Şrift:
Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar üçün iki yeni uşaq bağçası tikilib
02.04.2019 [10:31] - Borçalı
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Kosalı və Nəzərli kəndlərində yeni uşaq bağçaları istifadəyə verilib.

Kosalı kəndindəki uşaq bağçasında 60 körpə təlim-tərbiyə alacaq. Burada 11 yerli sakin işlə təmin olunub.

Nəzərli kəndindəki uşaq bağçası isə 70-ə yaxın uşaq üçün nəzərdə tutulub. Burada da uşaqların təlim-tərbiyəsi ilə 11 nəfər məşğul olacaq. Onların hamısı yerli sakinlərdir.

Uşaq bağçalarının tikintisinə yerli büdcədən 41 min 187 lari (təxminən 15 min dollar) vəsait xərclənib.

Müəssisələrin açılış mərasimində Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, 2018-ci ildə Qardabani bələdiyyəsində 27 uşaq bağçası binası yenidən qurularaq balacaların ixtiyarına verilib.

Bu müəssisələrin təmirinə yerli büdcədən 3 milyon lari vəsait xərclənib.

Bu yaxınlarda isə Qardabani rayonunun Kalinino, Candar və Qaracalar kəndlərində də yeni uşaq bağçaları açılacaq. 2019-cu ildə rayonda daha 5 uşaq bağçasının inşası planlaşdırılır.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed