Şrift:
Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat oxunub
25.02.2019 [10:42] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində jurnalistlər qarşısında oxuyub.

Bəyanatda deyilir: “Xocalı şəhərində 27 il bundan əvvəl ermənilər tərəfindən Türkiyə və Azərbaycan tarixinə qara gün kimi yazılan qanlı hadisə törədilib. Keçmiş SSRİ-dən bölgədə qalan motoatıcı alayın tam dəstəyini alan ermənilər tərəfindən Dağlıq Qarabağda yerləşən və təxminən 7 min əhalisi olan və bölgədə strateji əhəmiyyət daşıyan Xocalı şəhəri blokadaya alınıb və şəhərdə insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib.

Hazırda saxta “soyqırımı” iddiası ilə Türkiyəni günahkar çıxarmağa çalışan Ermənistanın dövlət rəhbərlərinin təlimatı əsasında erməni terrorçuları silahsız mülki əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olub. Şəhərdə bir neçə gün qətliam, talan və təcavüz davam edib, 1275 nəfər əsir götürülüb.

Əsirlikdən möcüzə nəticəsində xilas olanların ifadələri dəhşətlidir. Şəhidlərin meyitlərinin təhqir olunması, eləcə də başlarının dərisinin soyulması, gözlərinin çıxarılması, əzalarının kəsilməsi halları baş verib.

Xocalıda törədilən soyqırımı və vəhşilik saxta “Böyük Ermənistan” ideologiyası çərçivəsində erməni diaspor təşkilatları və şovinist dairələrinin, həmçinin onların arxasında dayanan bəzi imperialist qüvvələrin birgə əməlidir. Bu soyqırımı törətməkdə məqsəd Qarabağ bölgəsini Azərbaycan türklərindən təmizləmək olub.

Xocalı faciəsi təsadüf nəticəsində baş verən cinayət deyil. Əksinə, illərdən bəri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədli və planlı soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu amansız və hiyləgər siyasət erməni diaspor və lobbiçi dairələrinin hərtərəfli dəstəyi, yardımı və təhriki ilə illərdən bəri həyata keçirilib”.

Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ərazisinin beşdəbiri təcavüzkar Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində müvəqqəti məskunlaşıb.

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, torpağından, ev-eşiyindən didərgin salınmış soydaşlarımızın öz yurdlarına qayıtmasını və günahkarların cəzalandırılmasını tələb etməlidir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımını törədənləri bir daha şiddətlə qınayır, şəhidlərə Allahdan rəhmət diləyir, bu acını yaşayan ailələrə və bütün Azərbaycan xalqına başsağlığı verir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed