Şrift:
Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb
23.10.2011 [17:20] - Xəbərlər
Azərbaycanlı zəvvarların ilk qrupu oktyabrın 23-də səhər saatlarında Həcc ziyarətinə yola düşüb.

Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, 18 avtobusun yer aldığı ilk karvan Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola çıxıb. Avtobuslar artıq Biləsuvar rayonu ərazisindən İran sərhədini keçib. Karvanı İraq sərhədinə qədər İran təhlükəsizlik qüvvələri müşayiət edəcək.

26 avtobusun olacağı ikinci karvan oktyabrın 24-də yola düşəcək.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 3, 29 oktyabrda isə 2 təyyarə havaya qalxacaq.

QMİ Azərbaycan Həcc missiyasının təşkilatçısı olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed