Şrift:
ŞAH ABBAS
08.04.2019 [09:14] - Gündəm, DAVAMın yazıları
(3 hissəli tarixi, bioqrafik, milli-fəlsəfi, ideoloji hekayə)


*ÜÇÜNCÜ HİSSƏ*

“Xorasan səfəri”

Şah Abbasın taxta çıxmasından çox keçməmiş Özbək xanı Abdullah Xan onsuz da çoxdan mühasirə altında olan Heratı 1588-ci ildə işğal edərək Xorasanın ən böyük şəhəri olan Məşhədə doğru hərəkətə etdi. Abdullah Xanın Məşhədə doğru hərəkət ettiyini xəbər alan gənc Səfəvi şahı Abbas isə ona mane olmaq üçün 1588-ci ilin aprelində Xorasana doğru hərəkət etdi...

Xorasanın qərb əyaləti. Şah qoşunlarının müvəqqəti yerləşmə meydanı. Şah çadırı... Ulu Türk sərkərdəsi, Səfəvi Xanədanının görkəmli nümayəndəsi Şah Abbas taxtında rahat otura bilmir, ayağa qalxıb çadırında fikirli halda o yan – bu yana gedir, yerində var-gəl edirdi. Yanında bir neçə vəzir-vəklili, mirzəsi və qorçuları vardı. Belə bir anda qəfildən ayaq saxlayan Şah nə düşündüsə yerinə əyləşib danışmağa başladı:

Mən bu ədabaz Özbək xanını anlaya bilmirəm. Taxta çıxanda xəbər göndərdim ki, məndən əvvəl işğal etdiyi ərazilərin şərq hissəsini özündə saxlaya bilər, ancaq Xorasanın qərb torpaqlarına girməsin! – daha da əsəbiləşərək davam edir – Ancaq o, özünü bilməz gəda doymadı. Xorasanın Səfəvi Xanədanına aid torpaqlarını bir-bir işğal etməyə başladı. Və məni məcbur etdi ki, əsrin əvvvəlində Xaqan Babam Böyük Şah İsmayıl Xətainin etdiklərini təkrarlayım. Eybi yox! – ayağa qalxır və qəzəblə - qoy o ədabaz Özbək xanı bilsin ki, qarşısında gənc də olsa bir Səfəvi şahı var! Və biz canımızdan, qanımızdan, dilimizdən ayrı olmayan öz qan qardaşlarımız olsa da belə, heç bir işğalçını, qəsbkarı cavabsız qoymarıq! – qılıncını göyə qaldıraraq başı üzərində asılmış Səfəvi bayrağını işarə edir – Qoy başımız üzərində dalğalanan bu yaşıl bayraq bizim üçün ədalət rəmzi olsun! Tanrı ədalətini, Uca Yaradanın həqiqətini eyni kökdən olduqlarımıza da xatırladacağıq. Cahanda o zaman Türk tam hakim olacaq ki, heç vaxt haqqa, ədalətə arxa çevirməyəcək! Qardaş qardaşın torpağına göz dikməməlidir! Əks halda o göz çıxmalıdır! – deyə böyük məğrurluqla çıxışını bitirdi gənc Səfəvi Şahı Abbas...

Bütün Səfəvilər gənc Şahın qətiyyətindən daha da təsirlənərək Özbəklərə qarşı böyük mübarizəyə başladılar...

Özbək xanı Abdullah Xan Məşhəd qalasını iki aylıq mühasirəyə alsa da, Moğol hökmdarının hücumu şayiəsinin yayılması, şahın yeni qüvvələrlə buraya yaxınlaşması və ərzağın tükənməsi ilə əlaqədar mühasirəni dayandıraraq geri çəkildi. Şah Abbas şəhərə çatanda artıq Abdullah xan geri çəkilmişdi. Şah Herata hücum etmək üçün İsfərayində altı həftə dayandı və ordunun yığılmasını başa çatmasını gözlədi. Səfəvi ordusunun yığılmasından sonra Herat qalası mühasirəyə alındı, lakin Səfəvi qoşunu uğur əldə edə bilmədi və geri çəkildi.

Şahın Xorasanı tərk etməsini fürsət bilən Özbəklər təkrar Xorasana doğru hərəkətə başladılar. Özbəklərin niyyəti ilk öncə Nişapuru ələ keçirmək idi. Buna görə də Özbəklər Nişapuru mühasirəyə aldılar. Lakin, Nişapur hakimi Sofuoğlu Mahmud Xan göndərdiyi elçi vasitəsilə Özbəklərə bildirdi ki, Nişapur Məşhədə bağlıdır. Əgər Məşhədin hakimi kim olacaqsa, qalanı da onlara təhvil verməyə hazırdır. Bu səbəbdən Özbəklər Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə doğru yönəldilər.

Aprelin 18-də Məşhəd qalası mühasirəyə alındı. Məşhəd hakimi Ümmət Xan Ustaclı Özbəklərə qarşı müqavimət göstərdi. Həmçinin Özbəklərin hücumu haqqında Şaha xəbər verdi. Qəzvindən Məşhədə doğru hərəkət edən şah Tehran yaxınlığında xəstələndi və uzun müddət Reydə qalmalı oldu.

Ümmət xan 5 ay Özbəklərə müqavimət göstərdi. Lakin, ərzaq çatışmazlığı üzündən və qüvvələrin qeyri-bərabər olması səbəbindən qala təslim oldu. Özbəklər şəhərə daxil olan kimi çoxlu sayda insanı qətlə yetirdilər və şəhəri talan etdilər.

Fevral 1598 ildə Özbək xanı Abdullah Xanın Səmərqənddə xəstələnərək ölməsi və Özbəklər arasında ara müharibələrindən faydalanaraq itirdiyi torpaqları geri almaq istəyən Şah Abbas 9 aprel 1598-ci ildə paytaxt İsfahandan Özbəklərlə vuruşmaq üçün yola düşdü. Nişapuru ələ keçirən Şah Məşhədə doğru irəliləyərək, 1598-ci ilin iyununda şəhərə daxil oldu.

10 Avqust 1598-ci ildə Herat yaxınlığında Özbəkləri ağır məğlubiyyətə uğradan Şah şəhəri ələ keçirdi və Hüseyn Xan Şamlını bura hakim təyin etdi.

1598-ci il. İsfahan. Şah Sarayı... Şah Abbas Səfəvi ayaqlarının altına sərilmiş xəritə- xalıya baxaraq bir-neçə adamıyla hərbi-strateji müzakirə aparırdı. Bu zaman bir çapar hövlanak içəri daxil oldu. Üzündəki təlaş və narahatlıq ilk öncə Şahın diqqətini çəkdi. Dərhal nə olduğunu soruşduqdan sonra çapar:

Şahım, Xorasanda yeni quldur dəstələri peyda olub. Özbəklər tərəfindən dəstəkləndiyini müəyyən etmişik. Gecələr xalqın evlərinə girib talanla, min cür iyrənc əməllərlə məşğul olurlar. Çox sistemli eyni anda pərakəndə davranışları var. Hələ onları tuta bilməmişik. Məlumata görə, xüsusilə Xorasan Sufiləri o dəstədən çox əziyyət çəkirlər.

Çaparı dinlədikdən sonra bayaqkı müzakirəsini dərhal dayandıran Şah taxtına əyləşib bir müddət düşündü, sonra:

Sufilər əziz insanlardır. Xaqan Babam Böyük Şah İsmayıl vəsiyyətində onlara qayğı göstərməmizi və daim onları qorumamızı əmr etmişdi. Bu gün Ulu Türk Xanədanı Səfəvilərin var olmasında Sufilərin çox əməyi vardır. Düşünürəm ki, Xorasan Sufilərini qorumaq üçün bir müddət onları qərb əyalətlərə köçürməliyik! – qəzəblə və qətiyyətlə davam edir – quldurlara qarşı isə qəti tədbirlər görülməlidir! Özbəklərə də yeni namə yazılsın! Eyni zamanda Moğol hökmdarına da bir tələbnamə göndərmək lazımdır! Aranı qatan, ixtilaf yaradanlar hər kəsin düşmənidir! Bu gün mənim ölkəmdə at oynadan quldurlar sabah təzyiqdən qorxub Moğol torpaqlarında gizlənə bilərlər. Qoy Şah bu işdə bizə kömək etsin! Yoxsa aramızda olan torpaq savaşının buna aiddiyyəti yoxdur! Özbəklərə də bir daha dərs verməli olacağıq! Amma mən Türküstan torpaqlarına girmək istəmirəm! Çünki Xaqan Babam, Ulu Türk Əmir Teymuru çox sevirdi. Ancaq belə görürəm ki, bu “karvanbasar” quldurlara dəstək verdikləri müddətcə Özbəklərlə düşmənliyimiz bitməyəcək!

Şah qısa zamanda qorçulardan ibarət yeni kəşfiyyat dəstələri yaratdı. Gecələr pusqular quruldu və quldurlar tədricən ələ keçirilərək məhv edildi. Bir müddətdən sonra Sufilər öz dədə-baba torpaqlarına qayıtdılar. Günlərin bir günü Şah onlarla bir kəndə tonqal başında görüşdü. Özü də tədbiri-libas olub Dərviş qiyafəsi geyinmişdi. Görüşdə xeyli söhbət edildi. Ən çox da məmləkətin gələcək taleyi haqqında Şah onların fikirlərini dinləməkdən zövq alırdı. Sonda ədəbiyyat və Böyük Şah İsmayıl Xətainin yaradıcılığı danışıldı. Şah Abbas Xaqan Babasının bir şeirini Sufilərlə birlikdə oxudu:

Könül, nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var olmayınca?!
Olura-olmaza dost deyib gəzmə,
Bir əhdinə bütün yar olmayınca.

Yürü, Sufi, yürü, yolundan azma,
Elin qeybətinə quyular qazma,
Yorulma bihudə, boşuna gəzmə,
Yanında Mürşidin var olmayınca.

Qalxdı, havalandı könlün quşu,
Qovğa, qeybət etmək kötünün işi,
Ustadın tanımaz bunda hər kişi,
Onun kim Mürşüdü ər olmayınca.

Varub bir kötüyə sən olma nökər,
Çərxinə dəgər də, dolunu dögər,
Nə dan qorxar, nə hicab çəkər,
Bir kötüdə namus, ar olmayınca.

Şah Xətayim edim bu sirri bəyan,
Kamilmidir cahil sözünə uyan?
Bir başdan ağlamaq ömrədir ziyan,
İki başdan mühibb, yar olmayınca.


*S O N*

Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed