Şrift:
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi: “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasına ehtiyac var”
11.06.2019 [10:55] - Mədəniyyət, Müsahibə
Azərbaycanın Beynəlxalq Türk Mədəniyyət Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Elçin Qafarlının müsahibəsi

- Azərbaycanı TÜRKSOY-da nə zamandan təmsil edirsiniz?

- 2008-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında çalışıram. TÜRKSOY-da Azərbaycanla bağlı mədəniyyət tədbirlərinin keçirilməsinə məsul olsam da, bu təşkilatda nümayəndəliyi olmayan türk xalqlarının mədəniyyət tədbirlərinin reallaşması istiqamətində də fəaliyyət göstərirəm.

- TÜRKSOY Üzeyir Hacıbəylinin “Koroğlu” operasının türkdilli xalqlar arasında nümayişində böyük xidmət göstərib. Bəs Azərbaycan dramaturqlarının tanıdılması istiqamətində TÜRKSOY-un fəaliyyəti varmı? Türkiyədə teatr səhnələrində buna ehtiyac duyulur...

- Mən TÜRKSOY-da həm də teatrlar üzrə koordinatoram. Təşkilat nəzdində TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Rəhbərləri Şurasını yaratmışıq. Hər il teatrlararası fəaliyyətlərlə bağlı Şuranın toplantısını keçiririk. Məlumdur ki, hər ölkənin teatr səhnəsində həm dünya klassiklərinin, həm də öz ölkələrinin dramaturqlarının əsərləri səhnələşdirilir. Məqsədimiz pyes, ssenari, rejissor, aktyor və hətta texniki heyətlər baxımından türkdilli teatrlar arasında mübadilənin həyata keçirilməsidir. Bunun üçün Şuranın iclaslarında teatr sahəsində olan problemlərimizi müzakirə edir, müxtəlif qərarlar qəbul edirik. Bu qərarlara uyğun olaraq, məsələn, qardaş ölkələrimizin teatrlarından rejissorlar dəvət olunub, tamaşalar səhnəyə qoyulub.

- Hansı tamaşalar?

- Mikayıl Mikayılov Qazaxıstanda və Qaqauz Yeri Muxtar Ərazi Qurumunda, İsrafil İsrafilov Türkiyədə, Mehriban Ələkbərzadə Şimali Kiprdə müxtəlif əsərlər səhnələşdiriblər. Ən maraqlı layihələrdən biri isə odur ki, Hüseyn Cavidin “İblis” əsərini Yakutiya rejissoru Tatarıstanın Menzelin Dram Teatrında tatar türkcəsində səhnəyə qoydu. Sonra bu əsər Qazaxıstandakı festivalda da yer aldı. Bağlantını görürsüz, bir layihə 3-4 qardaş xalqı birləşdirir. Digər layihəmiz “Kitabi-Dədə Qorqud” 8 üzv ölkəmizin teatrlarında müxtəlif türk xalqlarının dillərində səhnələşdirildi və Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs bir səs” beynəlxalq teatr festivalında nümayiş etdirildi. Yəni teatr sahəsində təşkilatımızın müəyyən işləri var, amma hələ də görüləsi işlərimiz çoxdur.

Bu il Azərbaycan dramaturqlarından Cəfər Cabbarlının 120, Mirzə Cəlilin 150 illiyidir. Fevral ayında TÜRKSOY-un Teatr Rəhbərləri Şurasının sədri professor İsrafil İsrafilov burda Cabbarlı ilə bağlı anım tədbiri keçirilərkən dramaturqun Osmanlı zamanında, Birinci Dünya müharibəsində Türkiyə tarixindən bəhs edən “Trablis müharibəsi” və “Ədirnənin fəthi” adlı iki əsərinin Türkiyə teatrlarında səhnəyə qoyulmasını təklif etdi. Bu əsərlərdən Türkiyə cəmiyyətinin xəbəri yoxdur, çünki heç zaman burda səhnəyə qoyulmayıb. Zatən 100 il öncəki ədiblərimizin, Cavidin, Cabbarlının dili İstanbul türkcəsinə çox yaxındır. Çox təəssüf ki, Türkiyədə teatrlar daha çox Avropaya üz tutublar, türk dünyası yazıçılarının zəngin dramaturgiyasından çox nadir hallarda istifadə edirlər.

Cabbarlının hər 2 əsərini Türkiyə türkcəsinə tam uyğunlaşdırıb, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş Müdirliyinə təqdim etdik. Təklif etdik ki, Türkiyə tarixindən bəhs edən bu əsərlər nəzərdən keçirilsin və Türkiyə səhnələri üçün tamaşalar hazırlansın. Çünki Axundzadə, Mirzə Cəlil, Haqverdiyev, Cabbarlı, Cavid kimi dramaturqlarımızın bütün türk xalqları yazarları arasında əvəzsiz yeri var, amma kifayət qədər tanınmırlar. Özəlliklə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinə böyük ehtiyac var. Bir ay öncə həmyerlimiz Məlahət Abbasovanın rejissorluğu ilə İstanbul Şəhər Teatrı Hüseyn Cavidin “İblis” tamaşasını səhnəyə qoydu. Premyerasında hörmətli nazirimiz Əbülfəs Qarayev və Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun da iştirak etdiyi tamaşa bu ilin sonuna kimi teatrın repertuarında olacaq. Gecikmiş olsa da, bu da böyük nailiyyətdir.

- Cabbarlının əsərləri ilə bağlı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə müraciətinizə cavab aldınızmı?

- Hələ ki, rəsmi cavab almamışıq, amma əsərlərlə tanış olub dəyərləndirəcəklərini söyləyiblər.

- İstanbulda, Ankarada və Türkiyənin digər böyük şəhərlərində Azərbaycan adına çox dərnəklər var, amma bunların fəaliyyətləri məhduddur. Rəsmi mərkəzləşmiş bir qurum yoxdur. Sizcə, Ankarada rəsmi Azərbaycan Kültür Mərkəzi yaranmalı deyilmi?

- Bəli, Türkiyə Azərbaycanda yetəri qədər tanınır, amma Azərbaycanın zəngin mədəniyyəti və irsi Türkiyədə layiqincə tanınmır. Türkiyədə bir qrup ziyalının Azərbaycan haqqında məlumatlı olması geniş kütlənin məlumatlı olması demək deyil. Azərbaycanın geniş təbliği üçün Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin olması mütləq lazımdır. Bu barədə rəsmilərimizə də bildirmişəm. O mərkəzdə hər həftə filmlərimizi, teatrlarımızı, musiqimizi, rəsm əsərlərimizi nümayiş etdirər, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini tanıdar, Azərbaycan türkcəsini tədris edərik. Çünki Türkiyə cəmiyyətində bizim türkcəmizə maraq çoxdur, burda “Azərbaycan türkcəsi daha təmiz və öztürkcədir” deyirlər. Azərbaycan musiqisinə, musiqi alətlərinə də bir heyranlıq var Türkiyədə. Belə bir mərkəz olsa, musiqi alətlərimiz də tədris olunar.

- Bu təklifinizə necə, cavab almısınızmı?

- Bəziləri deyir, buna nə ehtiyac var, biz bir millət, iki dövlətik. Amma bəziləri də alqışlayır. Azərbaycan dövlətinin dəstəyi ilə Ankaranın kənarında deyil, tam mərkəzində belə bir mərkəzin açılması çox önəmlidir. Ankarada Fransa, Almaniya və Rusiyanın mədəniyyət mərkəzləri var, çox da gözəl çalışırlar. Azərbaycanın Daşkənddə belə bir mədəniyyət mərkəzi fəaliyyətdədir, onların təcrübəsindən yararlanmaq mümkündür. Onu da deyim ki, Türkiyədə heç bir türk dövlətinin belə bir qurumu yoxdur. Azərbaycan ədiblərinin tanıdılması üçün Mədəniyyət Nazirliyinin dəstəyi ilə İstanbulda bir nəşr evində kitablar yayımlanır. Bu da çox yaxşı haldır. Amma bu işlər hərtərəfli və böyük həcmdə olmasa, Azərbaycan haqqında təsəvvürlər natamam olacaq.

- Qırğızıstanda Türk Şurasının 6-cı zirvə toplantısında Türkiyə Prezidenti Ərdoğan bildirib ki, TÜRKSOY-un statusunu saxlamaq şərti ilə bu qurumun fəaliyyəti davam etməlidir. Hazırda türk dünyasına dair mərkəzləşmiş qaydada bir qurumun fəaliyyət göstərməsinə tərəfdar olanlar da var. Məsələn, Avropa İttifaqı modelində bir Türk Birliyinin yaradılması təklif olunur. Siz necə düşünürsünüz?

- Bu barədə müxtəlif fikirlər var. Keçən ilki zirvə toplantısında cənab Nazarbayev də dedi ki, TÜRKSOY çox gözəl işləyir, amma digər qardaş qurumlarla birgə bu səyləri birləşdirmək təklifini də irəli sürdü. Bu barədə müzakirələr gedir. Amma TÜRKSOY türk beynəlxalq aləmində yaradılan ilk təşkilatdır. Ondan sonra Türk Əməkdaşlıq Şurası, sonra TÜRKPA, ardınca Türk Akademiyası yaradılıb. Ən sonuncu da Mədəniyyət və İrs Fondu yaradıldı. 5 belə rəsmi qurum var. Fikrimcə, belə qurumların çox olması yaxşıdır. Çünki nə qədər varlığımızı duyurmaq üçün səsimizi çox çıxarsaq, türklük üçün o qədər faydalı olar.

Onu da deyim ki, digər qurumlardan fərqli olaraq, bizim üzvümüz çoxdur. Rusiyadakı türk xalqlarını təmsil edən respublikaların 6-sı bizim təşkilatın üzvüdür və türk dünyasının mədəniyyətini dünyanın hər yerində tanıdırıq. Mən elə düşünürəm ki, TÜRKSOY daha geniş şəkildə fəaliyyət göstərməlidir. Təşkilata üzv ölkələrimizin maddi dəstəyi artırılarsa, daha çox işlər görülə bilər. Hazırda az büdcə ilə bacardığımız qədər çox işlər görməyə çalışırıq.

Cənab Ərdoğanın da belə bir mövqedə olmasını çox yüksək dəyərləndiririk. Rəsmi Azərbaycanın da mövqeyi belədir. Bu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən toplantısında da bu barədə dəqiq fikir bildiriləcək.

O ki qaldı Avropa Birliyi modelində qurumun yaradılmasına... Avropa Birliyi bu prosesə neçə illərdir gəlib çıxıb, amma bizdə bu proses yeni başlayıb. 70 il Sovetlər Birliyinin tərkibində olmuşuq. 27-28 ildir biz müstəqilik, amma bu Sovetlər Birliyinə daxil olan türk dövlətləri üçün asan keçməyib. Ona görə bu proseslər yavaş gedir. Mədəni, iqtisadi, dillə bağlı problemlər var. Məsələn, eyni əlifbaya keçirilməsi məsələsi hələ də aktualdır. Hər türk xalqının əlifbalarında hərf sayları fərqlidir, bu da bir problem yaradır. Qazaxıstan yeni əlifbaya keçir, 2023-cü ilə qədər bu proses gedəcək. Orada da mübahisəli məsələlər var. Məsələn, qazaxlar incə saitlərin üzərinə xətt qoymağı nəzərdə tuturlar. Halbuki nöqtə qoyulsa, ortaq əlifbaya yaxınlaşmaq, məncə, daha məqbul olardı. Hərflər qəlizləşdirilir. Özbəklərdə Ş, Ç fərqlidir. Türk qardaşlığından, ortaq əlifbadan danışırıqsa, bunlar nəzərə alınmalıdır. Azərbaycan neçə illərdir bu işlə məşğuldur, bu nümunədən yararlanmaq olar. Türkiyənin də təcrübəsi çoxdur.

Bəzən deyirlər, ortaq türkcə niyə formalaşdırılmır, türk xalqları bir-biri ilə rusca danışır. Ortaq türkcə üçün mən belə bir təklif irəli sürmüşəm. Hazırda 6 müstəqil türk dövləti var. Hər ölkənin Təhsil nazirlikləri səviyyəsində universitetlərimizdə ədəbiyyat, filologiya fakültələrindən qarşılıqlı tələbə mübadiləsi aparılsın. Avropanın Erasmus proqramı kimi. Məsələn, Azərbaycan III kursdan 5 tələbə Qazaxıstana, 5 tələbə Qırğızıstana, 5 tələbə Özbəkistana, 5 tələbə Türkmənistana, eləcə də onlardan bu sayda Azərbaycana tələbə mübadiləsi edilə bilər. Beləcə, hər bir ölkəmizdə qazax, qırğız və s. dillərdə mütəxəssis hazırlanacaq. Buna böyük dövlət vəsaiti də lazım deyil.

Hazırda qardaş xalqların ədəbiyyatları orijinaldan çevrilmir, bu sahədə çox çətinliklərin şahidi oluruq. Çevrilsə də 3-cü dildən, əsasən rus dilindən tərcümə edilir. Oğuz Türk dil qrupu ilə Qıpçaq türk dil qrupunun bir-birini anlamasında, tərcümədə çətinliklər var. Amma belə olsa, 10 il sonra hər bir türk xalqının dil sahəsi üzrə mütəxəssisi olar, tərcümələr də asanlaşar.

Digər təklifim isə odur ki, Türkiyə türkcəsi Orta Asiya türk dövlətlərində, eləcə də bizdə orta məktəblərdə seçmə xarici dil kimi tədris olunsun. Məsələn, 5-ci sinifdən 8-ci sinfə kimi həftədə bir-iki saat tədris oluna bilər. 10 il belə təhsil olsa, hər ölkədə türkcəni bilən nəsil yetişsə, rus dilinə deyil, öztürkcəyə bağlılıq artar.

Başqa ən önəmli bir məsələ Türkiyənin orta məktəb ədəbiyyat dərsliklərində qardaş türk xalqlarının yazarlarının tədris olunmasıdır. Bu olmadıqca, Türkiyə məktəblisi Azərbaycanın dahi şəxsiyyətlərini necə tanıya bilər? Qardaş türk xalqlarının mənəvi dəyərlərinin təbliği zəifdir. Avropada Servantesi, Molyeri, Şuberti hər bir avropalı gənc tanıyır. Çünki onların təhsil sistemində bu təbliğat aparılır. Bizim üzv ölkələrimizin təhsil sistemində də ədiblərimizin qarşılıqlı olaraq tanıdılması çox vacibdir.

Digər qardaş türk dövlətlərində də Azərbaycan ədibləri tanınmır. Cənab prezidentin sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu. TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurası tərəfindən də bu il türk dünyasında “Nəsimi ili” elan edilməsi ilə əlaqədar üzv ölkələrdə silsilə tədbirlər keçiririk. Nəsimi kimi bir dahi şəxsiyyəti bütün türk xalqları tanımalıdır, amma yetərincə tanınmır. Eləcə də digər dahi şəxsiyyətlərimiz. Yaxşı olardı ki, Azərbaycan Yazıçılar Birliyi qardaş ölkələrin Yazıçılar birlikləri ilə bu mövzuda sıx ünsiyyət yaratsın.

- Son zamanlar türk xalqlarının 4 mövsüm bayramı - Nüşabə, Növrəstə, Novruz, Nübar bayramının olması haqqında fikirlər səslənir. TÜRKSOY-da türk mövsüm bayramları haqqında məlumatlıdırlarmı?

- Bu məlumatı biz də mətbuatdan oxuduq. Mən elə düşünürəm ki, ənənəvi bayramı bir kənara qoyub, tamamən unudulmuş bir gələnəyi xatırlatmaq qarışıqlıq yarada bilər. Ana bayram Novruzdur. 5 min illik tarixi olan Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 2010-cu ildə biz ilk dəfə türk dünyasının hər yerindən olan 200 nəfərədək sənətçilərlə UNESCO-da, Parisdə, Strasburqda Novruz bayramını hər bir atributları ilə nümayis etdirdik. 2011-ci ildə isə BMT-də bu səpkili bir tədbir təşkil olundu. Belə tədbirlər sonrakı illərdə Avropanın bir çox ölkələrində, türkdilli dövlətlərimizdə qeyd olunur. Neçə illərdir Türkiyədə də təbliğ edirik. Buna baxmayaraq, Türkiyədə Novruz kütləvi bayram kimi qəbul olunmur. Burda Xıdır Əlləz bayramı daha yayğındır. Amma 4 mövsüm bayramının olması da məqbuldur. Çeşidliliyin çox olması xalqlarımızın zənginliyinin göstəricisidir.

- Türk mədəniyyət nümunələrinin, musiqilərimizin, mətbəximizin başqa xalqlar, məsələn, ermənilər tərəfindən mənimsənilməməsi, türk xalqlarına məxsus olması haqqında TÜRKSOY UNESCO-ya müraciət edibmi?

- Bu məsələ ilə birinci növbədə ölkələrin mədəniyyət nazirlikləri məşğuldurlar. Məsələn, iki-üç il öncə ermənilər lavaşın onlara məxsus olmasını siyahıya daxil etdirmək istəyirdilər. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin vaxtında qarşısı alındı. Türkiyə ilə Azərbaycan ortaq bir layihə hazırladı və lavaş türk dünyasının məhsulu olaraq siyahıya daxil edildi. Mənfur qonşularımız bu istiqamətdə gecə-gündüz çalışırlar. Ona görə bizim daha çox əl-ələ verib birgə çalışmamız lazımdır.


1 / 4
Bu xəbər oxucular tərəfindən 6229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed