Şrift:
Əhməd Davudoğlu: “Suriya məsələsində Türkiyə ilə İran arasında fikir ayrılıqları var”
09.08.2012 [10:59] - Siyasət
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında iranlı həmkarı Əli Əkbər Salehi ilə avqustun 7-də paytaxt Ankara şəhərində gerçəkləşən görüşünün detallarını açıqlayıb.

Ə. Davudoğlu bildirib ki, hər şeydən əvvəl Suriya məsələsində Türkiyənin mövqeyi aydındır: “Avqustun 7-də də iranlı həmkarımla bunu danışdıq. Ancaq son günlərdə İranın bəzi rəsmilərinin açıqlamaları iki ölkə arasındakı əlaqələrə də, Tehranın beynəlxalq münasibətlərinə də mənfi təsir göstərməkdədir. Bu cür açıqlamalar qəbuledilə bilməz”.

Türkiyəli nazir deyib ki, Suriya məsələsində iki ölkə arasında fikir ayrılıqları var: “Bizə görə baş verən hadisələrin əsas məsuliyyəti Suriya rəhbərliyinin üzərinə düşür”. Ə. Davudoğlu vurğulayıb ki, Suriyada İran vətəndaşlarının qaçırılmasına da Türkiyə hökumətinin mövqeyi mənfidir: “Bu məsələdə iranlı həmkarım yardım istədikdən sonra hansı işləri görə biləcəyimizlə bağlı araşdırmalara başladıq. Türkiyə Suriyada qaçırılan İran vətəndaşlarının sərbəst buraxılması üçün əvvəllər də yardımçı olub. Biz siyasi məsələlərlə insan amilini bir-birindən ayıran bir mövqe nümayiş etdiririk. Yəni siyasi səviyyədə nə qədər problem yaşanırsa-yaşansın, Türkiyə insan amili ön planda olduğundan əlindən gələn köməkliyi əsirgəməyəcək”.

XİN başçısı İranın avqustun 9-da Suriyada böhranın həlli məqsədilə beynəlxalq konfrans keçirmək təşəbbüsünə də münasibət bildirib: “Bununla bağlı İran tərəfindən bizə rəsmi dəvət gəlib. Ancaq bu cür yığıncaqların formatı və hədəflədiyi məqsədlər bizim üçün əhəmiyyət daşıyır. Hazırda dəvəti qiymətləndiririk”.
Bu xəbər oxucular tərəfindən 1516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed