Şrift:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.05.2019 [10:20] - Xəbərlər, Diaspor
Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və hazırda bu ölkədə yaşayan 40 həmvətənlimiz iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlı icmalardakı mövcud durum, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətləri, son dövrdə reallaşan yüksək səviyyəli qarşılıqlı səfərlər, təhsil sahəsində həyata keçirilən mübadilələr, habelə İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artırılması barədə danışıb.

Komitə sədri vurğulayıb ki, hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rolu və töhfəsi misilsizdir.

Bu quruma rəhbər təyin edilərkən Prezident İlham Əliyevin onun qarşısında xüsusi tapşırıqlar qoyduğunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyadakı azərbaycanlı icmalarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin hər zaman soydaşlarımızın yanında olduğunu nümayiş etdirməkdir.

Komitə sədri deyib ki, 50-dən çox ölkədə diaspor təşkilatları fəaliyyət göstərir. Qeyd edib ki, artıq bir çox ölkələrdə icmalarımız daha səmərəli fəaliyyət göstərmək məqsədilə Koordinasiya Şuraları yaradıblar. İtaliyada yaşayan azərbaycanlılara Diaspor Komitəsinin hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan F.Muradov soydaşlarımızın, o cümlədən toplantı iştirakçılarının hansı problemlərlə üzləşdikləri ilə maraqlanıb.

Azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib və Romada bu cür tədbirin keçirilməsinə görə komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, həmvətənlərimizi ictimai-siyasi və mədəni həyatda fəal olmağa, səfirliklə sıx əməkdaşlıq etməyə çağırıb.

Konsul Sərxan Ağakişiyev isə həmvətənlərimizi sənədləşmə problemləri yaranarkən və hər hansı çətinliklərlə üzləşərkən dərhal səfirliyə müraciət etməyi təklif edib.

Daha sonra komitənin fəaliyyətinə həsr olunmuş promo, infoqrafik və “Vətən uzaqda deyil” videoçarxları təqdim olunub.

Toplantı iştirakçıları çıxış edərək fikirlərini bölüşüblər, dövlətin diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İtaliyada da azərbaycanlıların Koordinasiya Şurasının yaradılması fikrinə tərəfdar olduqlarını bildiriblər.

Sonra səsvermə yolu ilə Koordinasiya Şurası təsis olunub. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.

Asiman Əsədov
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed