Şrift:
Müqəddəs Ramazan ayı başlayıb
06.05.2019 [10:03] - Xəbərlər, İslam dini
Azərbaycanda Ramazan (Orucluq) ayı başlayıb. Ramazan ayının 1-i Miladi tərvimlə mayın 6-na təsadüf edir.
Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır”.

Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.

Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir".

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da Bakıda imsak saat 03:57-yə, iftar isə saat 19:56-ya təsadüf edir.
Müqəddəs Ramazan ayı başlayıb
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed