Şrift:
Baş infeksionist: Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur
13.02.2019 [10:31] - Sağlıq
Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur. Hazırda bu viruslara yoluxanlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edir.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib.

O deyib ki, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir. Bu xəstəliyin profilaktika və müalicəsi Azərbaycanda dövlət proqramına daxil edilib. Azərbaycanda hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır. Bu növə qarşı peyvəndin aparılması xüsusi qeyd olunmalıdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb.

“Proses bütün uşaqları əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb. Hazırki dövrdə hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlkindən 24-25 dəfə aşağı düşüb. Bu da çox yaxşı nəticədir”, – deyə, C.İsyaev vurğulayıb.

Baş infeksionist, həmçinin deyib ki, hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadədən əvvəl onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonlarında və bu kimi digər obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq görülməlidir.

Qeyd edək ki, hazırda C.İsayev Tbilisidə Dünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konfransında iştirak edir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed