Şrift:
ADU-da “Xəzərdən Dunaya qədər” sənədli filmi təqdim edilib
04.05.2019 [10:40] - Gündəm, Mədəniyyət
Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya qədər” sənədli filminin təqdimat mərasimi keçirilib.

ADU-dan bildirilib ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində reallaşdırılan tədbirlər planı çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC), Serb Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir 9 May - Qələbə Gününə həsr olunub.

Film Baxış Mehdiyevin “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” kitabının motivləri əsasında lentə alınıb. B.Mehdiyev həmin diviziyanın komandiri olub. Sənədli film Yuqoslaviyanın azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasından bəhs edir.

ADU-nun rektoru, akademik Kamal Abdulla gənc nəslin formalaşmasında filmin böyük əhəmiyyəti olduğunu bildirib: “Film son dərəcə təsirlidir. Orta və yaşlı nəsil bu filmin bədii təsirini daha yaxşı hiss edir. Ən vacib məqamlardan biri odur ki, biz tariximizin bilmədiyimiz hissələrini öyrənməyə başlayırıq. Sanki yavaş-yavaş əsl tarixdən uzaqlaşırıq, onun bədii variantını dərk və qəbul edirik. Biz Mehdi Hüseynzadəyə, Həzi Aslanova minnətdar olduğumuz kimi, adlarını bilmədiyimiz minlərlə azərbaycanlı zabitlərə də minnətdar olmalıyıq. Sevinirəm ki, tariximiz tələbələrimizin yaddaşına bu cür filmlərlə yazılır”.

Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova filmin gənclər üçün tərbiyəvi əhəmiyyət kəsb etdiyini bildirib. Belə filmlərin bədii əsərlərdən, tarixi sənədlərdən fərqli olaraq maarifləndirici rol oynadığını qeyd edib.

TEC-in sədri Zəhra Hüseynova “Mərkəzlərimizi tanıdaq” layihəsi haqqında məlumat verib və tədbirin bu layihə çərçivəsində baş tutduğunu deyib.

Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru Lalə Məcidova rəhbəri olduğu qurumun fəaliyyəti və həyata keçirilən layihələr haqqında danışıb. Bildirib ki, mərkəz Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə əməkdaşlığı çərçivəsində ADU və Belqrad Universiteti arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, iki ölkə arasında da elmi və humanitar əlaqələrin zənginləşməsinə töhfələr verir.

Sənədli filmin rejissoru Tahir Əliyev 223-cü Belqrad diviziyasının yaranmasından söz açıb. O, çəkiliş prosesi, filmin qəhrəmanları və məqsədi haqqında danışıb.

“Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov sənədli film haqqında təəssürat və təkliflərini söyləyib. O, tələbələrə həmin dövr qəhrəmanlarının şücaətindən nümunə götürməyi tövsiyə edib.

Tədbir filmin müzakirəsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed