Şrift:
İranda saxlanılan azərbaycanlı şairlərin məhkəməsi olub
08.08.2012 [13:37] - Güney Azərbaycan xəbərləri
Fərid Hüseynin dayısı: “Onları təbliğata cəhddə təqsirləndirmişdilər”
3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin dünən Təbrizdə məhkəməsi keçirilib. Prosesi izləyənlər arasında Azərbaycanın Təbrizdəki Konsulluğunun nümayəndələri də olub. İran tərəfi ilə əldə olunan ilkin razılaşmaya əsasən, məhkəmə prosesinə ittiham olunan şəxslərin birinci dərəcəli ailə üzvləri də qatılıb.

Məhkəmənin təfərrüatları barədə ANS-ə Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib: “Məhkəmə təxminən saat yarım davam etdi, uşaqları təbliğata cəhddə təqsirləndirmişdilər. Məhkəmə zamanı onlar dedilər ki, biz bilməmişik, təqsirimiz yoxdur. Söz verilən zaman onlar danışdı və təsdiqedici sənədləri təqdim etdilər. Bir də konsul danışdı və minnətdarlığını bildirdi. Biz də bildirdik ki, elə uşaq tərbiyə etməmişik ki, təxribata, dövlətlərarası münasibətlərin pislənməsinə şərait yaratsın. Öz dövlətimizə də, qonşu dövlətə də hörmətimiz var”.

Qeyd edək ki, İranda həbs olunan şairlərin məhkəmə prosesinə İranın xarici işlər nazirinin müavini Səyyid Abbas Əraqçı də münasibət bildirib. O qeyd edib ki, bu məhkəmə işidir və proses olmalıdır. Bu iki şəxsin həbsindən öncə də İranda bir neçə Azərbaycan vətəndaşı həbs olunub və onlar narkotik maddələrin qaçaqmalçılığında ittiham olunurlar. İran və Azərbaycan arasında məhbusların mübadiləsinə dair razılaşmaya əsasən, qarşılıqlı mübadilələrin həyata keçirilməsi üçün danışıqlar aparılır.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed