Şrift:
Qoridə azərbaycanlı tələbələr aksiya keçiriblər
09.08.2012 [11:12] - Borçalı
Bu gün Qori şəhərinin icra hakimiyyəti binasının önündə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyasının (GATA) təşkilatçılığı ilə azərbaycanlı tələbələrin aksiyası keçirilib.150-yə qədər azərbaycanlı tələbə və QHT nümayəndələri avtobuslarla Qori şəhərinə gələrək aksiyada iştirak ediblər. Aksiya dinc xarakter daşıyıb və tədbirdə “Gürcüstan-Mənim Vətənimdir!”, “Rusiya təcavüzkardır”, “Müharibəyə yox deyək!”, “Gürcüstan Qafqazda sülh arzulayır!”, “Yaşasın Gürcüstan!”, “Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ. İşğala son” və digər məzmunlu şüarlar səsləndirilib. Aksiyada GATA-nın sədri Samirə İsmayılova gənclər qarşısında çıxış edərək indi aksiya keçirdikləri meydanda 2008-ci ilin avqustunda dinc əhali və jurnalistlərin öldürüldüyünü qeyd edib. Onun sözlərinə görə, müharibə heç kimə xeyir gətirməyib. “Biz Gürcüstanda yaşayan azərbaycanlılar həmişə gürcülərlə həmrəyik, birik. Onların dərdi bizim dərdimiz, bizim dərdimiz onların dərdidir. Abxaziyada və Osetiyada, eyni zamanda Dağlıq Qarabağda baş verən münaqişələr Rusiyanın əli ilə törədilib. Biz azərbaycanlı gənclər gürcü cəmiyyətinin bir hissəsi və Gürcüstan vətəndaşlarıyıq. Vətənimizin bir hissəsi işğal edilib. Bu gün Gürcüstanda dövlət bayraqları 4 il bundan əvvəl baş verən müharibə qurbanlarının xatirəsini yad etmək üçün aşağı endirilib. Bu faciəni biz azərbaycanlılar da duyuruq, yad edirik”.
Tədbirdən sonra gənclər əllərində Gürcüstanın və GATA-nın bayraqları Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirəsini yad etmək üçün Qorinin mərkəzində qoyulan abidə önünə gələrək burada həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra abidə önünə əklillər qoyulub.
Bu xəbər oxucular tərəfindən 1502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed