Şrift:
Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb
04.03.2019 [10:23] - Diaspor
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Dərslərdə universitet tələbələrinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində yüzə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını söyləyib.

2017-2018-ci illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirirlər. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed