Şrift:
İran-Azərbaycan münasibətləri ilə bağlı hesabat – 21 səhifə
07.08.2012 [14:57] - DAVAMın yazıları
Hesabat bir neçə hissədən ibarətdir və hər hissədə Azərbaycan-İran münasibətləri araşdırılır


Politoloq Elxan Şahinoğlu “Gərginləşən İran-Azərbaycan münasibətləri: Səbəblər və çıxış yolları” adlı hesabat hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hesabat bir neçə hissədən ibarətdir və hər hissədə Azərbaycan-İran münasibətləri araşdırılır.

Hesabatda həmçinin “İki hissəyə bölünən Azərbaycan”, “Tehranın ilk hədələri və əzələ nümayişləri”, “Tehran Qarabağ münaqişəsində niyə vasitəçi olmaq istəyir?”, “İranın təzyiq aləti - Xəzərin müəyyənləşməyən statusu”, “Tehranın notası: hərbçimizi niyə öldürdünüz?”, “Rəsmi Bakı İranın təbliğat maşınını neytrallaşdıra bilmir”, “Tehran Azərbaycanın səmimiyyətinə inanmır”, “Yeni hədəf: “Avrovizion””,“Iran Azərbaycanı niyə hədəf seçib?”, “Balanslaşdırılmış xarici siyasət”, “Azərbaycanı İranın təhdidlərindən sığortalamır” və “Azərbaycanın yeni İran strategiyası” mövzuları geniş şəkildə araşdırılıb.

Həmin hesabatı olduğu kimi sizə təqdim edirik:

Gərginləşən İran-Azərbaycan münasibətləri: səbəblər və çixiş yolları

Elxan Şahinoğlu (analitik),
Şahin Abbasov (siyasi şərhçi)

Təhlil Almaniyanın “Fridrix Ebert” Fondunun sifarişi əsasında hazırlanıb.

Giriş
İran ətrafında haqla daralır. Tehranın nüvə çalışmalarını davam etdirməsinə qarşı Qərbin siyasi və iqtisadi sanksiyaları sərtləşir. İsrailli rəsmilər İrana hava zərbəsi endirə biləcəyini daim vurğulayırlar. İranın ərəb dünyası ilə problemləri də davam etməkdədir. Tehranın Suriyada qətliamlara yaşıl işıq yandıran Bəşir Əsəd rejimini dəstəkləməsi İran hakimiyyətini beynəlxalq aləmdən bir az daha təcrid edib.

İran məntiqlə belə bir durumda qonşuları ilə münasibətlərin normal olmasına çalışmalıdır ki, özünə indikindən də əlavə problemlər yaratmasın. Buna baxmayaraq, Tehran 2011-ci ilin ortalarından başlayaraq şimal qonşusu olan Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirmək xəttini götürüb. İki ölkə arasındakı hazırki gərginliyin bir çox elementini sadalamaq kifayətdir ki, durum aydın olsun: Tehran Azərbaycanın Qərblə yaxınlaşmasını, İsraildən silah almasını tənqid edir, 2012-ci ilin may ayında Bakıda keçirilən “Avrovizion” beynəlxalq musiqi yarışmasının əleyhinə çıxıb, iranlı din xadimləri Cümə namazlarında Azərbaycanın daxili və xarici siyasətinin İslama zidd olduğunu söyləyir və tərəfdarlarını Azərbaycan əleyhinə şüarlar səsləndirməyə çağırırlar, İranın şəhərlərində Azərbaycan əleyhinə konfranslar və sərgilər təşkil olunur, Azərbaycanın iki vətəndaşı İran ərazisində qeyri-məlum səbəblərdən həbs edilərək, Vyana konvensiyasına zidd olaraq onların taleyi haqqında Bakıya məlumat verilmir, İranın “Səhər” dövlət televiziya kanalı 24 saat ərzində Azərbaycan əleyhinə xəbərlər və verilişlər yayımlayır, Tehran Azərbaycanla sərhədi ara-sıra qapadaraq vətəndaşlara əlavə problemlər yaradır və nəhayət, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda İranda təlim keçmiş terrorçuları həbs etdiyini açıqlayıb.

İranın siyasi və dini dairələrinin hazırki siyasəti Azərbaycan iqtidarını da adekvat siyasət sərgiləməyə məcbur edib. İranda keçirilən anti-Azərbaycan küçə yürüşlərinin qarışılığında İranın Bakıdakı səfirliyinin qarşısında da İran rejiminin siyasəti əleyhinə şüarlar səsləndirilib, küçə yürüşləri təşkil olunub və polis bunların qarşısını almayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın hazırki siyasətinə cavab olaraq Tehrana bir neçə dəfə nota göndərib. Ümumiyyətlə, son iki ildə iki ölkə arasında qarşılıqlı notaların sayı 10-a çatmaq üzrədir. İran-Azərbaycan münasibətlərində notalar adi hala çevrilib. Halbuki, dövlətlərarası münasibətlərdə nota ən son istifadə edilən müraciət forması sayılır.
İran-Azərbaycan münasibətlərindəki gərginliyin azalacağı görünmür və tərəflərdən heç biri geri addım atmaq fikrində deyil. Ümumiyyətlə, Azərbaycan müstəqlliyinin 20 illik tarixində İranla münasibətlərdə son ildəki qədər gərginlik olmamışdı. Əlbəttə, bu illərdə münasibətlərdə müəyyən problemlər olub, qarşılıqlı ittihamlar hər zaman səslənib, sadəcə, son 1 ildə İranın Azərbaycana qarşı təhdid siyasəti sistemli xarakter alıb. Tehranın bu siyasətinin arxasında konkret məqsədləri var. İrandakı rejim Azərbaycanı hədəf seçib və bütün istiqamətlərdən hücuma keçib. Siyasi və diplomatik cəbhədə həyata keçirilən hücumda Tehranın Azərbaycana qarşı bircə müharibə elanı yoxdur. Ancaq gərginliyin bu şəkildə davam edəcəyi halda, gələcəkdə sərhəddə də hər cür təxribatların baş vermə ehtimalı artır. Bunun isə daha genişmiqyaslı toqquşmalara gətirib çıxaracağı ən qorxulu proqnozdur.
İki hissəyə bölünən Azərbaycan
Azərbaycan coğrafi baxımdan tarixən Rusiya-İran müharibələrinin mərkəzində olub. Qədimdə Azərbaycan xanlıqları gah İran, gah da Rusiya imperiyaları tərəfindən işğal olunub. 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qaçar İran dövləti arasında Gülüstan müqaviləsi imzalanıb. Bu sənədə görə, tarixi Azərbaycan əraziləri Rusiya ilə İran arasında bölüşdürülüb .

İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlanıb. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsi rəsmiləşdirilib . Araz çayının şimal hissəsindəki torpaqlar Rusiyaya, cənub hissəsindəki torpaqlar isə İrana aid edilib. Məhz bu bölgü Azərbaycanı şərti olaraq Şimali və Cənubi Azərbaycan adlandırılmasına şərait yaradıb.
Rusiyada 1917-ci ildə fevral burjua inqilabının nəticəsi olaraq bu imperiyaya daxil olan xalqlar müstəqilliklərini elan etdilər. Azərbaycan 28 may 1918-ci ildə müstəqlilliyini elan etdikdə beynəlxalq aləmin onu tanımasını istədi. Bir çox dövlət Azərbaycanın müstəqilliyini tanıyarkən, İrandakı şah rejimi tərəddüd edib. İran 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımayıb . Tehran şərt irəli sürdü ki, Azərbaycan Xalq Cümhuriyyətinin adından Azərbaycan sözü götürülsün. Bu baş vermədikdə Tehran məcburən “Qafqaz Azərbaycanı” ifadəsini işlədib. Rus bolşevikləri 1920-ci ilin aprel ayında Azərbaycanı işğal etdikdən sonra İranla münasibətlər Moskvanın səlahiyyət çərçivəsinə daxil olub. SSRİ 70 ildən sonra dağıldıqda kommunist əsarətindən qurtulan xalqlar kimi Azərbaycan da 1991-ci ildə müstəqlliyini bərpa edib.

Azərbaycanın müstəqlliyini başda Türkiyə, Pakistan və Qərb ölkələri ard-arda tanıyarkən, İran 1918-ci ildə olduğu kimi Azərbaycanı tanımaqda yenə tərəddüd keçirib. Ancaq sonda mövcud reallıqları anlayaraq Azərbaycanın müstəqlliyini tanımaq məcburiyyətində qalıb.
Buna baxmayaraq, iranlı rəsmilər və din xadimləri bu gün də rəsmi və qeyri-rəsmi açıqlamalarında Azərbaycan Respublikası ifadəsi əvəzinə bəzən “Bakı dövləti” ifadəsini işlədirlər. Başqa sözlə, Tehran indiyədək Azərbaycanın müstəqilliyini həzm etməkdə çətinlik çəkir, qonşu ölkəni qoparılmış ərazisi sayır. Təsadüfi deyil ki, İrandakı bəzi siyasi dairələr, o cümlədən iranlı deputatlar İranla Rusiya arasında 1928-ci ildə imzalanan Türkmənçay müqaviləsinin müddətinin bitdiyini deyərək, Azərbaycanın İrana biləşdirilməsi kimi fikirlər səsləndirirlər. Əslində isə əksinə, Türkmənçay müqaviləsinin ləğvi İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini aktuallaşdıra bilər.

İranlı rəsmilər və din xadimləri son zamanlar Azərbaycanın tarixi şəxsiyyətlərinə də iddialarını artırıblar. Məsələn, Xlll əsrdə yaşamış məşhur Azərbaycan şairi Nizami Gəncəvini Tehranda İran şairi adlandırırlar. 20 aprel 2012-ci ildə Romanın mərkəzi parklarının birində Nizaminin heykəli açılıb . Bundan bir neçə ay sonra İranın mədəniyyət və irşad nazirinin müavini Bəhmən Dəri belə bir açıqlama verib ki, Azərbaycanın digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etməsi yaxşı hal deyildir. Nazir müavininin sözlərinə görə, “İran mədəniyyətinə təcavüz yəqin ki, məsul şəxslər tərəfindən reaksiyalarla üzləşəcək və İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq”.
Bəhmən Dəri Nizami Gəncəvini “İranın tanınmış şairi” adlandırıb, deyib ki, İran Azərbaycanın “şairin heykəlini və şəxsiyyətini saxtalaşdıraraq, İtaliyaya hədiyyə etməsinə və onun Roma şəhərindəki Vila Burquze parkında qoyulmasına” etiraz edir. Bəhmən Dəri həmçinin YUNESKO və digər elmi-mədəni mərkəzlərdə bu əsərlərin qeydiyyata alınması üçün Azərbaycanın səylərinə etiraz edib.

Tehranın ilk hədələri və əzələ nümayişləri

Azərbaycanda 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırdıqda İran qonşusundakı prosesləri diqqətlə izləyirdi. Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin İranda azərbaycanıların hüquqlarının pozulmasıyla bağlı çıxışları Tehranı qıcıqlandırırdı. Əbülfəz Elçibəy Azərbaycanda 1992-ci ildəki prezident seçkisi kampaniyası zamanı təşkil edilən son mətbuat konfransında insanların haqlarını pozduğuna görə İrandakı rejimi sərt tənqid edir .
Buna baxmayaraq, Əbülfəz Elçibəy prezident seçildikdən sonra İranın ünvanına kəskin inttihamlardan çəkinir. O, bunu belə izah edirdi ki, xalq hərəkatının lideri kimi açıq söylədiyi fikirləri dövlət başçısı kimi dilə gətirməsi doğru olmazdı, dövlətlərarası münasibətlərə xələl gətirmək olmaz. Həqiqətən də Əbülfəz Elçibəyin bir illik prezidentliyi dövründə Azərbaycan-İran münasibətlərində bugünkü qədər gərginlik yaşanmadı. Əksinə, Elçibəy komandası ilə Tehrana rəsmi səfər edərək, İranla iqtisadi əməkdaşlıq sahəsində xeyli saziş imzaladı.

Buna baxmayaraq, Elçibəyin türk dünyasındakı önəmli rolu Tehranı onunla münasibətlərdə ehtiyatlı olmağa sövq edirdi. Buna görə də, İrandakı dairələr o zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə münasibət qurmağa həvəsli idilər. Heydər Əliyev SSRİ-də mühüm vəzifələrdə çalışmış, prezident Mixail Qorbaçov tərəfindən işdən çıxarıldıqdan sonra yenidən Azərbaycana qayıtmışdı. Ancaq Azərbaycanın o zamankı rəhbərliyi ilə arasındakı münaqişə ona Bakıda qalmağa imkan vermədi və Əliyev anadan olduğu Naxçıvana köçmək məcburiyyətində qaldı.
Heydər Əliyev İranla sərhəd olan Naxçıvan Muxtar Vilayətində populyar şəxs idi. O, Naxçıvana qayıdan kimi yerli seçkilərdə iştirak edir və böyük qələbə qazanaraq Naxçıvan Muxtar Vilayəti Parlamentinin spikeri seçilir. Heydər Əliyev Bakıda oturan prezident Əbülfəz Elçibəylə məsləhətləşmədən Ankara və Tehranla birbaşa münasibətlər qurur, ikitərəfli əməkdaşlığı genişləndirirdi. Buna görə də Azərbaycanda qiyam baş verdikdə və Əbülfəz Elçibəy postunu tərk etdikdə Ankara ilə bərabər Tehran da Heydər Əliyevin prezidentliyinə üstünlük verdi.
Ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə də İran-Azərbaycan münasibətlərini hamar adlandırmaq çətindir. Heydər Əliyev bir dəfə Bakıda İranın enerji nazirini qəbul edir . İranlı nazir Araz çayı üzərində bəndin inşasından danışır. Heydər Əliyev biləndə ki, həmin bənd Ermənistan tərəfdən işğal altındakı Azərbaycan torpaqları üzərində inşa edilir, iranlı nazirə kəskin etrirazını bildirərək, görüşü yarımçıq tərk edir. Bir dəfə də Heydər Əliyev İrana rəsmi səfəri zamanı qədim Azərbaycan şəhəri olan Təbrizi ziyarət etmək istəyir. Tehranın son anda Heydər Əliyevə verdiyi rədd cavabı onu xeyli məyus etmiş və o, İrana səfərini yarımçıq qoyaraq Azərbaycana qayıtmışdı.

Heydər Əliyev 1994-cü ildə neft müqavilələrini imzaladığı zaman da İranın müqaviməti ilə üzləşmişdi. Tehran Xəzər dənizinin statusunun müəyyənləşmədiyini əsas gətirərək, Azərbaycanın Qərb şirkətləri ilə neft müqavilələrinin əleyhinə çıxırdı. Tehrana bu məsələdə Kreml də dəstək verirdi. Heydər Əliyev bu vəziyyətdən çıxmaq üçün neft müqavilələrində Rusiya və İran şirkətlərinə pay vermək məcburiyyətində qaldı. Bundan sonra Qərbin böyük şirkətləri Xəzər dənizində rahat çalışmağa başlayırlar. Ancaq 1990-cı illərin sonunda İran Azərbaycana qarşı növbəti əzələ nümayişini göstərdi. Böyük Britaniyanın “bp” şirkəti Xəzərin Azərbaycana məxsus “İnam” yatağında çalışmalara başlayanda İranın hərbi katerləri yatağın ətrafında təhlükəli manevrlər etdilər . Tehran “İnam” yatağını mübahisəli saydığından bu yataqda çalışmaların əleyhinə idi. O gündən bu yana həmin yataqda kəşfiyyat çalışmaları dayandırılıb.

Heydər Əliyevin İranla sonuncu problemi 2001-ci ildə qeydə alındı. İranın hərbi təyyarələri həmin il Azərbaycanın hava məkanını kütləvi şəkildə pozurdu. İran təyyarələri Azərbaycanın Xəzərə aid hissəsində manevrlər edirdilər. Azərbaycan təyyarələrinə də eyni əmrin verilməsi iki ölkə arasındakı qarşıdurmanı təhlükəli həddə çatdıra bilərdi. Ancaq bu vəziyyətdən çıxış yolu tapılmalı idi, yoxsa İranın əzələ nümayişi Azərbaycanın prestijini zədələyəcəkdi.
Çıxış yolu tapıldı. Türkiyənin məhşur “Türk yıldızları” adı altında hərbi təyyarə briqadası Bakının mərkəzi “Azadlıq” meydanında nümayiş həyata keçirdi . Müstəqil qaynaqların hesablamalarına görə, “Türk yıldızları”nı izləmək üçün “Azadlıq” meydanına 1 milyona qədər Bakı sakini toplaşmışdı. “Türk yıldızları”nın Bakının mərkəzində və Xəzər ətrafındakı nümayişi İrana mesaj idi ki, İran Azərbaycana qarşı təxribatlarını davam etdirərsə, qarşısında Türkiyəni görəcək. Tehran bu mesajdan gərəkli nəticəni çıxartdı. Həmin gündən etibarən İran təyyarələrinin Azərbaycan sərhədindəki təhlükəli manevrləri müşahidə olunmadı.
Tehran Qarabağ münaqişəsində niyə vasitəçi olmaq istəyir?
İran Azərbaycanla münasibətlərdə gərginlik yaşamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəklərindən heç zaman əl çəkməyib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi 30 aprel 2012-ci ildə Tehranda verdiyi açıqlamada deyib ki, İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır. Onun sözlərinə görə, İran Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “Bizim regionda maraqlarımız var. Bölgədə təhlükəsizliyin və sabitliyin bərqərar olmasını istəyirik. Çünki bölgənin təhlükəsiz olması bizim xeyrimizədir. Biz bütün gücümüzlə məsələnin həllini tapmasına çalışırıq. Çünki İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir”.

Tehran təxminən hər 6 aydan bir “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilərəm” tezisini gündəliyə gətirir. İranlı rəsmilərin bu istəyinə müsbət reaksiya verilmədiyindən də bu istək tez unudulur, ancaq Tehran yenə geri çəkilməyərək təklifini gündəmə gətirir.
Tehran vasitəçi olmaq təşəbbüsünü irəli sürərkən, belə bir tezisdən çıxış edir ki, Qərb dövlətləri, o cümlədən ATƏT-in Minsk Qrupu münaqişənin həllində acizdir, ona görə də Azərbaycan və Ermənistan rəhbərliyi İrana müraciət etməlidirlər.

İranlı rəsmilərin Minsk Qrupu ilə bağlı yanaşmasında həqiqət payı var. Minsk Qrupu 20 ildir Dağlıq Qarabağ müaniqşəsinin həlliylə məşğuldur, ancaq nəticə yoxdur. Azərbaycanla Ermənistanın mövqeyi əvvəlkitək bir-birindən fərqlənir. Azərbaycan münaqişənin addım-addım həllində maraqlıdır, yəni birinci işğal altındakı torpaqlar boşaldılmalı, azərbaycanlı qaçqınlar evlərinə qayıtmalı, bundan sonra bölgənin statusu ilə bağlı danışıqlar başlamalıdır. Ermənistan isə əksinə, əvvəlcə bölgənin statusunun müəyyənləşdirilməsini istəyir, bundan sonra isə işğal altında saxladığı torpaqları boşaldacağını və azərbaycanlıların geri qayıda biləcəyini iddia edir. Minsk Qrupu 20 ildə tərəflər arasındakı bu ciddi fərqi aradan qaldıra bilməyib. Vasitəçilər tərəflər arasındakı məsələlərin 95 fazinin həll olunduğunu deyirlər. Ancaq əsas mübahisəli məqamlar məhz 5 faizin içində yerləşib ki, beynəlxalq vasitəçilər bunu həll edə bilmirlər.

Buna baxmayaraq, rəsmi Bakı Tehranın vasitəçi olmaq istəyini iki faktora görə müsbət qarşılamır.
Birinci faktor – 1992-çi ildə İranın vasitəçiliyi Azərbaycan şəhəri olan Şuşanın işğalı ilə nəticələnib. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ağır döyüşlər gedəndə İranın o zamankı prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan və Ermənistan prezidentlərini Tehrana dəvət edir. Prezidentlərin görüşündə atəşkəs sazişi imzalanır . Ancaq bu sazişin üstündən iki gün keçməmiş Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri azərbaycanlıların yaşadığı Şuşa şəhərinə hücum edərək, buranı işğal edirlər. Azərbaycanlılar İranın bu tarixi “vasitəçiliyini” heç zaman unutmayıblar.
Azərbaycanın siyasi dairələri ilə ictimaiyyəti həm də ona qəzəblidir ki, erməni silahlı birləşmələrinin bu hərəkətini Rəfsəncani pisləmədi, Şuşanın işğalının Tehran anlaşmasına zidd olduğunu Ermənistan tərəfə bildirmədi. Belə bir təsəvvür yarandı ki, İranla Ermənistan Tehranda imzalanan anlaşma ilə Azərbaycanı tora salıblar. Bu tarixi dərs rəsmi Bakını İranın vasitəçiliyindən yan keçməyə sövq edir.
İkinci faktor – İran Ermənistanla çox sıx əlaqələr qurub. Tehran İslam və şiə həmrəyliyindən danışsa da, Fələstinin işğalının yolverilməz olduğu deyərək İsraili qınasa da, müsəlman və əhalisinin əksəriyyətini şiələr təşkil edən Azərbaycan torpaqlarının işğalına görə Ermənistanı qınamır, əksinə, bu dövlətlə sıx əlaqələr qurub. İran-Ermənistan iqtisadi-ticarət mübadiləsi hər il artır, iki ölkə arasında qaz boru xətti mövcuddur, Tehran qonşu ölkədə neft emali və digər zavodlar tikməyi planlaşdırır. İranla Ermənistan arasındakı sıx münasibətlər elə bir müstəviyə çatıb ki, bundan hətta ABŞ da narahatdır. “WikiLeaks” saytında açıqlanan diplomatik yazışmalara görə, Cənubi Qafqazda çalışan amerikalı diplomatlar Vaşinqtona göndərdikləri hesabatlarda İran-Ermənistan əməkdaşlığının genişləndiyini və bunun ABŞ-ın təhlükəsizlik maraqlarına xələl gətirə biləcəklərini yazırdılar . İran-Ermənistan sıx əməkdaşlığı Azərbaycanı Tehranın vasitəçiliyindən çəkindirən ikinci faktordur.

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli İrandakı dairələrin maraqlarına cavab vermir. Rusiya kimi İrandakı hakim dairələr də Dağlıq Qarabağ probleminin uzanmasında maraqlıdırlar. Çünki, münaqişə ədalətli həll olunarsa, bu, Azərbaycanın ən başlıca probleminin ortadan qaldırılmasına və inkişafına yol açacaq, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaq, Ermənistan Türkiyə üzərindən Avropa bazarına çıxacaq, 3 dövlət (Azərbaycan, Ermənistan və Türkiyə) arasında birbaşa əlaqələr yaranacaq, kommunikasiya xətləri açılacaq, Ermənistan Azərbaycanın enerji resurslarının daşınması layihələrinə qoşula biləcək və beləliklə bu amillər Ermənistanın Rusiya və İrandan iqtisadi asılılığının azalmasına gətirib çıxaracaq.
Belə olan halda Tehran Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı ola bilərmi?

Tehran öz əli ilə Azərbaycanın möhkəmlənməsinə, Ermənistanın ondan asılılığının azalmasına və Qərb dünyasına çıxmasına şərait yarada bilərmi?

Digər tərəfdən, Tehranın vasitəçilik təklifinə heç Yerevan da müsbət yanaşmır. Baxmayaraq ki, hər iki dövləti Azərbaycana qarşı nifrət birləşdirir. Ermənistan iqtisadi və enerji zəminində nə qədər İrandan asılı olsa da, Bakı kimi Yerevan da İran hakimiyyətinə sonadək inanmır. Ermənistan İranın ondan Qərbə qarşı istifadə edə biləcəyindən ehtiyat edir. Təsadüfi deyil ki, İran son zamanlar “Vasitəçi olmaq istəyirəm” deyərkən, Ermənistandakı siyasi dairələr yumşaq şəkildə Tehrana “Bu işlə Minsk Qrupu məşğuldur” mesajını göndərirlər.

Bu halda Tehranın israrla Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq nəyinə lazımdır?

İran nüvə çalışmalarını davam etdirmə və insan haqlarını sıxışdırma siyasəti nəticəsində böyük dövlətlər, o cümlədən bölgənin bir çox ölkəsi tərəfindən tərk edilib. Sanksiyalar sərtləşir, hava zərbələri aktuallaşır. Belə bir məqamda Tehran sülhpərvər, bölgədə çəkisi olan ölkə kimi meydanda yer almaq istəyir. Dağlıq Qarabağ münaqişəsinin həllindəki “vasitəçilik” istəyi Tehrana buna görə lazımdır. İran bütün mümkün vasitələrlə təcrid vəziyyətindən çıxmaq istəyir.

Ancaq Tehranın sonu bəlli olmayan sülhpərvər obrazı Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Azərbaycan bu şəkildə İranın regional “müsbət imic” formalaşdırmasına yaşıl işıq yandırmağı düşünmür. Rəsmi Bakı buna razılaşsa belə, Azərbaycanın Qərbdəki müttəfiqləri İranın vasitəçiliyini qəbul etməzlər.

Bəzi ehtimallara görə, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin intensiv pozulması və bu halların genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi ehtimalı da İrandakı siyasi və dini dairələrin maraqlarına cavab verir. Necə ki, Tehran Suriyadakı qətliamlardan istifadə edərək, diqqəti nüvə problemindən yayındırmağa çalışır, eləcə də Cənubi Qafqazda başlaya biləcək müharibənin alovlanması onun taktiki maraqlarına xidmət edə bilər.

İranın təzyiq aləti - Xəzərin müəyyənləşməyən statusu
İranın illərdir Azərbaycana təzyiq etdiyi digər mövzulardan biri də Xəzərin statusudur. Xəzərin statusu vaxtilə SSRİ ilə İran arasında 1921 və 1940-cı illərdə imzalanan sazişlərlə nizamlanırdı. SSRİ dağıldıqdan sonra status məsələsinin aktuallığı artdı. Çünki, SSRİ-nin dağılması nəticəsində Xəzəryanı ölkələrin sayı 2-dən (SSRİ və İran) 5-ə çatdı (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan).
Tehran yeni situasiyadan istifadə edərək, Xəzərdəki payını artırmaq iddiasını ortaya qoydu. İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Halbuki, beynəlxalq dəniz hüququna görə, sərhəd ortaq nöqtədən hesablanmalıdır. İranın bu inadkarlığı statusun müəyyənləşməsini 21 ildir yubadır. Status da müəyyənləşmədiyindən sahilyanı ölkələrdən Rusiya, Azərbaycan və Qazaxıstan dəniz sərhədini öz aralarında müəyyənləşdiriblər.

Moskva Tehranın Xəzərə olan iddialarını qəbul etməsə də, Rusiya hakimiyyəti də Xəzərin statusunun müəyyənləşməməsindən öz maraqları üçün istifadə edir. Məsələn, statusun müəyyənləşməməsi Rusiyaya imkan verir ki, dənizin dibi ilə Türkmənistanla Azərbaycan arasında qaz boru xətti çəkilməsin. Məhz bu əngələ görə Avropa Birliyinin çox arzuladığı NABUCCO layihəsinin gerçəkləşməsi problemə çevrilib.
2007-ci ildə Xəzəryanı dövlət başçıları Tehranda toplaşırlar. Bu toplantıda da həmişə olduğu kimi statusla bağlı irəliləyiş əldə olunmur. Bunun əvəzinə Tehranda bəyannamə imzalanır. Həmin bəyannaməyə diqqət yetirəndə bir çox müddəanın əsasən Azərbaycana aid olduğu aydınlaşır. Bəyannamədə Xəzərdə sahilyanı olmayan üçüncü ölkələrin hərbi gəmilərinin üzməsinə qadağa qoyulmasından tutmuş ərazilərin qonşulara qarşı istifadəsinə imkan verilməməsinə qədər maddələr yer alıb .

Aydındır ki, sənəddə üçüncü ölkə deyəndə faktiki ABŞ və NATO qüvvələri nəzərdə tutulub. Beş Xəzəryanı dövlətdən NATO və ABŞ-la ən sıx əməkdaşlıq edəni Azərbaycandır. Demək, Rusiya və İran Tehran bəyannaməsilə Qərbin bölgədə tək müttəfiqi olan Azərbaycanın əl-qolunu bağlamağa qərar veriblər. Prezident İlham Əliyev Azərbaycan ərazisindən qonşulara qarşı istifadə edilməyəcəyinə dair hər dəfə açıqlama səsləndirsə də, bu, İrandakı dairələri heç zaman sakitləşdirməyib. Azərbaycan prezidenti Tehran bəyannaməsinə imza atmaqla üzərinə şifahi deyil, yazılı öhdəlik götürüb. Sadəcə, bu bəyanat da İranı rahatlatmayıb.


Tehranın notası: hərbçimizi niyə öldürdünüz?

İlham Əliyev 2003-cü ildə prezident seçildikdə İranla gərginliyi azatmağa qərar verdi. O, hakimiyyətinin ilk illərində İranı qıcıqlandıra biləcək hər addımdan çəkinirdi. İlham Əliyev prezidentliyinin ilk 5 ilində İranla münasibətlərdə elə bir gərginlik yaşamadı. Ancaq elə ki, Qərb İranın nüvə çalışmalarına qarşı siyasətini sərtləşdirdi, bu ölkəyə qarşı sanksiyaların tətbiqi mövzusunu gündəmə gətirdi, İran-Azərbaycan münasibətləri də tədricən gərginləşməyə başladı və artıq İlham Əliyevin bu gərginliyi azaltmaq üçün bütün təşəbbüsləri heçə endi.
2011-ci ilin ortalarından başlayaraq, İran-Azərbaycan arasındakı gərginlik artan xətt üzrə inkişaf edir.
İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə yol açan əsas amillərdən biri İsraillə Azərbaycan arasında artan hərbi əməkdaşlıq göstərilir. Tehran bu əməkdaşlıqdan açıq-aşkar narahatdır. 2011-ci ilin ortalarında İsrailin Azərbaycana 1milyard 600 milyon dollar civarında silah satdığı xəbəri açıqlandıqdan sonra Tehranın Azərbaycan hakimiyyətinə qarşı aqressivliyi bir az daha artdı. Tehran bu silahların ona qarşı yönəlməyəcəyinə dair Bakının arqumentlərini qəbul etmədi. Əksinə İran rejimi düşünür ki, İsrail gələcəkdə Azərbaycan ərazilərindən ona qarşı istifadə edə bilər. Məşhur “Foreign Policy” dərgisində İsrailin guya Azərbaycanda hərbi baza alması ilə bağlı yayınladığı yazı da Tehranı aqressivləşdirdi. Tehran Bakının bu məsələyə aydınlıq gətirməsini istədi. Bakının bütün izahatlarına baxmayaraq, Tehran Azərbaycan hakimiyyətinin arqumentlərinə yenə inanmadı.

Rəsmi Bakı əgər əvvəllər İsraillə münasibətlərdə İran amilini nəzərə alırdısa, son illər Tehranın mövqeyini diqqətə almır. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin güc yoluyla həllini istisna etmədəyindən müasir silahlara ehtiyac duyur. Bu silahları isə Qərbdən ala bilmir. Çünki, Qərb ölkələri Qarabağ münaqişəsinə görə Azərbaycan və Ermənistana silah satmamaq barədə qeyri-rəsmi embarqo həyata keçirirlər. Ermənistan Rusiya tərəfdən silahlandığından Azərbaycan alternativ yollara baş vurur. Azərbaycan iki ölkədən modern silahlara ala bilir. Bunlar Türkiyə və İsraildir. Ancaq İsraillə artan əməkdaşlığa baxmayaraq, Azərbaycan hakimiyyəti bugünə qədər İsraildə səfirlik açmağı da lazim bilməyib.

İran ordusunun baş qərargah rəisi Həsən Firuzabadi 2011-ci ilin avqust ayında Azərbaycan xalqını aşağılayan və prezidenti hədələyən bəyanatla çıxış etdi. Azərbaycanda din əleyhinə addımları tənqid edən Firuzabadi ölkə başçısına xitabən “Azərbaycan prezidenti diqqətli olmalı və bilməlidir ki, xalqın oyanışını tapdalamaq olmaz” dedi.

Eyni zamanda general Azərbaycanda dinə qarşı addımların sionistlərin göstərişi ilə edildiyini iddia etdi. “Mən bundan öncə də xəbərdarlıq edərək bildirmişdim ki, Aran əhalisinin (“Aran” deyərkən Azərbaycan nəzərdə tutulur) ürəkləri İslam, Quran və Əlinin eşqi ilə döyünür” deyən Firuzabadi Azərbaycan prezidentinə xitabən onu diqqətli olmağa çağırıb. Sitat: “Ümidvaram cənab İlham Əliyev öz hökumətinin sütunlarını möhkəmləndirən dini ehkama və bu kimi məsələlərə artıq diqqət yetirəcək. Əks təqdirdə, onun aqibəti qara olar və Aran xalqının oyanışı yatırdılası deyil” .

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iranlı generalın bu açıqlamasına görə Tehrana etiraz notası göndərdi. Tehran da Bakını çox gözlətmədi. Notaya cavab verildi, sadəcə, Azərbaycan XİN Tehrandan göndərilən sənədi açıqlamağı lazım bilmədi. Görünür, həmin notada Azərbaycana qarşı növbəti dəfə aşağılayıcı cümlələrdən istifadə olunmuşdu. Buna görə də mətbuat bu notadan xəbərdar olmadı.

İranlı generalın açıqlamasından 1 ay sonra Azərbaycan-İran sərhədində ölümlə nəticələnən insident baş verdi. İranlı hərbçi Azərbaycanın dövlət sərhədindən 1200 metr məsafə irəriləyərək, əmrə tabe olmadığıdan ona qarşı silah tətbiq olundu. Nəticədə iranlı hərbçi aldığı güllə yarasından xəstəxanada vəfat etdi. Ölümlə nəticələnən bu olay iki ölkə arasında növbəti nota «mübadiləsinə» yol açdı.

Hadisədən bir gün sonra Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırıldı. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası tədqim edildi. “Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davranıb” deyilən notada Azərbaycan hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənildi .

İran-Azərbaycan sərhədində bundan əvvəl də oxşar olaylar baş verirdi. Ancaq hər zaman sərhəd pozuculuğu məhz İran tərəfindən qeydə alınırdı. İranlı əsgərin günorta saatlarında Azərbaycan ərazisinə bir neçə yüz metr daxil olmasına İran tərəfi tutarlı cavab verə bilmədi.
İran-Azərbaycan sərhədinin bir başqa problemi də narkotik maddələrin daşınmasıdır. İran-Azərbaycan sərhədindən keçirilən narkotik maddələrin miqdarı da hər il artır. Azərbaycan rəsmilərinin sözlərindən bu qənaətə gəlmək olar ki, ələ keçirilən narkotik maddələr sərhəddən keçirilənin cüzi hissəsidir.

İranda narkotik maddələrin saxlanılmasına və daşınmasına görə vətəndaşlara ən ağır ölüm cəzası nəzərdə tutularkən necə olur ki, İran sərhədçiləri Azərbaycanla sərhədi nəzarət altında saxlaya bilmirlər?

Sanki İrandakı müəyyən qüvvələr zəhərli maddələrin kütləvi surətdə Azərbaycana keçirilməsində maraqlıdırlar. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2011-ci ilin dekabrında Bakıda “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda keçirilən tədbirdə Əfqanıstanda istehsal olunan narkotik vasitələrin dünyaya daha çox İran vasitəsilə yayıldığını deyib: “Azərbaycana da narkotik vasitələrin böyük hissəsi İran ərazisindən gəlir. Bunun nəticəsidir ki, dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısının alınması zamanı toqquşmalar baş verir. Narkotik qaçaqmalçıları ilə silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb” .

Rəsmi Bakı İranın təbliğat maşınını neytrallaşdıra bilmir

İrandan narkotik axını ilə yanaşı, rəsmi Bakını İrandan Azərbaycana qarşı informasiya təxribatları da daim narahat edib. İran bu fəaliyyətini “Səhər” televiziya kanalı vasitəsilə həyata keçirir. Bu kanal Azərbaycan dilində və Azərbaycan ərazisinə yayımlanır. Kanal əsasən Azərbaycanın İranla sərhəd rayonlarını əhatə edir. Azərbaycan hakimiyyəti dəfələrlə bu mövzuda İran hakimiyyətinə müraciət edərək, Tehranı beynəlxalq yayım normalarına riayət etməyə çağırsa da, “Səhər” kanalı əvvəlkitək yayımını davam etdirir. Münasibətlərin gərginləşdiyi indiki durumda “Səhər” televiziya kanalı Azərbaycana qarşı təbliğat çalışmalarını bir az daha genişləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu problemi həll etmək məqsədilə 2011-ci ilin dekabr ayında İrana səfər edir. Əli Həsənov İranın Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami, onun müavinləri Məhəmməd Sərəfraz, Seyid Məhəmməd Hüseyni və Əli Əsgəri ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının teleradio sahəsində və ümumi informasiya məkanındakı real vəziyyəti ətrafında fikir mübadiləsi aparır. Görüşdə Azərbaycanın və İranın mövcud informasiya siyasəti, bölgənin teleradio məkanındakı imkanları və sərhədətrafı yayım siyasəti, iki ölkə arasında mətbuat-informasiya sahəsində real vəziyyət, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti müzakirə edilir.

Azərbaycan rəsmisi Tehrandakı görüşlərdə İran kütləvi informasiya vasitələrinin antiAzərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb. Əli Həsənov iranlı rəsmilərdə görüşlərdə bir tezisi də onların diqqətinə çatdırıb: “Azərbaycan heç zaman kənardan ölkə həyatına dini təriqətlərin idxal olunmasına yol verməyəcək” .

Əli Həsənovun bu səfəri heç bir nəticə vermədi. Çünki, İran təbliğat maşını antiAzərbaycan təbliğatını nəinki azaltdı, əksinə, bu kampaniya onun səfərindən sonra bir az daha genişləndi.
Tehran Azərbaycanın səmimiyyətinə inanmır
2012-ci ilin əvvəllərindən iki ölkə arasındakı gərginlik pik nöqtəsinə çatıb. Azərbaycanın İrandakı səfiri iki dəfə İran XİN-ə çağırılır və ona etiraz notası təqdim olunur. Birinci notada İranın nüvə üzrə alimlərini qətlə yetirən və onların təbirincə desək, İsrail agentlərinin Azərbaycan ərazisindən istifadə edərək İranı tərk etmələrinə görə etiraz bildirilir. İkinci notada isə bildirilir ki, Azərbaycan İsraildən 1,6 mlrd. dollar məbləğində silah alıb və bu silahdan İrana qarşı istifadə oluna bilər.

Rəsmi Bakı hər iki ittihamı rədd edir. Buna baxmayaraq, Tehran hesab edir ki, Azərbaycan bu və ya digər formada İrana qarşı beynəlxalq sanksiyalarda iştirak edəcək və onun ərazisindən ABŞ-ın İrana mümkün hərbi əməliyyatı üçün istifadə edilə bilər. Halbuki, prezident İlham Əliyev Azərbaycan torpaqlarından İrana qarşı istifadə edilməyəcəyini 2012-ci ildə də bir neçə dəfə təkrarlayıb. Bu fikri İrandan geri qayıdan Əli Həsənov də təkrarlayıb. O, yerli ANS telekanalına müsahibəsində bildirib ki, Azərbaycan heç zaman öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik aksiyaları üçün istifadə olunmasına yol verməz. “İranda 40 milyona yaxın etnik azərbaycanlı yaşayır. Biz necə razı ola bilərik ki, soydaşlarımızın başlarına bomba düşsün. Bu, qətiyyən mümkün deyil”, - o bildirib.

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin 2012-ci ilin 7 martında Naxçıvan görüşündə qəbul edilən bəyannamədə də İrana qarşı qonşu torpaqlardan istifadə olunmayacağı vurğulanır. 14 maddəlik bəyanatın 7-ci maddəsində deyilir: “Tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edirlər” .
İlham Əliyev İranı bir az daha sakitləşdirmək üçün imzalanan bəyanatdan 4 gün sonra müdafiə naziri Səfəri Əbiyevi Tehrana göndərir. Səfər Əbiyev də digər Azərbaycan rəsmiləri kimi İran tərəfini inandırmağa çalışır ki, Qərblə əməkdaşlıq və İsraildən alınan silahlar İrana qarşı yönəlməyib. Səfər Əbiyev bunu həm İran prezidenti Mahmud Əhmədinejata, həm də İranın müdafiə naziri ƏhmədVahidiyə söyləyir. “Biz İranla dinc-yanaşı münasibətlərin olması zəruriliyinə inanırıq, buna təkid edirik” deyən Səfər Əbiyev
Tehranı münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyə çağırıb .

Ancaq nə İlham Əliyevin açıqlamaları, nə Əli Həsənovla Səfər Əbiyevin Tehrana səfəri, nə də xarici işlər nazirlərinin üçtərəfli Naxçıvan bəyanatının xeyri olur. Dəfələrlə toplanan İran-Azərbaycan hökumətlərarası və parlamentlərarası komissiyalar da gərginliyi aradan qaldıra bilmirlər. 2012-ci ilin aprel və may aylarında İrandan Azərbaycana qarşı açıqlama, təhdid və təzyiqlərin miqyası bir az daha artır.

Əslində nə İran prezidenti, nə də dini lideri Əli Xamaneyi rəsmi açıqlamalarında Azərbaycanın əleyhinə heç nə deməyiblər, ancaq onlara bağlı olan siyasi qrupların təmsilçiləri və ruhanilər daim Azərbaycan əleyhinə açıqlamalar verirlər. İran teokratik dövlətdir. Bu baxımdan yuxarıların icazəsi olmadan aşağıların kimisə hədəf alması mümkün görünmür.

Yeni hədəf: “Avrovizion”

İrandakı dini dairələr Bakıda 2012-ci ilin may ayında keçirilən beynəlxalq “Avrovizion” musiqi yarışmasını hədəf aldılar. Bu yarışmanın Bakıda keçiriləcəyi 1 il öncədən bəlli idi, 2011 və 2012-ci ilin may ayına qədər İrandan elə bir irad bildirilməmişdi. Ancaq elə ki, mahnı yarışmasının keçirilməsinə bir neçə həftə qaldı, İrandan müxtəlif səpkili xəbərdarlıq bəyanatları səslənməyə başladı.
İran parlamentinin deputatı Məhəmməd Kərəmirad həmin günlərdə jurnalistlərə açıqlama verərək, Azərbaycanda keçiriləcək “Avrovizion” mahnı yarışmasını həyasızlığı yaymaq məqsədi daşıdığını bildirdi. Deputat şiəliyə istinad edərək bunları dedi: “Azərbaycan Respublikası əhalisi əsasən müsəlman şiələrdən ibarətdir. Belə bir ölkədə bu müsabiqənin keçirilməsi Qərbin hiylələrindən biri sayılır və islamofobiya siyasətinə xidmət edir. Azərbaycan hökuməti Qərbin istiqamətləndirməsi ilə bu ölkəni sionist rejim üçün bir bazaya çevirməkdədir və İslam dinini zəiflətmək məqsədilə onların yürütdüyü siyasətləri çərçivəsində hərəkət edir. Azərbaycan hökuməti dərhal bu rüsvayçı və əxlaqa zidd müsabiqənin keçirilməsinin qarşısını almalıdır, əks təqdirdə bu ölkə müsəlmanlarının ciddi reaksiyası ilə üzləşəcək” .

İranın din xadimləri də həmin günlər fəallaşdılar. Onlar Avropadan gələn mavilərin Bakıda küçə yürüşü keçirəcəklərini iddia edərək, buna qarşı sərt addımlar atacaqlarını vurğuladılar. Bu azmış kimi, Cümə namazından sonra İranın Təbriz şəhərində “Avrovizion” əleyhinə yürüş təşkil edildi.

Bu arada, Azərbaycan əleyhinə daha bir addım atıldı. İranda şeir müsabiqəsinə qatılan Azərbaycanın iki vətəndaşı - Şəhriyar Hacızadə və Fərid Hüseyn müəmmalı şəkildə yoxa çıxdılar. Azərbaycan XİN və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Azərbaycan vətəndaşlarının azad olunması xahişi ilə dəfələrlə Tehrana müraciət etsələr də, həmin şairlərdən bu günə qədər xəbər yoxdur. Şairlərdən biri Bakıdakı ailəsinə etdiyi telefon zəngində həbsxanada saxlandığını deyib. Tehran Azərbaycan vətəndaşlarını hansı səbəbdən saxladığını bir ay içində izahatını etməyib.
Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev vətəndaşlarımızın geri qaytarılması üçün cəhdlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, İran tərəfi rəsmi müraciətlərə cavab verməsə də, rəsmi təmaslar davam edir. E.Abdullayev bildirib ki, artıq azərbaycanlılar üçün İrana səfər etmək təhlükəli hala çevrilib: “Azərbaycan öz vətəndaşlarının hüquqlarının müdafiəsinə sonadək davam edəcək. Ancaq təəssüflər olsun ki, vəziyyət elə məqama gəlib ki, Azərbaycan vətəndaşları üçün İrana səfər etmək heç də təhlükəsiz deyil. Belə görünür, İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda yoxa çıxması ehtimalı var. Azərbaycan tərəfinə həmin şəxslərin tutulub-tutulmaması ilə bağlı hətta məlumat da verilmir. Amma biz səylərimizi davam etdiririk”.
Mətbuat katibi daha sonra deyib ki, Azərbaycan iki dəfə İrana şairlərin taleyi ilə bağlı nota verib, rəsmi müraciətlər olub: “Vyana Konvensiyasına əsasən hansısa ölkədə xarici ölkə vətəndaşı saxlanıldıqda və ya başına iş gəldikdə onların mənsub olduqları ölkəyə məlumat verilməlidir. Ancaq göründüyü kimi, ötən müddətdə İran tərəfi beynəlxalq qanunvericiliyi pozaraq bu barədə məlumat vermir” .

Bəzi ehtimallara görə, həbsdə yatan Azərbaycanın iki vətəndaşını “Avrovizion” qurbanıdır. Tehran bu kimi addımları ilə Bakının nəbzini yoxlayır, qarşılıqlı olaraq hansı adekvat addımların atılacağını gözləyir. İyun ayında İranın rəsmi saytlarında belə bir xəbər yayıldı ki, Azərbaycanlı iki şair narkotik qaçaqmalçılığında və İsrailin kəşfiyyat xidməti olam “Mossad”a casusluqda ittiham olunurlar. Azərbaycan XİN-nin saxta adlandırdığı bu ittihamlar ondan xəbər verir ki, Tehran qonşusuyla münasibətləri normallaşdırmağa maraq göstərmir.

Bütün bu gərginliyin nəticəsi olaraq da rəsmi Bakı İran siyasətini dəyişməyə qərar verdi. Əgər Azərbaycan hakimiyyəti illər boyu İrandan gələn təzyiq və təhdidləri danışıqlar və yumşaq açıqlamalar şəklində yoluna qoymağa çalışırdısa, son olaylardan sonra sərtliyə sərtliklə cavab verməyə üstünlük verir.
Rəsmi Bakı ilk öncə televiziya kanallarında Milli Təhlükəsizlik Nazirliyinin Bakıda terror törətməkdə şübhəli bildiyi Azərbaycan vətəndaşlarının həbsi və dindirilməsi səhnələri efirə verdi. Həmin süjetlərdə həbs edilənlərin İranda təlim keçdikləri və Bakıda Qərb ölkələrinin nümayəndəliklərinə, o cümlədən İsrail səfirliyində qarşı partlayışlar hazırladıqları bildirildi.

Azərbaycanda İran kəşfiyyatçıları və onlara casusluq edənlər hər zaman həbs olunublar. Ancaq ilk dəfəydi ki, həbs edilənlərin Azərbaycanda terror aktları törətmək tapşırığının İrandan alındığı qeyd edilirdi. Maraqlıdır ki, indiyənə qədər İran ərazisində Azərbaycana casusluq etdiyi iddiası ilə bir İran vətəndaşı belə həbs olunmayıb.
Azərbaycan hakimiyyəti təbliğat müharibəsində də İrandan geri qalmaq istəmir. Təbrizdə antiAzərbaycan mitinqinin əvəzinə Bakıda da İran səfirliyi qarşısında antiİran mitinqi keçirildi, İran prezidenti və dini lideri əleyhinə şüarlar səsləndirildi, onların karikaturaları göstərildi. Sonuncu aksiyanın Azərbaycan hakimiyyətinin birbaşa sanksiyası ilə həyata keçirildiyi aydın idi. Çünki, adətən İran səfirliyi qarşısındakı yürüşləri əngəlləyən polis bu dəfə əksinə, səfirliyə gedən yolu bağladı ki, mitinq iştirakçıları maneəsiz hərəkət edə bilsinlər.

Bakıdakı icazəli mitinqdə İranın dini lideri Əli Hameneyinin karikaturasının əks olunması Tehranın kəskin etirazına səbəb oldu. İranın xarici işlər naziri Əli Əkbər Salehi açıqlamasında Bakının üzr istəməsinin vacibliyini dedi. Azərbaycan rəsmiləri isə həmin karikaturaya görə üzr istəməyəcəyini bildirdilər. Əksinə, Azərbaycan XİN qarşılıqlı bəyanat verərək, Təbrizdəki mitinqdə Azərbaycan prezidentinin təhqir olunmasına görə birinci İran tərəfinin üzr istəməsini vacib saydı.

Bir neçə gün sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı. Bəyanatda sərtlik həddini keçən aşağıdakı cümlələr yer almışdı :
- “İran səfriliyi qarşısındakı aksiya Azərbaycan Respublikasında olan bəzi dairələrin istiqamətləndirdiyi sifariş olmaqla yanaşı regionda Qərb və sionist dairələrin yaratdığı antiİslam cərəyanları ilə əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır”;

- “Bu kimi aksiyanı planlaşdıran qüvvələr bilmir ki, dünya şiələrinin liderinin ardıcılı olan, milyonlarla insanın, xüsusilə İran İslam Respublikasının azəri dilli vilayətlərində onun yolunda canlarını qurban verməyə hazır olan qeyrətli insanların dini hisslərinin təhrik edilməsi, qəzəb və kin hisslərinin coşdurulması bu kimi gücsüz və alçaq ssenarilərin müəllifləri üçün nə dərəcədə təhlükəli nəticələr verə bilər”;
- “Gözləntilərə rəğmən aidiyyəti məsul şəxslərin növbəti ehtiyatsızlıq edərək bu nümayəndəliyin binası önündə 16 may tarixində növbəti aksiyanın keçirilməsinə imkan vermələri təəssüf hissi doğurur. Saxta və qondarma bəhanələrlə atılan bu kimi və ona oxşar addımlar Qərbin və çökməkdə olan sionist rejimə canfəşanlıqla xidmət etmək istiqamətindədir”.
Səfirliyin adından yayılan bu bəyanat böyük ehtimalla Tehranda hazırlanmışdı. Mayın 21-də İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Tehrana geri çağırıldı. Mayın 22-də İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada səfirin Bakını tərk etməsi belə izah olunmuşdu: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb” . Səfir təxminən 1 aydan sonra Bakıya qayıtdı.
İran-Azərbaycan münasibətlərinin gərginləşməsində rəsmi Bakının da maraqlı olduğuna dair mülahizələr var. Qərb Azərbaycan hakimiyyətini siyasi və iqtisadi islahatlar aparmadığına, şəffav və ədalətli seçki keçirmədiyinə görə daima tənqid edir. Azərbaycan demokratiyanın vəziyyəti ilə bağlı beynəlxalq hesabatlarda sonuncu sıralarda yer alıb. Azərbaycan hakimiyyəti də bu təzyiqdən qurtulmaq üçün bəzən İran kartından istifadə edir. Yəni Azərbaycan rəsmiləri demək istəyirlər ki, “İran bizi sıxır, daxili işlərimizə qarışır, belə bir vəziyyətdə tərəfdaşımız olan Qərbdən təzyiq yox dəstək gözləyirik” və guya belə bir vəziyyətdə islahatları dərinləşdirmək asan deyil. Azərbaycan hakimiyyəti Qərbə həm də o mesajı yollayır ki, Tehran məhz Qərblə artan əməkdaşlığa görə Azərbaycanı hədəf götürüb. Bu arqumentlərin Qərbdə ciddi qəbul olun-olunmadığını söyləmək çətindir, ancaq hər halda İranla münasibətlərdə gərginliyi, İslam fundamentalizminin Azərbaycanda yayıla biləcəyini əlində bəhanə edən rəsmi Bakı islahatlara başqa səbəbdən maraq gəstəmir. Bu da hakimiyyətin itirilməsi təhlükəsidir.

Iran Azərbaycanı niyə hədəf seçib?

İranın Azərbaycana qarşı təzyiq və təhdid siyasətinin arxasında xarici deyil, daxili amil dayanır. İranda fərqli statistik rəqəmlərə görə 35 ilə 40 milyon arasında azərbaycanlı yaşayır. Bu, faktiki İran əhalisinin yarısı deməkdir. Yəni İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların sayından faktiki 3-4 dəfə çoxdur. Həmin azərbaycanıların bir hissəsi kompakt şəkildə İranın şimalında yaşayırlar.
İran azərbaycanlıları XX sərdə bir neçə dəfə müstəqillik mübarizəsinə qalxıblar. Cənubi Azərbaycanda müxtəlif illərdə silahlı qiyama başçılıq edən Şeyx Məhəmməd Xiyabani (1880-1920), Səttərxan (1866-1914) və Seyid Cəfər Pişəvəri (1892-1947) kimi liderlər olub. Seyid Cəfər Pişəvəri hətta 1945-ci ildə Cənubi Azərbaycanın müstəqlliyinə də nail olub. Ancaq SSRİ ilə ABŞ arasında İranın bütövlüyü ilə bağlı razılaşması Cənubi Azərbaycanın müstəqilliyinə son qoyub və şaha bağlı ordu hissələri şimal bölgələrinə qoşun yeridiblər.

İran azərbaycanlıları 1979-cu ildə şahın devrilməsində də böyük rol oynayıblar. Hətta İslam Respublikasının qurucusu Xomeyni deyirdi ki, inqilaba Təbrizdə başlanan mitinq və küçə yürüşləri şərait yaratmışdı. Buna baxmayaraq, İran azərbaycanlıları bu inqilabın nəticələrindən bəhrələnə bilmədilər. Vəd edilən hüquqlar onlara verilmədi. Azərbaycanlıların ana dillərində təhsil almaq hüququ bugünə qədər tanınmayıb. Azərbaycanlılara daha çox haqq verilməsini tələb edən insanlar ya həbs olunur, ya işdən çıxarılır, ya da özü və ailəsi təqib olunurlar.

1990-cı illərin ortalarından başlayaraq İranın Azərbaycan əyalətlərində yenidən fəallaşma başlayıb. Fəal azərbaycanlılar mitinq və küçə yürüşlərində haqlarının artırılmasını tələb edirlər. İran hakimiyyəti fəal azərbaycanlıları mütəmadi olaraq həbs etsə də, etirazın miqyasını azalda bilmir. 2000-ci illərin ortalarında azərbaycanlılar ekoloji tələblə də çıxış etməyə başlayıblar. Cənubi Azərbaycandakı Urmiya gölünün sürətlə quruması və göldəki duzlaqların ətrafa yayılaraq torpaq sahələrini yararsız hala gətirməsi azərbaycanlıların etirazına səbəb olub. Azərbaycanlılar Tehranı bu ekoloji fəlakətin qəsdən qarşısını almamaqda şübhəli bilirlər.

Məhz İran azərbaycanlılarının fəallığı Tehranı Azərbaycana qarşı siyasətini sərtləşdirməyə sövq edir. İranın siyasi və dini dairələrində belə bir düşüncə hakimdir ki, Azərbaycan Respublikasının inkişafı, Qərblə siyasi, iqtisadi və mədəni sahədəki inteqrasiyası, Bakının modern bir şəhərə şevrilməsi, ən nəhayət Azərbaycanın dünyəviliyini inkişaf etdirməsi İranda yaşayan azərbaycanlıların Azərbaycana Respublikasına marağını, cazibəsini artırır və onlar da İranda Azərbaycan kimi dövlət qurmaq və ya muxtariyyat istəklərinə baş vura bilərlər. İran azərbaycanlıları Azərbaycana gəlir, İrandan fərqli həyat şəraitini və sosial həyatda qadağaların az olduğu görürlər. Bu da onların baxışlarına ciddi sürətdə təsir edir. İranın siyasi və dini dairələrinin Bakıda keçirilən “Avrovizion” yarışması əleyhinə çıxmasının bir səbəbi də Qərb mədəniyyətinin faktiki İran sərhədinə gəlib çıxmasıdır. “Avrovizion” yarışmasının keçirildyi günlərdə minlərlə iranlı turist Bakıya gələrək, bulvarda gəzişir, park və meydanlardakı pop musiqisini və konsertləri həvəslə izləyirdilər.
Buna görə də İrandakı rejim hər vəchlə Azərbaycanı zəiflətməyə, inkişafını yubatmağa, əlavə problemlər yaratmağa çalışır. Tehran bu məqsədlə Azərbaycanda özünə “5-ci kolon” da formalaşdırmağa çalışır. Azərbaycanda İran və onun sisteminə rəğbət bəsləyən insanlar və qruplar var. Azərbaycanın cənub bölgələrində və Bakıətrafı kəndlərdə belələrinin sayı daha çoxdur.

Azərbaycanda İrana rəğbət bəsləyən İslam Partiyası da var. Bu partiya rəhbərliyi və üzvləri Azərbaycan Milli Təhlükəsizlik Nazilriyinin nəzarəti altında olsalar da, partiyanın Bakı kəndlərində və cənub bölgəsində - İranla sərhəd rayonlarda təsir imkanları genişdir.

Bakıda İrana meylli saytlar və informasiya agentlikləri də fəaliyyət göstərir. Bu qurumlar Azərbaycanda və dünyada baş verən istənilən neqativ hadisəni işıqlandırsalar da, İranda insan haqları və demokratiyaya qarşı təcavüz hallarını, ölüm hökmlərini və Suriyadakı qətliamları işıqlandırmırlar. İrana meylli siyasi qurumlar və şəxslər Azərbaycanın liberal yönümlü müxalifət dairələrinə də son zamanlar yol tapmağa çalışırlar. Həm liberal siyasi partiyalar, vətəndaş cəmiyyətinin fəal nümayəndələri, həm də İrana meylli islamçılar indiki Azərbaycan hakimiyyətinə müxalif olduqlarından vahid blokdan çıxış etməyə çalışırlar. Başqa sözlə, Azərbaycan müxalifətində islamçı cərəyanın formalaşdığını söyləmək mümkündür.

Azərbaycan Təhsil Nazirliyinin hicablı qızların məktəbə girişini qadağan etməsi liberal qüvvələrlə islamçılar eyni mövqedən çıxış etməyə sövq etdi. Liberal qüvvələr İranın daxili və xarici siyasətini sərt tənqid etsələr də, Azərbaycanda Tehranın təsiri altındakı qrup və insanlarla əməkfdaşlığa üstünlük verirlər. Hədəf Azərbaycan hakimiyyətini dəyişməkdir. Ancaq sonrakı mərhələdə liberal qüvvələrlə islamçı qrupların maraqlarının kəsişəcəyini də görməmək mümkün deyil. Birincilər Azərbaycanda dünyəviliyin tərəfdarlarıdırlar, ikincilər isə İran tipli dövlətin qurulmasını istəyirlər.

İran Azərbaycanda yaratdığı mədəniyyət və yardım mərkəzləri vasitəsilə bu insanlara yardım edir, ərzaq paylayır və və bir qrup Azərbaycan vətəndaşının İranın müqəddəs şəhərlərinə pulsuz ziyarətlərini təşkil edirlər.

Balanslaşdırılmış xarici siyasət Azərbaycanı İranın təhdidlərindən sığortalamır

Azərbaycan hakimiyyəti 2000-ci illərdən başlayaraq balanslaşdırlmış xarici siyasətə üstünlük verdiyini elan edib. Hətta bu məqsədlə Azərbaycan 2011-ci ilin mayında çoxdan unudulan Qoşulmayanlar Hərəkatına üzv olub. Rəsmi Bakının bu siyasəti elan etməkdə məqsədi bu idi ki, bir tərəfdən Qərb (NATO), digər tərəfdən Rusiya (Kollektiv Təhlükəsizlik Müqaviləsi və Avrasiya Birliyi ) və İran arasında seçim qarşısında qalmasın. Ancaq İranın 2011-ci ildən başlayan və bugünə qədər davam edən təzyiqləri göstərir ki, balanslaşdırılmış xarici siyasət Azərbaycanı İranın təhdidlərindən qorumur. Elə Azərbaycan-Rusiya münasibətlərində də ciddi suallar yaranıb.

Rusiyanın yeni prezidenti Vladimir Putin Avrasiya Birliyi ideyasını irəli sürüb. Putinin fikrincə, gələcəkdə bu quruma Azərbaycan da üzv olmalıdır. Ancaq Azərbaycanın bu quruma üzvlüyü problematikdir. Həmin qurumda Ermənistanın yer alması Azərbaycanın Avrasiya Birliyində yer almasını mümkünsüz edir. Doğrudur, Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyində (MDB) də yer alıblar. Ancaq MDB amorf bir qurumdur, Avrasiya Birliyi isə Avropa Birliyinə bənzər inteqrativ struktur kimi nəzərdə tutulub. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan isə Azərbaycanın Ermənistanla eyni məkanda inteqrasiya proseslərinə qoşulması mümkün görünmür. Azərbaycan elə bu səbəbdən də vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaqdan imtina etmişdi.

Azərbaycanla Rusiya arasındakı ikinci mübahisəli məqam Azərbaycanın Qəbələ rayonundakı Rusiyaya məxsus radiolokasiya sistemidir. Bu sistemin Rusiya tərəfdən 10 illik icarə müddəti bu il bitir və Azərbaycan artıq bu stansiya ilə bağlı Moskva ilə yeni anlaşma imzalamaq istəmir. Odur ki, bu məqam da Kremlin yeni sahibini narahat edir. Yəni yaxın aylarda İranla bərabər Rusiyanın da təzyiqləri Azərbaycana arta bilər.

Belə bir durumda Azərbaycanın balanslaşdırılmış xarici siyasətini ciddi korrektə edib Qərb və Türkiyə ilə siyasi, iqtisadi və hərbi əlaqələri intensivləşdirməkdən başqa seçimi qalmayıb.
Azərbaycanın rəsmi dairələrində və parlamentdə İrana qarşı sanksiyalara qoşulmaq çağırışları getdikcə artır. Onsuz da İran nüvə çalışmalarından əl çəkməzsə, Azərbaycanın bu sanksiyalara qoşulmaqdan başqa alternativi qalmayacaq.

ABŞ-da İranla bağlı qəbul olunan yeni qanuna görə, İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici şirkətlər və maliyyə qurumları ABŞ bazarına daxil ola bilməyəcəklər. Bu, İranla əməkdaşlıq edən Azərbaycan banklarına aiddir. Bunun nəticəsidir ki, Azərbaycan bankları son zamanlar İran bankları, o cümlədən İranın Mərkəzi Bankı ilə təmasları aşağı səviyyəyə endiriblər. İran Mərkəzi Bankının Bakıdakı ofisi həm əməliyyatların sayını, həm də işçilərini ixtisar etmək məcburiyyətində qalıb.

İrana qarşı digər sanksiyaların hazırlanması xəbərləri də var. İranın dəniz və hava limanına daxil olan gəmi və hava nəqliyyatı vasitələrinə qarşı da sanksiyaların tətbiqi nəzərdə tutulub. İrana gedib-gələn nəqliyyat vasitələri ABŞ və Avropa Birliyi bazarlarına daxil ola bilməyəcəklər. Bu sanksiyalar İranın beynəlxalq aləmdən daha çox təcrid olunmasına gətirəcək. Azərbaycanın hava və dəniz nəqliyyat vasitələrinin də bu sanksiyalara qoşulmaqdan başqa seçimi qalmayacaq. Əslində İranın Azərbaycana qarşı yürütdüyü hazırki təhdid siyasəti rəsmi Bakının bu sanksiyalara qoşulmasını asanlaşdırır. Yəni Tehranın antiAzərbaycan siyasətinin bumeranq effekti yaranır.

Azərbaycanın yeni İran strategiyası

İndiki vəziyyətdə İran-Azərbaycan münasibətlərinin tam normallaşması problematikdir. Bunun üçün ya İrandakı sistem dəyişməli, ya da Azərbaycan İranın istəyinə uyğun siyasət həyata keçirilməlidir. Yaxın müddətdə bunların heç biri mümkün görünmür.
Son illərin müşahidələri göstərir ki, İrandakı rejim onunla yumşaq davrananı qorxaq tərəf kimi qəbul edir. Azərbaycanla münasibətlər bunun bariz nümunəsidir. Odur ki, rəsmi Bakının hazırda İranla münasibətlərdə üstünlük verdiyi “dişə diş” siyasətindən başqa çıxış yolu qalmayıb. Bunu Azərbaycan hakimiyyətinin yeni İran strategiyası saymaq olar. Ancaq Azərbaycanın bu strategiyanı təkbaşına davam etdirməsi çətin olacaq. Çünki, İranın Azərbaycana qarşı istifadə edə biləcəyi hərbi və insani potensial imkanları daha genişdir.

Buna baxmayaraq, rəsmi Bakının İranın təhdidləri qarşısında susmaq və ya geri çəkilmək kimi seçimi qalmayıb:
- Rəsmi Bakı heç vaxt İranın daxili işlərinə qarışmayıb. Ancaq Tehranın hazırki siyasəti rəsmi Bakını da İranda yaşayan azərbaycanlıların haqlarının fəal sürətdə dəstəkləməyə sövq edir. Azərbaycan beynəlxalq təşkilatlardakı imkanlarından istifadə edərək, bu məsələyə diqqəti artıra bilər;

- İranın Azərbaycan əleyhinə yayımladığı “Səhər” televiziya kanalına qarşılıq Bakıda da İrana yayınlanan və İranın azərbaycanlı auditoriyasını hədəfləyən bir başqa kanalın təsis edilməsinə ehtiyac yaranıb;

- Bakıda Elmlər Akademiyası nəzdində İranla bağlı mütəxəssislər olsa da, bu, yetərli sayılmır. Azərbaycana ən böyük təhlükənin İrandan olduğu nəzərə alınaraq, Bakıda İranı araşdıran ayrıca bir mərkəzin qurulması vacibdir. Bu mərkəzə Bakıda yaşayan və fars dilini mükəmməl bilən, İranı daxildən təhlil etmək qabiliyyətinə malik cənubi azərbaycanlı alimlərin də cəlbi vacibdir;

- İran Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı 2010-cu ildə birtərəfli qaydada ləğv edib. Tehran Azərbaycanın da eyni addımı atmasını istəyir. İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi indiki dövrdə və elə gələcəkdə də bu, mümkün görünmür. Ancaq Azərbaycana gələn İran vətəndaşları üzərində total nəzarətə də ehtiyac yoxdur. Çünki, iranlıların siyasi baxışlarının formalaşmasında Azərbaycana səfərlərin də az əhəmiyyəti yoxdur;

- İran azərbaycanlılarının Azərbaycanda siyasi sığınacaq porblemləri var, onlara şəxsiyyətlərini təsdiq edən sənədlər verilmir. Bunun nəticəsində illərlə Azərbaycanda yaşayan İran azərbaycanlıları sənədsiz nə başqa ölkəyə gedə bilir, nə də işə düzələ bilirlər.İndiki dövrdə bu problemlərin həlli aktuallaşıb;

- İrandan artan gərginlik fonunda Azərbaycan hakimiyyəti Brüssel, Vaşinqton və Ankara ilə dialoqunu genişləndirməlidir. Azərbaycana İrandan təhlükənin artacağı təqdirdə buna qarşı müttəfiqlərin hansı addımlar atacağı və hansı planları olduğu üzərində geniş fikir mübadiləsinə ehtiyac var.
ABŞ və ya İsrailin İrana qarşı mümkün hücumu Azərbaycanın maraqlarına uyğun deyil. Çünki, bu halda Azərbaycan humanitar böhranla üz-üzə qalacaq, qonşu dövlətdən qaçqın axını ilə üzləşəcək. Ancaq İranda demokratiyanın bərqərar olması, siyasi və iqtisadi islahatların dərinləşməsi Azərbaycanın xeyrinədir. Demokratikləşən İranda azərbaycanlıların hüquqları genişlənəcək ki, bu da Tehranın Azərbaycana yönəlik siyasətinin dəyişməsinə yol aça bilər.

Ancaq hələ ki, İrandakı indiki rejim varlığını qoruyur və bu sistem dəyişmədikcə Tehran beynəlxalq aləmlə yanaşı qonşusu - Azərbaycana da problemlər yaratmaqda davam edəcək. İranın son zamanlar Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, bu bölgədə ordu birliklərinin sayını artırması və ilk dəfə olaraq Xəzərə sualtı gəmilərini yerləşdirməsi kimi həyəcanverici xəbərlər gəlir.
Azərbaycanın İranın artan təhdid və təzyiqlərindən qorunması üçün müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Bu dəstək olmasa, Tehran Azərbaycanı hədəf almaqda davam edəcək, Azərbaycan-Qərb əməkdaşlığını pozmaq üçün əlindəki bütün vasitələri işə salacaq.
Bu xəbər oxucular tərəfindən 1754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed