Şrift:
Ahıska türklərinin dili və etnik tarixi
19.03.2019 [12:41] - Türk dünyası-Turan
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Kazımov Türk Ocaqları Dərnəyinin Bursa şöbəsi və Bursa Uludağ Universitetinin təşkilatçılığı ilə ahıska türklərinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan bildirilib ki, simpoziumda azərbaycanlı alim “Ahıska türklərinin dili və etnik tarixi” mövzusunda məruzə ilə çıxış edib. O, buntürk, mesxeti, Qafqaz türkü adları ilə tanınmış ahıska türklərinin dilinin daha çox qıpçaqlara bənzədiyini, Azərbaycan və Türkiyə türkcələri ilə müqayisədə daha qaba və sərt cizgilərə malik olduğunu qeyd edib. Bildirib ki, ahıska toplumunun mənşəyində də fikir ayrılığı yaranıb. Miladdan əvvəl VIII-VII yüzilliklərdə onların məskunlaşdığı Gürcüstan ərazisində iskitlər, sakalar hökmranlıq etdiyi üçün ahıska adını bunlarla əlaqələndirirlər. Miladdan əvvəl II minillikdən Qara dənizin cənub-şərq sahillərində yaşamış mosxlar (mosak, moşk) Ahıskadan Frikiyaya qədər böyük bir ərazidə min ildən çox fatehlik etdiyi üçün onlar mesxeti türkləri də adlandırılıb. Alim vurğulayıb ki, xalqın dili onun milli mədəniyyətinin ayrılmaz hissəsidir. Ahıska türklərinin dilinin türk dilləri qrupuna daxil olması danılmaz gerçəklikdir.

Ahıskalıların mənşəyinin danıldığını, onların türk deyil, türkləşmiş gürcü olmaları haqqında boş xülyalar səsləndirildiyini söyləyən İ.Kazımov diqqətə çatdırıb ki, məqsəd bu etnosu dünyanın etnik xəritəsindən silməyə cəhd etməkdir. Ahıska türkləri özlərinin etnosa məxsus bütün komponentlərini, adət-ənənələrini, etnik psixologiyasını, milli mənlik şüurunu qoruyub saxlamaqla gürcü deyil, ondan fərqli bir etnosun nümayəndələri olduğunu sübut ediblər.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed