Şrift:
Mərkəzi Elmi Kitabxanada “Ədalət Tahirzadənin fondu” yaradılıb
27.04.2019 [09:28] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
AMEA Mərkəzi Elmi Kitabxanasında professor Ədalət Tahirzadə tərəfindən kitabxanaya hədiyyə olunmuş rəqəmsal kolleksiyanın təqdimatı keçirilib. Kolleksiyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tələbələri və parlament üzvləri, eləcə də sovet repressiyasına məruz qalmış və güllələnmiş şəxslərin siyahıları, Azərbaycanın müxtəlif bölgələrindən toplanmış nadir kitablar, xarici ölkələrdən əldə edilmiş Azərbaycan dərgiləri, 60.000-dən artıq foto-kolleksiya (şərhlər və izahlar ilə), Ədalət Tahirzadənin şəxsi kitabxanası, XX əsrin əvvəlinə aid Azərbaycan mətbuatı (“Azərbaycan” , “Həyat”, “İrşad”, “İqbal” və b.) və e-kitablar, ilk milli dərsliklər, tarixçi alim Nərmin Tahirzadənin sənədləri, Azərbaycanın mədəni-ictimai-siyasi həyatında fəal rol oynamış şəxslər haqqında qısa məlumatlar, kataloq və başqa sənədlər mövcuddur.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK həyatında akademik icmanın rolunun artmasından, fondların oxucular və könüllülər tərəfindən zənginləşdirilməsindən, nadir mənbələrin könüllülər ilə birlikdə araşdırılmasından, Ədalət Tahirzadənin kolleksiyasında dərin araşdırmalar üçün qiymət kəsb edən və geniş ictimaiyyətə az məlum olan qiymətli arxiv materiallarının olmasından danışıb. L.İmanova bildirib ki, Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş bu sənədlər haqqında daha geniş informasiyanı MEK-in yenidən qurulan və yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək saytından əldə etmək mümkündür. Oxucuların sənədlərlə bağlı sorğusuna operativ cavab verildiyini deyən MEK direktoru istifadəçiləri maraqlandıran materialın elektron formatda da əldə edilmə imkanlarını açıqlayıb.
Professor Ədalət Tahirzadə çıxışında 15 il ərzində topladığı çap və elektron arxivini təmənnasız şəkildə MEK-ə təqdim etməkdən məmnunluq hissi keçirdiyini, atdığı bu addımın digər ziyalılara da örnək olacağına inandığını söyləyib. MEK təcrübəsində ilk dəfə olaraq kolleksiyanın təqdimatı – bu isə 413 GB həcmində 130 mindən artıq sənəd təşkil edir – kolleksiya müəllifi tərəfindən həyata keçirilib. Təqdimat zamanı professor Ə.Tahirzadə tarixi hadisələrə maraqlı ekskursiya edib.
Daha sonra tədbir iştirakçıları - Əli Şamil, Səməd Vəkilov, Dilqəm Əhməd, Şöhlət Əfşar professor Ədalət Tahirzadənin bu addımını yüksək qiymətləndirərərk, təqdim edilmiş qiymətli arxiv sənədlərindən oxucuların geniş şəkildə istifadə edəcəklərinə inandıqlarını vurğulayıblar.
Sonda professor Ə.Tahirzadə ilə MEK arasında təqdim edilmiş kolleksiyaya dair müəllif müqaviləsi imzalanıb. Qeyd edək ki, indiyə qədər MEK ilə müəlliflər arasında 110 müəllif müqaviləsi imzalanıb.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed