Şrift:
Dünya Səhiyyə Təşkilatı qriplə mübarizədə yeni strategiya hazırlayıb
13.03.2019 [11:26] - Sağlıq
Hər il 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Dünya Səhiyyə Təşkilatında (DST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, bu təhlükəli virusun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim ediblər.

Yeni strategiya 2030-cu ilədək olan dövr üçün nəzərdə tutulub.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır.

“Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də mövcuddur. Fikrimcə, pandemiya təhlükəsi tamamilə real ola bilər”, - deyə DST başçısı bildirib.

Hər il qrip səbəbindən 290 mindən 650 min nəfərədək insan həyatla vidalaşır. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi şəkildə yerini dəyişməsi nəticədə növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.

11 illik strategiya təsiredici milli proqramları işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.

DST-də Madaqaskarda 2002-ci ildə qrip virusunun yayılmasını xatırladıblar. O zaman xəstəliyə yoluxanların 2,5 faizi ölmüşdü. Buna qədər qripin ən təhlükəli pandemiyası 1918-1919-cu illərdə baş verib.

DST başçısı qriplə mübarizədə sayıqlıq göstərilməsinə və lazımi vəsaitin ayrılmasına çağırıb. Axı epidemiyanın nəticələri bundan da baha başa gələ bilər.

Yeni Strategiyanın həyata keçirilməsi üçün hər il təqribən 4,5 milyard dollar lazımdır. Bu, orta ağırlıqda pandemiyanın baş verməsi zamanı cavab tədbirlərinin görülməsi üçün zəruri olan maliyyələşdirilmənin 1 faizindən də az məbləğdir.

“Ciddi pandemiya bütün dünyada milyonlarca ölümə, buna məruz qalan ölkələr və icmalar irimiqyaslı sosial və iqtisadi nəticələrə, o cümlədən məhsuldarlığın azalması və böyük iqtisadi xərclərə gətirib çıxara bilər”, - deyə DST-də xəbərdar ediblər. Təşkilatın ekspertləri xatırladırlar ki, peyvəndlənmə qriplə mübarizədə ən təsiredici alətdir.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed