Şrift:
Martın 14-ü Qlaukoma ilə Mübarizə Günüdür
14.03.2019 [11:33] - Sağlıq
Ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən olan qlaukomadan praktik olaraq heç kəs sığortalanmayıb. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır və vaxtında müalicə olunmadıqda sonu korluqla bitən xəstəliklərə aparıb çıxarır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, indi dünyada 5 milyondan çox insan qlaukoma nəticəsində görmə qabiliyyətini itirib və bu, korluğa səbəb olmanın 13,5 faizini təşkil edir.

Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

Qlaukoma gözdaxili təzyiqin artması ilə səciyyələnən xəstəlikdir. Əvvəlcə simptomsuz başlasa da, xəstəliyin vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur.

Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin 40 yaşdan sonra onun yayılmasına daha çox rast gəlinir. Statistikaya görə, dünyada 100 milyondan artıq qlaukoma xəstəsi var və onlardan demək olar ki, hər beşindən biri göz nurunu tamamilə itirir.

Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Beynəlxalq miqyasda Qlaukoma ilə Mübarizə Gününün qeyd olunması həm də xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.

Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi aşağı salan damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed