Şrift:
“İçərişəhər” Muzey Mərkəzinin fonduna dəyərli sikkələr hədiyyə edilib
31.05.2019 [10:36] - Mədəniyyət
Azərbaycanın Əməkdar mühəndisi, müstəqil kolleksiyaçı numizmat Rövşən Əhmədov uzun illərdir ki “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi ilə əməkdaşlıq edir.

Qoruq İdarəsindən bildirilib ki, Rövşən Əhmədov muzey işinin yaxşılaşdırılması istiqamətində Şirvan Şahları I Fəribürzün (1063-1096) gümüş, I Axsitanın (1160-1197) mis, III Fəribürzün (1225-1243) gümüş sikkələrini, Parfiya dövlətinə məxsus bizim eradan əvvəl I əsrə aid qədim pul nümunəsini, həmçinin müxtəlif ölkələrə məxsus “pul daxılı” nümunələrindən ibarət dəyərli kolleksiyanı “İçərişəhər” Muzey Mərkəzinin fonduna bağışlayıb.

Rövşən Əhmədov müxtəlif tarixi dövrlərdə Azərbaycanın pul vahidlərini özündə əks etdirən Numizmatika ekspozisiyasının qurulmasında yaxından iştirak edib. Onun ötən il oktyabrın 23-24-də keçirilmiş “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” beynəlxalq elmi konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərginin təşkilində şəxsi kolleksiyasından XIV-XVI əsrlərdə hakimiyyətdə olmuş qüdrətli Şirvanşahlar dövlətinin I Fəriburz, III Mənuçöhr, I Axsitan, Kavus, III Fəriburz, I Şeyx İbrahim, I Xəlilullah və Fərrux Yəsar kimi tarixdə iz qoymuş şahların dövründə zərb olunmuş pul nümunələrini təqdim etməsi çox təqdirəlayiqdir.

“İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyalarının təşkil olunmasında yaxından iştirakına görə R.Əhmədov “Muzeyin dostları” klubuna üzv seçilərək “Qızıl kart” və təşəkkürnamə ilə təltif olunur.

Sözügedən təqdimat mərasimi mayın 31-də Qoruq İdarəsinin kiçik konfrans zalında keçiriləcək.

Qeyd edək ki, əksər məşhur dünya muzeylərində tətbiq olunan “Muzeyin dostları” klubu 2019-cu ildə “İçərişəhər” Muzey Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Klub cəmiyyətə xidmət edən təşkilat kimi muzeyin təşviqinə və inkişafına yardım edir. Kluba üzv olan şəxs elm və mədəniyyət arasında qarşılıqlı faydalı işlər apararaq, tarixin qorunmasına yardım istiqamətində “İçərişəhər” Muzey Mərkəzinin fəaliyyətini dəstəkləyir. Bu kluba üzv olaraq “Qızıl kart” əldə edən şəxs ömürlük, “Gümüş kart” əldə edən şəxs isə bir il müddətində “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey ekspozisiyalarına daxil olmaq, eləcə də tədbirlərində iştirak etmək hüququnu qazanır.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed