Şrift:
Şahtaxtıda dəmir dövrünə aid tikinti aşkarlanıb
04.08.2012 [15:31] - Mədəniyyət
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisindəki Şahtaxtı abidəsində aparılan qazıntı işləri zamanı arxeoloji cəhətdən maraqlı tapıntılar aşkarlanıb. Bu barədəAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, ərazidəki qazıntı sahəsi 250 kvadrat metrdən 500 kvadrat metrə çatdırılıb: «Qazıntı işləri zamanı orta tunc, son tunc və erkən dəmir dövrünə aid tikinti qalıqları aşkarlanıb. Qalıqların hansı tikintiyə aid olduğu hələlik müəyyən deyil, bu, elmi cəhətdən çox maraqlıdır. Bundan başqa, qazıntı işləri zamanı antik dövrə və son tunc dövrünə aid ocaq yerləri və təndirlər müşahidə edilib. Eneolit dövrünə, erkən, orta, son tunc, erkən dəmir dövrlərinə aid xeyli miqdarda keramika məmulatı aşkarlanıb. Onlar müxtəlif məişət avadanlıqlarının qırıqlarıdır. Antik dövrə aid şüşə qab qırıqları, orta tunc dövrünə aid ox ucluqları da maraqlı tapıntılardandır».
Q.Ağayev deyib ki, qədim yaşayış yerinin statioqrafiyasını müəyyənləşdirmək üçün dərinliyə doğru getmək lazımdır: «Amma 5 metr 20 santimetr, 5 metr 40 santimetr dərinlikdə su çıxdığından eneolit dövrünü axıradək izləyə bilmirik. Bunun üçün qədim yaşayış yerinin şimal və şimal-şərq hissəsində drenajlar quraşdırılmalı, abidəyə axan qrunt sularının qarşısı alınmalıdır».
Bu xəbər oxucular tərəfindən 1591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed