Şrift:
Mən aktyorların qəlbini tanıyıram
09.08.2012 [13:27] - Mədəniyyət
Elxan Cəfərov: “Ən böyük xoşbəxtliyim onda olacaq ki, tamaşaçı Azərbaycan filminə baxmaq üçün kassadan bilet alıb kinoteatra gedəcək”

...Bəzən illərin fərqinə varmırıq heç. Uşaq filmlərində gördüyümüz qəhrəmanların böyümədiyini, elə o yaşda qaldığını zənn edirik. Ya da bunun belə olmasını istəyirik sadəcə... Və nə vaxtsa o qəhrəman uşağın böyüdüyünü görüb bəzən sarsılırıq da...

Azərbaycan kinosunun da bir uşaq qəhrəmanı vardı. Onu bütün uşaqlar kimi, mən də daha çox “Şir evdən getdi” filmindən tanıyırdım. Şirin dostu Rüstəm kimi. O, mənim uşaqlıq yaddaşımda məhz iri, tünd gözlərinin qəribə parıltısıyla qalmışdı. İllər sonra o azyaşlı oğlanı orta nəslin nümayəndəsi kimi görəndə xeyli təəccübləndim. Çünki o qəhrəman uşaqla bu 45 yaşlı şəxs arasında heç bir bənzərlik qalmamışdı. Dəyişməyən isə yalnız gözlərin parıltısıydı...

...Uşaq filmlərimizin o balaca qəhrəman aktyoru bu gün Qarabağ savaşını əks etdirən “Dolu” filminin rejissoru Elxan Cəfərov olmuşdu... O vaxta qədər isə aktyor-rejissorun keçdiyi bir yol vardı təbii ki:

- Deyirlər, aşıq gördüyün çağırar. Atam Pərviz Cəfərov rejissor, anam Mailə Muradxanlı isə tanınmış jurnalist, publisist idi. Mənim uşaqlığım televiziyada, kinostudiyada keçib. Kiçik yaşlarımda uşaq filmlərində çəkilmişəm. Orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Ümumittifaq Kinematoqrafiya İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşam. Sənət müəllimim Vaqif İbrahimoğludur. Bugünkü dünyagörüşümdə, insanlarla münasibətimdə, rejissor olmağımda onun böyük əməyi və zəhməti olub. Yaradıcılığın vurma cədvəlini mənə o öyrədib, yəni köklü surətdə, elmi cəhətdən. Axı bizdə hər şey bədahətəndi. Amma Vaqif İbrahimoğlu elə deyildi. Bizə psixologiya, astronomiya keçirdi. O vaxt fikirləşirdik ki, neynirik Eynşteynin nisbilik nəzəriyyəsini... Amma sonradan gördük yox, bunun yaradıcılığa vacib təsiri var.

- İlk dəfə neçə yaşında filmə çəkilmisiz?

- 8 yaşımda Eldar Quliyevin “Sevinc buxtası” filmində susatanı oynamışam - “Ay sərin su sərvəri, ürəyi yanan gəl bəri”. O vaxta qədər kinostudiyada 20-dən çox filmdə uşaq rollarını səsləndirmişəm.

- Hansı rolunuz sizə daha əziz, daha yaxındır?

- Uşaqlıq dövrümün üç əsas filmi var - “Şir evdən getdi”, “Hazır olun, əlahəzrət”, “Mən mahnı bəstələyirəm”. Bu üç film baş rolda oynadığıma, çəkiliş meydançasında çox olduğuma görə daha yaxındır. Amma onların hamısı üçün darıxıram. Əslində uşaqlığımın özü üçün darıxıram. O mühit üçün... Mənim bütün uşaqlıq yaddaşım “Azərbaycanfilm”lə bağlıdır. Nə məktəblə, nə oyunlarla. 70-ci illərdə “Azərbaycanfilm”in maraqlı ab-havası vardı. Kinostudiyanın dəhlizində 2 minə qədər adam gəzirdi. Kimi istəsən görmək olurdu. Kimləri görməmişəm burda - Səməndər Rzayevi, Həsənağa Turabovu, Həsən Məmmədovu, Həsən Əblucu, Şahmar Ələkbərovu... Cavan vaxtı belə şeylərə əhəmiyyət vermirdim. Mənə elə gəlirdi elə belə də olmalıdır. Vaxt keçdikcə dəyərləndirməyə başladım. Həyatdır, yaşlaşırsan, sənətkarlar gəlib gedir. Bu dünya heç kimindi, biz də gedəcəyik. Amma elə gedək ki, ən azı adımız qalsın. Xalqımıza bir xeyir verək, cəmiyyətimizin inkişafında rol oynayaq.

- Bəs niyə sənətinizi aktyor kimi davam etdirmədiz?

- Birincisi, aktyorluq həm nəzəri, həm praktiki cəhətdən həddən artıq çətin peşədir. Ən əsası gərək aktyor doğulasan. Mən dəqiq bilirəm ki, aktyorluq mənim işim deyil. Bir zirvəni ki, fəth edə bilməyəcəksən, o zirvəyə niyə qalxırsan? Mən bu gün də kütlə qarşısında, studiyada söz deyəndə ağarıram, bozarıram, səsim tutulur, həyəcanlanıram. Canlı yayıma ümumiyyətlə, çıxmıram ki, biabırçılıq olar. Bunlar psixoloji məqamlardı. Və anladım ki, mənimki daha çox modullaşdırmaq, formalaşdırmaq, xülya, fantaziya yaratmaq və aktyorlarla işləməkdir.

Aktyorlar da mənimlə işləməyi çox sevir. Çünki onların qəlbini tanıyıram. Aktyorlar çox kövrək, həssas olurlar. Ən zəhmli görünüşü olan aktyorun incə, yarpaq kimi titrək qəlbi yoxdursa, o, sənətkar ola bilməz. Beləcə, 1995-ci ildən rejissorluğa doğru addımlar atmağa başladım. O vaxt “Proloq” adlı ştatdankənar qrup yaratmışdıq. Qısa sənədli filmlər çəkdik. Sonra bədii-sənədli işlər, kliplər, reklam çarxları. O vaxt klipləri bir az kinolaşdırmaq istəyirdik. Çalışırdıq dramaturji xətti olsun.

Bir dövr oldu ki, Azərbaycanda musiqi klipləri məşhurlaşdı. O vaxt maliyyə də o qədər tələb olunmurdu. Hamı klip çəkirdi. Mənim son klipim Eyyub Yaqubovun “Yenə o bağ olaydı” mahnısına oldu. Onda gördüm klipdə son addımları atıram. Çünki klipi həddən artıq bədiiləşdirmək də olmaz. İnsan psixologiyasını, hansısa problemi daha dərindən qabartmaq istədim. 5 yaşımdan kinostudiyada böyüsəm də, bir dəfə də nazirliyə gedib film istəməmişəm.

Elə oldu ki, Əliağa Mahmudovun rəhbərlik etdiyi “Cine alyans” kino şirkətində imkan yarandı, 2009-cu ildə “Qarabağdır Azərbaycan” qısametrajlı filmi çəkdim. Filmin uğurlu taleyi oldu. İsveçrə, Strasburq və digər şəhərlərdə göstərildi. Əldə tutarlı iş olandan sonra 2010-da “Əlavə təsir” adlı ilk bədii filmimi çəkdim. Son işim bu günlərdə təqdim olunan “Dolu” filmidir.

- İlk bədii filminizi çəkəndə 43 yaşınız vardı. Çox gec deyil ki?

- İnstitutda bizə deyirdilər ki, kinoda belə bir qanun var - aktyor 30, rejissor 40-dan başlayır. Bu yaş yaradıcılıqda ən mükəmməl dövrdür. O yaş həddini aşandan sonra sən artıq söz deyə bilərsən - həm cavanlara nümunə olsun, həm də ağsaqqallar üçün gülməli görünməsin.

- Təbii ki, siz bilərəkdən o yaş dövrünü gözləməmisiniz...

- Yox, bu, taleyin işidir. Amma çox şadam ki, böyük filmlər məhz bu dövrümə təsadüf etdi. Hər bir yaradıcı insan üçün çəkdiyi zəhmətin dəyərləndirilməsi ən böyük qiymətdir. Nə ad, şöhrət, fəxr, qürur, nə də maddiyyət. Zalın küncündə dayanıb tamaşaçı alqışını görmək məni yaşadır. Xoşum gəlmir desinlər, Elxan-Elxan, əsəbiləşirəm. Deyəndə bu film Elxanındı, deyirəm yox, bu, 67 ürəyin filmidi. Ora bütün qrup ürək qoyub.

- “Dolu”nun təqdimatında zalda əyləşərkən bir tamaşaçı kimi nə düşündünüz?

- Mən o filmə bəlkə, milyon dəfə baxmışam. Montaj dövründə, ondan sonra musiqi yazılanda. Bir də görürsən deyirlər, zalda oturmayaq, gedək çay içək, camaat çıxanda gələrik. Bu, qeyri-yaradıcı münasibətdi. Biz hamımız zalda idik. Tamaşaçının filmin hər anına olan reaksiyası mənə maraqlı idi. Görüm vurğuladığım o məqam necə reaksiya verdi, güldümü, ağladımı? Daxilən çox ümidliydim ki, filmin sonluğu kövrək hisslər yaşadacaq. Amma lap bu qədər olacağını bilmirdim. Burda Polad Bülbüloğlunun musiqisinin də rolu böyükdür. Filmdə adətən 3 pozisiya olur - görüntü, səs və musiqi. Mən rejissor kimi bu üç faktordan çox razı qaldım.

- Yəqin ki, özünüz filmin hansı qüsurlarının olduğunu bilirdiz.

- Əlbəttə. Mənə deyəndə ki, tənqid yaxşı şeydi, bir yaradıcı insan kimi deyərdim ki, tənqid yaxşı şey deyil. Yaradıcı insanları tənqid etmək olmaz. Əgər o, kifayət qədər zəkalı insandırsa və ümumiyyətlə, hər bir yaradıcı insan öz işində olan qüsurları hamıdan gözəl bilir. Bundan sonrakı işində bunu daha etməyəcək.

- Yaradıcı insan bir yana, kinodan başı çıxmayan adi tamaşaçının belə görə bildiyi qüsuru tutaq ki, montaj prosesində aradan qaldırmaq olmazdımı?

- Filmdə bir vacib texniki qüsur var idi. Bir neçə kadrda hiss olundu. Bu nə ilə əlaqədardı? Texniki cəhətdən filmin o boyda ekranda göstərilməsi üçün bizə 10-15 gün vaxt lazım idi. Biz bu işi 3-5 günə həll elədik. Bax, bu, tələskənliyin içində texniki nüanslar ortaya çıxır, kadr atlanır, montajda problem yaranır. Filmi televiziya formatında artıq nazirliyə təqdim etmişik, orda o qüsurlar yoxdu. Gecə səhnələrində rənglərin qarışması da bununla əlaqədardır.

- Aktyorların da qrimi çox bilinirdi.

- Mən bir şeyi qeyd edim. Elə bilin ki, bağ salmaq istəyirik. Bu dəqiqə bağın torpağını belləyirik. Belimiz sınır, külüngümüz əyilir, amma belləyirik ki, ağac əkək. Hələ ağac əkmirik, yer belləyirik. Ağac da əkəcəyik, bar da verəcək. Bir Elxan Cəfərovun filmi və ya Nadir Mehdiyevin çəkdiyi kadrla heç nə yaratmaq mümkün deyil. Azərbaycan kinosu bir təməl inkişaf mərhələsi keçir. “Nizami” kinoteatrı təmir olundu, prokat sistemi qurulur, “Azərbaycanfilm”in təmiri başlayacaq - bunlar hamısı böyük proqramdı.

- Bütün qüsurlar bir yana, həqiqətən də, “Dolu” son illərin ən uğurlu filmidir. Mənə filmdəki döyüş səhnələrinin necə çəkilməsi maraqlıdır.


- Azərbaycan Kaskadyorlar Assosiasiyasının rəhbəri Əli Məmmədov başda olmaqla, 7-8 nəfərlik kaskadyor qrupumuz vardı. Bütün partlayış səhnələrində çəkilən, yıxılan, tullanan onlardı. Filmdə yüzlərlə görünsələr də, cəmi 7-8 nəfər idi. Bəli, çətin çəkilişlər idi. Amma pirotexnik qrupumuz da vardı. Kinostudiyanın yeganə pirotexniki Alik - Əlibala Məmmədov və İrandan dəvət etdiyimiz Məhəmməd Əzim Səttarın böyük əməyi oldu. Yüzlərlə filmdə partlayış səhnələri var. Amma Əzim o partlayışa rəsm verə bilib. Bu, oddaqçıların texniki peşəkarlığının səviyyəsidir. Bundan başqa, Daxili İşlər Nazirliyi, Daxili Qoşunların Komandanlığı tərəfindən bizə böyük kömək oldu. Xüsusi təyinatlıları bəzən aktyor kimi də istifadə etmişik. Kaskadyorlara da kömək edirdilər. O qədər can yandırırdılar ki!




300 nəfəri dağın başına qaldırıb deyirdik ki, ordan aşağı düşün. Bəlkə 3-4 dəfə qaldırıb düşürmüşük. Yoruldular, amma həvəsliydilər. Ümumilikdə, hər kəs öz işini məmnuniyyətlə gördü. Filmin əzəmətini böyüdən tanklar oldu. Tanklardan atılan əsl döyüş mərmiləridir. Bu da böyük pul və əziyyət deməkdir. Filmin sonluğu isə məhz həmin o Ağdama aparan yolda çəkilib. 2-3 kilometrdən sonra erməni səngəridir. Peşəkar snayperin vura biləcəyi məsafədir. Sadəcə ürəyimiz, niyyətimiz təmiz idi, arxamızda Allah vardı, fikirləşirdik ki, torpaq üçün bir iş görürük. Ona görə o qorxu hissini adladıq. O kadr həmin enerjini daşıyır.
Əgər biz insanları qəhrəmanlığa səsləyiriksə, ilk növbədə özümüz bir qəhrəmanlıq etməliyik. Ağdam, Ağcabədi camaatı ora yığışanda əvvəl bir az təşviş yaşandı ki, neynirsiz, çəkilin dala, indi atacaqlar. Amma gördülər yox, söhbət başqadır. Və xalq filmin qəhrəmanlarının ardınca irəliləməyə başladı. O kadr əsl mərd kadrdır. Və o kadrdakı bütün şəxslər qəhrəmanlıq ediblər həmin an. Bu, həqiqətdir. Yenə təkrar edirəm, o kadrın belə təsirli olmasında doğru enerjinin təsiri var.

- Filmin bir yeniliyi də kinoya görünməyən simaların gəlməsi oldu. Xüsusən Drakon və Pələng...

- Mən sadəcə fiziki görünüşə yox, ilk növbədə insanın qanacağına, qabiliyyətinə baxıram. Çünki çəkiliş çətin prosesdir. O prosesdə emosiyalar gərginləşir. Biri o birinə qəlbinə dəyəcək söz desə, bütün dünya çökür. Mən aktyorları ilk növbədə ürəklərinə görə seçmişəm. Uzun müddət onlar haqqında informasiya toplamışam, şəkillərinə baxmışam. Əmin olandan sonra ki, onlarla döyüşə getmək olar, seçimimi etmişəm. Bilmişəm ki, bəli, onlara arxamı dayaya bilərəm. Şükür, o qədər partlayışın, təhlükənin içində bir adamın da burnu qanamadı. Bu, Allahın işiydi, bir də sırf peşəkarlıqdı. Bircə kaskadyor Əli Məmmədov 3-cü mərtəbədən tullananda ayağı sındı. O kadrı filmə salmadıq. Çünki çox ağrılı kadr idi. Mənim və Aqil Abbasın da ayağı zədələndi. Amma əsas odur ürəyimiz qırılmadı.

- Filmi tamaşaçılar nə vaxt izləyə biləcək?

- Hazırda filmin həmin texniki nüanslarının düzəlmə prosesi gedir. Sentyabrdan kinoteatrlarda nümayişi başlayacaq. Hərbi hissələrdə, bölgələrdə də göstərmək fikrindəyik. Amma ilk olaraq kinoteatrlardan başlayacaq. Mənim ən böyük xoşbəxtliyim onda olacaq ki, tamaşaçı Azərbaycan filminə baxmaq üçün kassadan bilet alıb kinoteatra gedəcək.

Xəyalə Muradlı
Bu xəbər oxucular tərəfindən 2004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed