Şrift:
Gürcüstanda Silahlı Qüvvələr Günü qeyd olunub
01.05.2019 [10:36] - Gündəm, Hərb
Aprelin 30-da Gürcüstanda Silahlı Qüvvələr (SQ) Günü qeyd olunub.

Bu münasibətlə paytaxt Tbilisi ilə yanaşı, ölkənin digər şəhər və rayonlarında təntənəli bayram tədbirləri keçirilib.

Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilən mərasimdə Prezident Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, hökumət və dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Baş nazir Mamuka Baxtadze, müdafiə naziri Levan İzoria, Baş qərargah rəisi general-mayor Vladimir Çiçabaya şəxsi heyəti təbrik ediblər.

Mərasimdə hərbi xidmətdə fərqlənən bir qrup hərbçiyə orden, medal və digər fəxri adlar, mükafatlar təqdim olunub.

Türkiyə Silahlı Qüvvələrinin briqada generalı Həsən Hüseyn Kanbur Gürcüstan hərbçilərinə NATO-nun medallarını təqdim edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik - leytenant Fuad İbrahimov Azərbaycanın Müdafiə Naziri və Baş qərargah rəisi adından Gürcüstan Müdafiə Nazirliyi rəhbərliyini təbrik edib, qonşu ölkənin Silahlı Qüvvələrinə uğurlar, qardaş gürcü xalqına firavanlıq, əmin-amanlıq arzulayıb.

Məlumat üçün qeyd edək ki, müstəqil Gürcüstanın Silahlı Qüvvələri 1991-ci il aprelin 30-da yaranıb. Məhz həmin gün Gürcüstan Daxili Qoşunlarının tərkibində olan Milli Qvardiyaya ilk əsgər qəbul edilib.

Əsgərlər qvardiyaya ilk dəfə olaraq hərbi xidmətə çağırış əsasında qaydasında daxil olublar.

Bir müddət əvvəl Gürcüstan Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, Silahlı Qüvvələr Gürcüstanın Müdafiə Qüvvələri adlandırılıb. Müdafiə Qüvvələrinin sayı 37 min nəfər müəyyən olunub.

Silahlı Qüvvələrə Müdafiə Nazirliyinə tabe olan Baş qərargah rəhbərlik edir.

Bu gün Gürcüstan ordusu əsasən müqavilə əsasında xidmətə gələnlərdən formalaşsa da ordu sıralarında hər il 18 yaşı tamam olmuş gənclər həqiqi hərbi xidmətə çağırılırlar.

Hərbi xidmət çağırışçılar üçün bir il nəzərdə tutulub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed