Şrift:
Maykl Makmahon: “Konqres İranla qonşu olan ABŞ-a dost ölkələrə daha çox diqqət ayırmalıdır”
06.08.2012 [10:50] - Xəbərlər
Daha bir amerikalı siyasətçi ABŞ administrasiyanı Azərbaycanı İranın təhdidlərindən müdafiə etməyə çağırıb
ABŞ Konqresinin keçmiş üzvü Maykl Makmahon Ağ Ev administrasiyasını Azərbaycanın İranın təhdidlərindən müdafiə etməyə çağırıb.Bu çağırış sabiq konqresmenin “The Hill” nəşrində dərc olunmuş məqaləsində öz əksini tapıb. Maykl Makmahon bildirir ki, əksəriyyəti İranın nüvə və raket proqramlarının ABŞ, israil, Avropa və ərəb ölkələri üçün təhdid təşkil etdiyini düşünür: “Bu, aydın məsələdir, lakin bu zaman İranın qonşuları, o cümlədən Azərbaycan üçün yaranmış təhlükə nəzərə alınmır. Azərbaycan müasir və dünyəvi ölkədir və İranın şimalında yaşayan 25 milyon azərbaycanlı Azərbaycan xalqına öz qardaşı kimi baxır”.

Müəllifin fikrincə, Azərbaycanın ABŞ və İsraillə dostluq etməsi Tehranı qıcıqlandırır: “Lakin İran da Azərbaycanın bir nömrəli düşməni olan Ermənistanla dostluq edir. İran Azərbaycan ərazisində - Tehran tərəfindən maliyyələşdirilən məscidlərdə aktiv anti-Azərbaycan təbliğatı aparır. Bütün bunlar Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək məqsədi daşıyır. Azərbaycan İran xüsusi xidmət orqanları tərəfindən xarici nümayəndəliklər və vətəndaşlara qarşı bir neçə dəfə terror aktı törədilməyə cəhd edilib. Azərbaycan qlobal bazarların diversifikasiyası və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Çünki Qərb bazarına Rusiyadan yan keçməklə neft və qazın ötürülməsi bu ölkə vasitəsilə reallaşdırılır. Gələcəkdə Xəzər regionundan nəql olunan enerji daşıyıcılarının həcmi artırılacaq. Bundan başqa Qərbin Əfqanıstan və Pakistana yük daşımaları həyata keçirməsində tranzit marşrutlardan istifadə etməsi hesabına Azərbaycanın əhəmiyyəti daha da artır. Bu gün Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir”.

Sabiq konqresmen məqaləsinin sonunda Nümayəndələr Palatasındakı həmkarlarına bəzi məsləhətlər verib: “Mən Konqresdəki keçmiş həmkarlarıma bəzi məsləhətlər vemrək istəyirəm. Yadınızda saxlayın ki, Konqres İranla qonşu olan ABŞ-a dost ölkələrə daha çox diqqət ayırmalıdır”.

Qeyd edək ki, hazırda Nyu-yorkdakı “Xerrik Faynşteyn” hüquq firmasında çalışan Maykl Makmahon Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü olub.

Bundan əvvəl daha bir amerikalı konqresmen dövlət katibi Hillari Klintona müraciət edərək Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların müstəqillik uğrunda mübarizəsinə dəstək verilməsini xahiş edib. Nümayəndələr Palatasının xarici işlər və təhqiqat alt komitəsinin sədri olan konqresmen Deyn Rorabaxer müraciətində bildirib ki, ABŞ Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqilliyini elan etməsinə dəstək verməlidir: “ABŞ Cənubi Azərbaycanla əməkdaşlıq etməlidir, çünki Tehrandakı tiraniya rejimi bizim ümumi düşmənimizdir. Azərbaycan xalqı 200 il əvvəl coğrafi baxımdan iki yerə bölünüb və bir çox azərbaycanlılar vətənlərinin yenidən birləşməsinə çağırırlar. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasından olanların sayından iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb, indi isə İrandakı azərbaycanlıların öz müstəqilliyinə qovuşmasının vaxtıdır. İranda Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə dəstək vermək xeyirxah işdir. Eyni zamanda bu, Tehran rejimi üçün bunkerlərin bombardman ediləcəyi barədə təhdidlərdən qat-qat təhlükə kəsb edir”.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed