sovet mənşəli toponimlərin hələ də qalması ilə bağlıdır. Bölgədə Kirovka və Şaumyan adlı kəndlərin gürcüləşdirilmə siyasətinə hələ də məruz qalmaması sual doğurur. Çünki 2011-ci ildə Gürcüstanda “Azadlıq xartiyası” qəbul olunub və qanun coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsini qadağan edir. Qanunun qəbulundan sonra Laqodexi və Saqareco rayonlarında 3 rusmənşəli kənd adları gürcüləşdirilib.
Son illər Azərbaycan və türk mənşəli toponimlərin bərpa olunması ilə bağlı yerli azərbaycanlılar hər hansı bir mübarizə aparmırlar. Demək olar ki, Gürcüstanın Azərbaycan icması reallıqla barışıb. Yerli azərbaycanlılar bildirirlər ki, onsuz da hamı kəndləri köhnə tarixi adları ilə tanıyır. Onlar toponimlərin qaytarılması ilə bağlı mübarizənin heç bir nəticə verməyəcəyinə əmindirlər.
Azərbaycanlıların tarixən yaşadığı məskənlərin xristianlara məxsusluğu təsəvvürü formalaşdırılır
2009-cu ildə Bolnisi rayonunun azərbaycanlıların yaşadığı kəndlərdə yol qıraqlarında, hündür təpələrdə 7-10 metr hündürlüyə malik xaçların quraşdırılmasına başlanıldı. Yerli sakinlərin narazılığından sonra bu proses dayandırıldı və yeni xaçlar quraşdırılmadı. O zaman məsələyə Gürcüstan Patriarxlığı münasibət bildirərək qeyd etmişdi ki, xaçların quraşdırılması ilə azərbaycanlıların xətirlərinə dəymək istəməyiblər, belə ki, xaç yalnız xristianlıq deyil, həmçinin inam və sevgi rəmzidir.
Kəndlərdə xaçlar hətta müsəlman qəbiristanlıqlarının yaxınlığında da ucaldılıb. Gecə işıq saçan bəzi böyük xaçlar hər bir kəndin yaxınlığında uca yerlərdə quraşdırılıb. Həmin kəndlərin yaxınlığndan keçənlərdə bu yaşayış məskənlərinin xristianlara məxsusluğu barədə təsəvvür yaranır.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların yaşadığı digər rayonlarla müqayisədə Bolnisi rayonunda azərbaycanlıların sayı azlıq təşkil edir. 1990-cı illərin sonlarında Bolnisi rayonunda yaşamış təxminən 800 azərbaycanlı ailə öz doğma evlərindən çıxaraq, əsasən Azərbaycana köçüb. Buna səbəb Gürcüstanın hakim dairələrinin diskriminasiya siyasəti nəticəsində etnik azlıqların “qonaq” statusu əldə etmələri oldu. Beləliklə, Bolnisi rayon mərkəzi etnik olaraq gürcü rayonuna çevrildi. Hazırda rayon mərkəzində az sayda, kəndlərdə isə çox sayda azərbaycanlı ailələr yaşayır.
Ümumiyyətlə, Kvemo Kartli bölgəsinin gürcüləşdirilməsi qubernatorluq səviyyəsində də təbliğ olunur. Ötən ilin iyul ayında bölgə administrasiyasının hazırladığı tanıtım video-çarxı Azərbaycan icmasının hiddətlənməsinə səbəb olmuşdu. Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyətinin təbliğ olunduğu video-çarxda regionda yaşayan azərbaycanlılara məxsus nə bir dini abidə, nə də bir mədəniyyət nümunəsi yer almışdı.
Məsələyə münasibət bildirən Kvemo Kartli administrasiyasından video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilmişdi. Dövlət qurumundan qeyd olunmuşdu ki, gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyi nəzərə alınacaq.
Video-çarxla bağlı “Facebook” sosial şəbəkəsində aparılan fəal müzakirələrə tanınmış gürcü hüquq müdafiəçisi Tamta Mikeladze də qoşulmuşdu. O, öz səhifəsində Kvemo Kartli administrasiyasının hazırladığı video-çarxın bölgədə artmaqda olan mədəni assimilyasiya siyasətinin yaxşı göstəricisi olduğunu qeyd etmişdi: “Bölgənin çoxmillətli və çoxdinli müxtəlifliyi haqqında hazırlanmış video-çarxda dini və etnik müxtəlifliyi necə göstərməmək olar? Son illər dominantlıq edən kilsənin güclənməsi aydın görünür. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir”.
Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlıların sayı ölkədə 2014-cü ildə aparılmış son siyahıyaalmaya görə, 233 min nəfərdir. Soydaşlarımız qonşu ölkə əhalisinin 6,3%-ni təşkil etməklə, say baxımından ən böyük milli azlıqdır. Ölkədə sayca ikinci böyük milli azlıq ermənilərdir. Onların sayı 168 100 nəfər olmaqla, ümumi əhalinin 4,5%-ni təşkil edir.
Ardı var...

Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |