Şrift:
Ömür bir karvandı, köçdü yollarda... (Əmir Pəhləvan-60)
22.02.2019 [13:19] - Gündəm, DAVAMın yazıları
Qədimdən insanlar doğulduqları təbiətə çox bənzəyirlər. Əsrarəngiz təbiət öz gözəlliklərindən onlara da pay verir. Təbiətin min bir naxışı insan ömrünü daha da rövnəqləndirir.
Çeşmələr bulaqlarla, bulaqlar çaylarla, çaylar dənizlərlə, dənizlər okeanlarla, okeanlar ümmanlara yan almaqdadı. Tanrının yaratdığı bu gözəlliklər hələ də bir-birinə laylay çalmaqdan yorulmurlar.
Dünyanın, yaranışın ən gözəl yerlərindən biri də Naxçıvan Muxtar Respubklikasının Şahbuz rayonudur. Tanrı bütün gözəllikləri, əsrarəngiz təbiətə olan səxavəti bu torpaqdan əsirgəməyib. Bu torpaqda doğulan insanlar da doğulduqları torpağa çox oxşayırlar.
Geniş yaradıcılıq diapozonuna malik olan, əfsanəvi jurnalist, kinorejissor, şair Əmir Pəhləvan Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya göz açıb. Xəmiri halallıqla yoğrulan bu insan, inanclı bir ailəyə məxsusdur. Rəhmətlik ata, anası yaşadıqları zaman içərisində ömürlərini halallıqla başa vurmuşlar.
Əmir Pəhləvan bayaq qeyd etdiyim kimi geniş diapozona, orjinal dəst xətdə, özünəməxsus üsluba, lakonik deyim tərzinə, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən istedadlı bir yazardır. Tanrı ona istedad nemətlərini səxavətlə bəxş edib. Vətənə, torpağa, Azərbaycana bağlı bir insandır. Qürbətdə də “Vətən, Azərbaycan” – deyən ozanlardandır...
Azərbaycan jurnalistikasının, mətbuatının nəhəng siması olan Əmir Pəhləvan 60 yaşına çatıb. Bu 60 ilin yarıdan çoxunu Azərbaycan mətbuatının, jurnalistikamızın çiçəklənməsinə sərf edib. Hələ mətbuata, qəzetlərə basqılar olduğu dövrdə, senzuranın dördnalla çapdığı bir vaxtda Azərbaycan Teatr Xadimləri İttifaqının orqanı olan “İlham” qəzetini təsis və nəşr edib, 90-cı illər mətbuatının öndə gedənlərindən olub. “İlham” qəzetində o dövrü əks etdirən çoxsaylı mətbu yazıları, sənət, teatr haqqında fikir, mülahizələri çap olunub. İndi təşəkkül tapan müstəqil mətbuatın, qəzetçiliyin toxumlarını Əmir Pəhləvan hələ 90-cı illərdə səhmişdi. Müstəqil Azərbaycan mətbuatının formalaşmasında onun müstəsna xidmətləri olmuşdur.
Əmir Pəhləvan yeganə mətbuat adamıdı ki, tələbə olarkən televiziyada, radioda özünün yaratdığı müəllif verilişləri olub və onun yaratdığı bu verilişlər ədəbi ictimaiyyətin, xüsusən də gənclərin zövqünü oxşamışdır.
Hazırına-nazir hakimiyyət kürsülərinə yiyələnmiş, “mətbuatın naməlum əsgərləri”, yazı-pozusu olmayan, təfəkkürü ibtidai qalan “sapı özümüzdən olan balta”lar istedadlı insan Əmir Pəhləvanı cəmiyyətə, Azərbaycana unutdurmaq istəyiblər, ancaq alınmayıb, ona görə ki, “bu dünyada otun, suyun, ağacın da yaddaşı var, sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var”...
Onu unutdurmaq istəyənlər bizim poetik qan yaddaşımızı əlimizdən ala bilməzlər, inşallah bu mətbuat dəllallarını biz özümüz unutduracağıq sevgili Azərbaycana...
Yaşadığı bu 60 il ərzində, 50-dən çox kitabı, filmləri, publisistik yazıları xarici ölkələrdə çap olunub. Onun yazılarına Avropa ölkələrində böyük maraq var. Son illərdə ən çox kitabı nəşr edilən və satılan Əmir Pəhləvandır. Çəkdiyi geniş məzmunlu filmlər xüsusən, Nobellərdən bəhs edən filmlər xarici vətəndaşların dərin marağına səbəb olmuşdur. Bu filmlər kino festivallarında bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Əmir Pəhləvan bir sıra ölkələrin Yaradıcılıq Təşkilatlarına üzv seçilib, yaradıcılıq qurultaylarına dəvətlər alıb. Son illərdə Azərbaycan mədəniyyətini, incəsənətini Əmir Pəhləvan qədər tanıdan ikinci bir simaya rast gəlmirik. Təəssüflər olsun ki, bu yaradıcı insanın istedadının paxıllığın çəkən adamlar Azərbaycanda yetərincədir. Əcəba, xeyir ola bu qədər Azərbaycana təmənnasız xidmətin müqabilində onun çox şaxəli yaradıcılığına görəsən niyə qiymət, mükafat verilmir? – İnsan təvazökar olanda onun haqqını yemirlər, ona qiymət verirlər. Bu qiyməti vermək istəməyənlər isə bilməlidirlər ki, bu Azərbaycan mətbuatına, incəsənətinə atılan bir xəyanətdir.
Əziz Əmir Pəhləvan! Sən xiffət eləmə! Zaman hər şeyi yoluna qoyacaq. “Samanı satdıran zamandır”. Belə bir deyim var: “böyük oğlanlar əyalətlərdə doğulur, paytaxta dünyalarını dəyişməyə gəlirlər”... 60 yaşına 600 min söz mənalı söz yazsaq da azdır. 60 yaş yaradıcı insanın ömrün sərhədlərini ildırım surəti ilə keçən bir yaş dövrüdür. 60 yaşın ekvatorunu adlayan Əmir Pəhləvana uzun ömür, can sağlığı, düşmənləri ilə mübarizədə mətin olmağı arzu edirik. 60 yaşın mübarək Əmir Pəhləvan!..

Vəli Səmədli,
AJB-nin üzvü
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed