Şrift:
27 il Şuşasız...
08.05.2019 [10:10] - Xəbərlər, Hadisə
Bu gün Şuşanın işğalından 27 il ötür.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 27 ildir yağı tapdağı altındadır.

Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 241 165 nəfər idi.

Rayonun tabeçiliyində Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Mirzələr, Qaybalı, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Turşsu, Zarıslı, Nəbilər kimi böyük yaşayış məntəqələri var idi. Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi. Şuşa müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları ilə zəngin idi. Turşsu və Şırlan bulaqları təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində məşhur idi. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada onlarla tarixi abidə var idi. Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı «Gövhər ağa məscidi», Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən tərəfindən güllələnib.

Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilən 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib.

Qeyd edək ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 60 nəfərə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Onların bir çoxu bu günə qədər azad olunmayıb.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed