Şrift:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Elm günü” qeyd edilib
29.03.2019 [09:26] - Gündəm, DAVAMın yazıları
27 mart tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ADMİU-nun Elmi Şura otağında AMEA Memarlıq və İncəsənət İnstitutunun məsul şəxsləri ilə Universitetin kollektivinin görüşü olub.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, “Elm günü” münasibəti ilə görüş iştirakçılarını təbrik edib. Rektor qeyd edib ki, ADMİU həmişə AMEA ilə birgə əməkdaşlıq şəraitində çalışıb və bu əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. “Elm günü”nün təsis edilməsi Azərbaycan dövlətinin elmə münasibətinin göstəricisidir. “Azərbaycan elmi gündən-günə inkişaf edir və artıq beynəlxalq əhəmiyyət kəsb edir. Son illər ərzində Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq miqyaslı elmi tədbirlər bunu bir daha təsdiqləyir” – deyə rektor bildirib. Ceyran Mahmudova təklif edib ki, qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyəti nəzərə alınaraq, sahələr üzrə mütəxəssislərin iştirakı ilə iki qurumun birgə fəaliyyətinin yaxın perspektivlərini müəyyənləşdirən iki illik iş planı tərtib olunsun və bu plan əsasında müştərək layihələr həyata keçirilsin.
Sonra çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə səmimi qəbula görə başda rektor Ceyran Mahmudova olmaqla universitetin kollektivinə təşəkkürünü bildirib. AMEA-nın və Memarlıq və İncəsənət İnstitutunun tarixi, fəaliyyəti və uğurlu nəticələri haqqında məlumat verən natiq qeyd edib ki, bu gün Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub və qazanılan uğurlarda AMEA-nın da böyük payı var. ADMİU ilə Mİİ-nin arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin mövcudluğunu diqqətə çatdıran Ə.Salamzadə vurğulayıb ki, son illər ərzində AMEA öz fəaliyyətində elm və təhsilin inteqrasiyasına böyük önəm verir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkəmizdə bədii təhsil sahəsində fəaliyyət göstərən ən qocaman və ən böyük təhsil ocaqlarındandır. Azərbaycanda mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən bir çox qurumlar kimi, bizim institutun da kadr potensialını bilavasitə ADMİU təmin edir.
Ərtəgin Salamzadə son illər ərzində AMEA Mİİ-də nəşr olunan kitab və jurnalların bir komplektini ADMİU-nun kitabxanasına hədiyyə edib.

Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov və “Teatr, kino və televiziya” şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov da AMEA və ADMİU-nun əməkdaşlıq əlaqələrindən, birgə keçirilən konfrans və seminarlardan söz açıb və bildiriblər ki, gələcəkdə iki qurum arasında münasibətlərin daha da gücləndirilməsi Azərbaycan elminin inkişafına böyük töhfə verə bilər.
ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq elmləri doktoru, professor Məryam Əlizadə də qonaqları salamlayaraq onlara təşəkkür edib və bildirib ki, son illər ərzində dərin intellektə, savada istedada, malik ümidverici gənclərin elmə gəlməsi bu sahənin gələcəyi haqqında ümidlə danışmağa imkan verir.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirib.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed