Şrift:
Balakəndə Qafqaz Albaniyasına məxsus qədim abidədə qəbirlər aşkarlanıb
22.05.2019 [10:56] - Mədəniyyət
Aprelin 10-dan mayın 9-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Balakən rayonu Tülü kəndində ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini davam etdirib.

İnstitutdan verilən məlumata görə, builki tədqiqat mövsümü abidənin inşaat dövrünü müəyyən edilməsi istiqamətində aparılıb.

Bu məqsədlə kilsənin cənub divarının xarici üzündə müəyyən edilmiş hissədə arxeoloji tədqiqatlara başlanılıb. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidədə mövcud olan üçüncü tikinti qatı aşkarlanıb. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, Tülü kilsəsi uzunluğu 15, eni 10,50 m, olan daha qədim dini ictimai tikili üzərində inşa edilib.

Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılıb və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənib. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulub. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşib.

Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbri izləmək mümkün olub ki, bu qəbirlərin bəzilərində təkrar dəfn həyata keçirilib. Aşkarlanan qəbirlərin əksəriyyətinin uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilib.

Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri Natiq Alışovun sözlərinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlərə kimi müxtəlif dövrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsinə rast gəlinib.

Bu dini ictimai binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir. 2017-2018-ci ilin tədqiqat mövsümündə aparılan arxeoloji qazıntılar nəticəsində uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni 5,70 metrlə 12,30 m arasında dəyişən, Qafqaz Albaniyasına məxsus xristian abidəsi tədqiqata cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed