Şrift:
Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər son zamanlar separatçı əməllərini və iddialarını getdikcə artırır
13.08.2012 [14:21] - Borçalı
Hikmət Hacızadə: «Bu məsələ həmişə Gürcüstan üçün təhlükəli olub»

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin radikal təşkilatlarından olan «Virk» partiyası bölgənin muxtariyyəti barədə məsələni yenidən gündəmə gətirib. Bununla bağlı partiyanın yaydığı bəyanatda qeyd olunur ki, Gürcüstanın ermənilər yaşayan Samtsxe-Cavaxetiya regionu üçün ən optimal variant, Acarıstanda olduğu kimi, siyasi müxtariyyətə malik olmaqdır: «Bölgə ermənilərinin əsas məqsədi çiçəklənmə və rifaha nail olmaq və başqa xalqların yaxşı yaşamasına maneə törətməməkdir. Bu məqsədə nail olmaq üçün Samtsxe-Cavaxetiyaya müstəqillik və öz müqəddəratını təyin etmək lazımdır». Baş verənlərlə bağlı Gürcüstanın «Rezonansi» qəzeti isə yazır: «Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər son zamanlar separatçı əməllərini və iddialarını getdikcə artırır. Gürcüstanda ərazi məsələsilə bağlı yeni problemlər yarada biləcək belə iddialar fonunda bundan əvvəl ermənilər Tiflisi Cavaxetiya sakinlərinə qarşı «demoqrafik terror»da ittiham edib. Bir neçə erməni təşkilatının birgə bəyanatında bildirilir ki, Gürcüstan hökuməti Cavaxetiya ermənilərinə qarşı «repressiyaları» davam etdirir».
«Virk» partiyası isə bildirir ki, Cavaxetiya ermənilərinin Vaaqn Çaxalyan, Qriqor Minasyan, Sarkis Akopcanyan və Qrişi Avakyan kimi ictimai və siyasi xadimlərinin həbsi, həmçinin digər fəallara qarşı repressiyalar bölgənin erməni əhalisində qorxu və həyəcan yaradır, buradan ermənilərin köçməsi hallarını artırır: «Bütün bunları Gürcüstan hökumətinin məqsədyönlü şəkildə yürütdüyü demoqrafik terror adlandırmaq olar ki, burada məqsəd ermənilərin ictimai-siyasi strukturlarının tam məhvi, ictimai-siyasi xadimlərin neytrallaşması və bölgə üzərində nəzarətin tam ələ keçirilməsidir».
Onu da qeyd edək ki, Cavaxetiya erməniləri Qars-Tiflis-Axalkalaki-Bakı dəmiryol xəttilə də bağlı layihəyə də etiraz edirdilər. «Virk» partiyası bildirir ki, Qars-Tiflis-Axalkalaki-Bakı dəmiryol xəttinin inşasının davamı Cavaxetiyadakı ermənilərin özlərini dəmiryolu ilə bağlı sınaq qarşısında hiss etməsinə səbəb olub: «Bu marşrut bizə çağırış, meydan oxumaqdır». Ermənilərin iddiasına görə, bu marşrutun inşasına razılıq verməklə və digər siyasətilə Gürcüstan hakimiyyəti Cavaxetiya ermənilərinə qarşı məkrli siyasəti həyata keçirir.
İrəvanda fəaliyyət göstərən «Cavakx» cəmiyyəti, «Mitk» analitik mərkəzi, «Yerkir» Birliyi, Virk Partiyası və «Cavakx» xalq hərəkatı Cavaxetiyanın «qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu»nu daima bildirir və guya, 18-ci əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayır.
Ermənilərin bu ərazidə muxtariyyət yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biri də Cavaxetiyanın geosiyasi və geoiqtisadi səhətdən əlverişli ərazidə yerləşməsidir. Belə ki, Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlarından biridir, şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir.
Ərazidən mühüm boru kəmərləri və dəmir yolları, təkcə region ölkələri üçün deyil, həm də Avropa və Amerika üçün çox önəmli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Batumi-Supsa neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri keçir və Bakı-Tiflis-Qars-Axalkalaki dəmir yolunun da keçməsi nəzərdə tutulub.
Strateji və spesifik əhəmiyyətini nəzərə alaraq əvvəllər Gürcüstan ərazisində yerləşən və 2007-ci ildə ölkədən çıxarılmış iki Rusiya hərbi bazasından biri Batumidə, digəri isə Axalkalaki şəhərində olub.
Bütün qeyd olunanlar bir daha göstərir ki, müxtəlif ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr həqiqətən də Cavaxetiyanı təhlükəli region kimi təqdim etmək niyyətindədirlər. Rəsmi Tbilisi isə bunun ermənilər və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmış ssenari əsasında həyata keçirildiyini dərk edərək, Ermənistanın regionda siyasi proseslərə təsirini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi edir.
Gürcüstan tərəfi isə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir ayrıseçkiliyin edilmədiyini, onlara digər etnik azlıqlara olduğu kimi münasibət bəsləndiyini bəyan edir. Lakin ermənilər Gürcüstan tərəfinin gətirdiyi arqumentlərlə razılaşmaq niyyətində deyil. Onların fikrincə, Cavaxetiyada olan ermənilərin hüquqlarının pozulması məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır və bu istiqamətdə erməni diasporu, eləcə də Ermənistan dövlətinin fəaliyyəti daha da güclənməlidir. Bundan başqa, Samtsxe-Cavaxetiya ermənilərinin təşkilatlanmasına, onların silahlı qruplaşmalar yaratmasına da xüsusi diqqət yetirilir. Bu arada o da məlum olub ki, Samtsxe-Cavaxetiyada müxtəlif dövlət postlarında vəzifə tutan ermənilər də bölgədə separatçılıq əhval-ruhiyyəsinin yüksəlməsində aparıcı rola malikdir. Hətta həmin ermənilərin bir çoxunun «Daşnaksütyun» Partiyasının üzvləri oldu?u bildirilir. Bütün bunlar artıq ermənilərin Samtsxe-Cavaxetiya bölgəsilə bağlı separatçılıq fəaliyyətinin Gürcüstan üçün olduqca ciddi xarakter aldığını təsdiqləməkdədir. Hələlik rəsmi Tiflis vəziyyətdən çıxış yolu kimi bölgədə separatçı mövqedən çıxış edən, qanunsuz silahlı qruplaşmaların formalaşmasında iştirakçı olan ermənilərin həbsini və digər üsullarla cəzalandırılmasını həyata keçirir.
Ancaq siyasi ekspertlər belə hesab edir ki, Samtsxe-Cavaxetiya ermənilərinin separatçılıq meylinin arxasında bilavasitə Ermənistan durduğundan, bu problem qarşıdakı dövr ərzində Gürcüstan üçün daha kəskin xarakter daşıya bilər. Belə hesab olunur ki, rəsmi İrəvanın əsas məqsədi separatizm dalğası ilə, ilk olaraq, Samtsxe-Cavaxetiyaya muxtariyyət verilməsinə nail olmaqdır. Bunun ardınca isə ermənilərin sözügedən bölgənin müstəqilliyi uğrunda çıxış edəcəyi şübhə doğurmur. Artıq İrəvanın özündə də bu məqsədlə konkret iş aparan siyasi partiyalar, ayrı-ayrı qeyri-hökumət təşkilatları və şəxslər var.
Samtsxe-Cavaxetiyanın özündə yaşayan ermənilərin isə beynəlxalq təşkilatlara muxtariyyət tələblərilə bağlı xüsusi müraciətlərinin hazırlanması yönündə fəal iş gedir. Burada fəaliyyət göstərən erməni təşkilatları separatçı Abxaziya və Cənubi Osetiyanın yolu ilə gedəcəklərinə dair artıq rəsmi Tiflisin ünvanına daha açıq mesajlar göndərirlər.
Bu məsələdə Ermənistana dayaq duran isə Rusiyadır. Bunu təsdiqləyən faktlar çoxdur. Belə ki, Rusiya prezidenti Vladimir Putin dörd il əvvəl Gürcüstana qarşı döyüş əməliyyatlarına onun başladığı, əməliyyatın isə 2006-cı ildən hazırlandığı və Rusiyanın Osetiya separatçılarını hazırladığı və silahlandırdığı barədə sensasiya doğuran etiraf edib. Onun sözlərinə görə məqsəd Gürcüstanı işğal etmək idi. Gürcüstan isə Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Tbilisi birtərəfli qaydada Rusiya vətəndaşları üçün viza rejimini ləğv edib, ölkənin ÜTT-ə daxil olmasına razılıq verib. Lakin Rusiya konstruktivlik göstərmir və cavab addımları atmır.
Rusiya bu dəfə Cavaxetiya məsələsini qaldırmaqla yenidən Tiflisi hədəfə almağa çalışır.
Politoloq Hikmət Hacızadənin sözlərinə görə, Cavaxetiya məsələsi həmişə Gürcüstan üçün təhlükəli olub: «Ermənilər gah orada muxtariyyət istədidlər, gah da Qarabağ kimi Ermənistana birləşdirmək tələbini irəli sürdülər. Təbii ki, bütün bunlar Rusiyanın planıdır. Amma mənə elə gəlir ki, bu qığılcım həmişə odlana bilər. Çünki orada bir vaxtlar Rusiyanın hərbi bazası vardı. Baza oradan çıxarıldıqdan sonra orada çalışanların əksəriyyəti qaldılar. Yəni mütəxəssislər, zabitlər və s. Ola bilsin ki, Rusiya bu məsələni onların əli ilə qabartsın».
Bu xəbər oxucular tərəfindən 1623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed