Şrift:
Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq
02.05.2019 [11:02] - İslam dini
“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək”.
Bunu açıqlamasında QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq: “Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil”.
Sədr müavininin sözlərinə görə, hazırda şagirdlər üçün QMİ-nin tabeliyindəki məscidlərin nəzdində 100-dən çox dini kurslar təşkil edilib və kolleclərə qəbul orta məktəb şagirdlərinə şamil edilməyəcək: “Şagirdlər yalnız kurslarda valideynlərinin razılığı əsasında təhsil ala bilirlər. Eyni zamanda tələbələrin dini tədris müəssisələrində təhsil alması mexanizmi tənzimlənəcək. Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kurs və kolleclərə gələ biləcək. Yəni orta məktəbdə və yaxud universitetdə günün birinci yarısında oxuyan tələbənin kollecdə, şagirdin isə dini kursda təhsil almasına günün ikinci yarısında icazə veriləcək. Hətta oğlanların hərbi xidmətini başa vurduqdan sonra da dini kolleclərdə təhsil almasına şərait yaradılacaq”.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed