Şrift:
Dövlətin dili onun bayrağı qədər müqəddəsdir, onu təhrif etmək olmaz!
17.08.2012 [01:24] - Gündəm
Məmməd Nəcəfzadə
AMEA-nın əməkdaşı, Moskva Dövlət Universiteti Bakı Filialında Dillər Kafedrasının professoru



Dilin ən mühüm ünsiyyət vasitəsi olması düşünürük ki, hamıya məlumdur. Belə olan təqdirdə çalışmalıyıq ki, onu ən sadə və ən asan formada tətbiq edək. Məqsəd qarşılıqlı anlaşmaya xidmət edərək nitqi ən rəvan və başadüşülən şəkildə, xalqın praktik istifadəsində olan sözlərlə ifadə etməklə fikri anlatmaqdan ibarətdir. Bütün elmlər kimi dilçilik də dərin, əhatəli və mürəkkəb bir elmdir. Dəryanın dərinliyini yalnız oraya baş vurduqdan sonra bilmək olar. Hər bir dilin leksikası – söz baqajı (sinonimlər, antonimlər, amonimlər və s.); qrammatikası – morfologiya, sintaksis; və fonetikası – səslər, hecalar, vurğular, tembr, sintaqma, temp, ton, pauza, nitq melodiyası və s. vardır. Hər bir sahədə nizam-intizama riayət edilməyəndə xaos yarandığı kimi, dilçilikdə də yuxarıda sadalanan bu tələblərlə hesablaşmadıqda böyük bir xaos əmələ gəlir. Nəticə etibarı ilə həmin üzdəniraq fərdin nitqini yalnız özü və bir də onunla yaxın təmasda olan insanlar anlaya bilir, çünki onlar artıq o danışığa alışırlar. Yadımdadır, uşaq vaxtı “qarğa dili” deyilən bir danışıq tərzi öyrənmişdik; o “dil”də danışanda uşaqlar bir-birini başa düşürdü, onların valideynləri isə yox. Məsələn, 60-cı illərin ikinci yarısında ingilislərin “kriket” oyununu biz top əvəzinə konserv bankası ilə oynayırdıq, oyunu da “çuk-çuk” adlandırıdıq; olduqca dinamik olmasına baxmayaraq çox təhlükəli bir oyun idi. Əlimizdə zırpı bir paya qarşımızdakı çonanı (balaca quyu) qoruyurduq ki, rəqib oyunçu oraya “topu” (konserv bankasını) sala bilməsin; metaldan olan konserv bankasını əlimizdəki ağacla dəf edərkən o hara düşürdüsə, bankanın hədəfə atılması həmin nöqtədən icra edilirdi. Bu, top almağa pulu olmayan kasıb uşaqlar üçün ən sevimli və əlverişli oyun idi! Oyunun təhlükəliliyi ondan ibarət idi ki, çonanın müdafiəsi zamanı əlimizdəki ağacla konserv bankasına zərbə vurduqda banka rəqibin başına, gözünə, bir sözlə hər bir yerinə dəyərək bəzən ciddi xəsarət yetirirdi. Ona görə də heç bir valideyn icazə vermirdi ki, onun uşağı bu oyunu oynasın. Beləliklə, evdə dərslərimizi hazırlayıb qurtaran kimi, yubanmadan bu “qarğa dili”ndən istifadə edərək aradan çıxırdıq; birbaşa kanalın arxasında “çuk-çuk” oynamağa! Bəlkə də çoxları uşaq vaxtı bu variantdan istifadə edib, misal üçün: “Vəli, geriz çuruz oruz!” Və ya: “gelfir çulfur olfur!” – Vəli, getdik çuk-çuk oynamağa! Böyüklərimiz bizi başa düşmədiyi halda, biz çox asanlıqla bilirdik ki, iş nə yerdədir. Nə isə... Mətləbdən uzaq düşməyək.

Söhbətimizin hədəfi televiziya kanallarında müxtəlif şou proqramlarında aparıcılıq edən “yeni azərbaycanlılar”dır. Nitqin yuxarıda xatırladılan heç bir standartına əməl etməmələri azmış kimi, hələ üstəlik bir çoxunda fizioloji baxımdan nitq qüsuru (“c” səsini “g” kimi tələffüz edir, “ç”-nı isə “k”; məsələn: “cəngi” sözünü – “gəngi”, “Gəncə” sözünü – “Gəngə”, “yanlış” sözünü – “yalnış”; Esmira – Esmra; Elmira – Elmra; İrəc – İyrənc və s.), habelə səslərində isterik ton var. Bu zavallı Azərbaycan Türkcəsini tələm-tələsik gah ingilis nitq melodikası ilə, gah İstanbul Türkcəsində, gah da Rus dilinə oxşatmaqla başlarından edirlər. Bu azmış kimi, özəl kanallardan birində (etik baxımdan adını çəkmək istəmirəm) hava proqnozunu deyən məxluq iki əlini konusvari şəkildə tutaraq tez-tez qurşaqdan aşağı hissəsinə aparır, nəticədə fikir yayınır və onun dediyi məlumatı qavrama prosesi əngəlləşir. “Xəzər TV”-də diktor deyəsən İraqın Nəcəf şəhərindən yenicə gəlib; soy adı da elə Nəcəflidir?! – O, məlumatı elə bir isterk tonla çatdıtrır ki, əsəbi adam onu dinlədikdən sonra bir saat özünə gələ bilmir; və onun cümlələrində Azərbaycan dilinə yeni olan, xüsusi bir nitq melodiyası var. Aparıcıların savadsızlığı və həm də öz üzərində işləməmləri açıq-aydın görünür. Bütün bu səbəblərdən də adam nə qədər vətənpərvər olsa belə, Azərbaycan kanallarına baxmaq istəmir. Mobil telefonda AzərCell xidmətçisinin məlumatı: “Hörmətli abonent, nömrəni yalnış yığmısınız!” – Birincisi: “yalnış” yox, “yanlış”; ikincisi: məlumat elə bir təhqiramiz və hörmətsiz tonla deyilir ki, heç o cümlədə işlədilən “hörmətli” sözünü dərhal anlamırsan; yalnız onu eşidirsən ki, kim isə sərt bir tonla xəbərdarlıq edir. Bu, maqnit lentinə yazılmış informasiyadır; görəsən olmazdı ki, onu bir qədər mülayim tonla yazdırsınlar?

Son zamanlar, ağına-bozuna baxmadan, milli televiziyamız vasitəsilə çıxış edənlərin nitqində xüsusi bir “Azərbaycanlaşma” tendensiyası gedir! Belə ki, televiziya vasitəsilə veriliş aparan insanlar bilavasitə dilin daşıyıcıları və təbliğatçılarıdır, onların etdiyi səhvlər isə bağışlanılmazdır. Etiraf etməliyik ki, televiziya elə bir güclü propaqanda vasitəsidir ki, efirdən səsləndirilən söz (hətta səhv olsa belə) ən qısa zaman kəsiyində milyonların dilinə həkk olunur; ondan sonra dilçi alimlər dəridən-qabıqdan çıxacaqlar ki, bu və ya digər yanlışlığı aradan qaldırsınlar. Məsələn, “diaspora” sözünün “diaspor” kimi işlənilməsinə tendensiya artıb.

Diaspora – Yunan dilindən alınma termin olub, Fələstindən kənarda eramızdan əvvəl 586-cı il, Babil əsiri dövründən müxtəlif ölkələrə köçürülmüş yəhudi icması deməkdir; tədricən bu termin milli-mədəni azlıq halında köçürülmüş yeni regionlarda yaşayan digər dini və etnik qruplara da tətbiq edilməyə başladı.

Diaspora – Botanika termini olub, bitkinin təbii şəkildə ayrılan və onun çoxalmasına xidmət edən hissəsi (spora, toxum, bar, soğanaq, yumuru və s.) deməkdir.

Diaspor isə Mineralogiya termini olub, ALOOH – hidrooksillər yarımsinfinə (подкласс) aid mineraldır [Советский энциклопедический словарь. Прохоров А.М. и др. Изд-во «Советская энциклопедия». Москва, 1981. Стр. 393].

Digər bir misal: Sirr deyil ki, YAPın İcraçı Katibi Əli Əhmədov rəvan natiqlik qabliyyətinə malikdir. Lakin onun nitqində Azərbaycan dilinə yabançı olan bir melodika var. O, elə bir fiqurdur ki, onu dinləyən bir çox gənc nitq üslubunu onunkuna oxşatmağa çalışacaq.

Daha bir misal: Televiziya müsahibələrində bir çox üzdəniraq “ziyalılar” belə bir səhv ifadəni tez-tez işlədirlər – “belə bir fikirlər səslənir”, “belə bir sözlər deyilir” və s. Fikir verin, isim hər iki misalda cəm halındadır, onları təyinedən say isə təkdədir; düzgün variant isə belə olmalıdır: “belə bir fikir səslənir”, “belə fikirlər səslənir” “belə bir söz deyilir” “belə sözlər deyilir”. Digər bir misal: “problemlər” sözünü “problemlar” kimi tələffüz edirlər və s. Bunlar görəsən hansı dilin qrammatik və ya fonetik qanunlarına uyğunlaşdırılıb?

Bir də görürsən ki, dilimizdə işlənməyən bir çox sözləri Ankara türkcəsindən götürüb düzüblər mətnin tərkibinə və ya televiziya vasitəsilə söhbət edirlər. Di gəl başa düş, görək bu nə deyir! Dilimiz Türk dilləri qrupuna mənsubdur heç də o demək deyil ki, xalqın praktik dilində istifadə edilməyən sözləri kortəbii və spontan şəkildə toplasınlar KİV-nin dilinə. Dildə hərc-mərclik yaratmaq və ya “özfəaliyyət dərnəkləri” açmaq olmaz. Qoy hər kəs öz işi ilə məşğul olsun; bununla məşğul olan sahələr var və yetərincə məhsuldar fəaliyyət göstərir. Dilə daxil edilən hər bir yeni söz və terminlər AMEA Dilçilik İnstitutu tərəfindən həyata keçirilir. Bəli, mən Azərbaycan Türküyəm və bununla da qürur duyuram. Amma mənim özümün yüz illərlə formalaşmış gözəl dilim var, və o dövlət dilidir! Gəlin özümüzü başqalarına oxşatmağa çalışmayaq, hətta qardaşımız belə olsa; inanın, kənardan bu çox eybəcər görünür. Gəlin biz elə özümüz olaraq qalaq, qoy başqaları bizə oxşamağa çalışsınlar!

Haşiyə: Tutaq ki, əvvəlki senzura yoxdur, demokratiyadır (təəssüf ki, demokratiyanı da hər kəs öz bildiyi kimi başa düşür), olmazmı ki, nitq mədəniyyəti mücəssəməsi olan unudulmaz diktorlarımız Natəvan xanım, Roza Tağıyeva, Rafiq Hüseynov, Şərqiyə Hüseynova və bir çox digər insanlardan nümunə götürülsün? Elə mənim yaxın münasibətdə olduğum insanlardan: tanınmış Pedaqoji Elm Xadimi Allahverdi Eminov (Azərbaycan Dövlət Televiziyasında uzun müddət “Məktəb və pedaqoqika” verlişini aparıb; “Maarif” Nəşriyyatının baş direktoru olub; mən “Futuroloq” FTK-i Açıq Universitetinin rektoru işləyəndə o, Pedaqoqika kafedrasının müdiri işləyib; mən Oruc Rəhimovun sponsorluğu ilə Zadəganlar Universitetini açanda A.Eminovu universitetə elmi işlər üzrə prorektor vəzifəsinə götürmüşdük; o, Salyan Müəllimlər İnstitutunun rektoru olub və s.), Zaman Əskərli (Filologiya Elmləri Doktorudur, AMEA Ədəbiyyat İnstitutunun baş mütəxəssisidir), KİV-də “Kərimbəyli” təxəlüsü ilə tanınmış, yaxın dostumuz, mərhum Əli Həsənov (AMEA Folklorşünaslıq və Etnoqrafiya İnstitutunun keçmiş alimi; hələ dilçilik institutunun alimlərini demirəm (onlar bu sahənin professionallarıdır). Allahverdi Eminov həm Zamanın, həm Əlinin, həm də mənim (hələ orta məktəbdə) dil-ədəbiyyat müəllimimiz olub. Yaşlı nəsil yaxşı xatırlayar, o dövrdə təhsil olduqca yüksək səviyyədə idi. Yəqin oxucum hiss etdi ki, əziz müəllimimi (indi isə artıq dostumu) tərifləməkdə xəsislik etdim; çünki onu tərifləsəm, onun özünün zəhləsi gedər məndən. Qiymətə mindirmək üçün ucuz şeyi tərifləyərlər. Haqqında danışdığım Əli Həsənov isə mənim həmyerlim və uşaqlıq dostum idi; daha doğrusu, o və Zaman müəllim məndən 4 yaş böyük olan qaradşım Əli Tağıpur ilə dostluq ediblər. Əli Həsənovla nə az, nə də çox – düz qırx ildən sonra yoldaşlıq etməyə başlamışıq. Hərdən-bir görüşürdük, elmi mövzuda fikir mübadiləsindən başlayıb keçirdik mübahisəyə. Bir dəfə namizədlik dissertasiyamın kağız variantını Əli müəllimin printerində çıxaranda o, işin mövzusu və 178 səhifə yazılmasını görəndə çox təəccüb etdi, terminologiyanı dörd dildə tədqiq eləmək, özü də bizim əhatəmizdəki dostlara yabançı olan bir fənn – genetika terminologiyası!

O dedi: “Ayə vallah lap Ostap Bendersən! Ayə sən elmlər doktorunun, akademikin müsabiqeynən seçilə bilmədiyi vəzifələrdə – tədris işləri üzrə prorektor, birinci prorektor, rektor iştəmisən. Yaxçı, tutalım bu özəl sektorda belə müstəsnalar olur; deyək ki, təşkilatçılıq qabiliyyətüvə görə götürüblər. Yaxçı, tutaq ki o dövrdə zamanın tələbi olaraq, rus dilinə xüsusi həvəs göstərib onu öyrənmisən, ingilis dili də öz ixtisasundı, onu elə kəttə də bilirdün; ayə bəs bu genetika hara, sən hara, belə çətin bir elmi sən harda öyrəndün?”

Dedim: Qardaş, Genetik Ehtiyatlar İnstitutunda 6 il Beynəlxalq Əlaqələr, İnformasiya və Koordinasiya şöbəsinin müdiri işləmişəm; institutun bütün tərcümə işləri mənim əlimdən keçirdi. Direktorun məni həddən ziyada tərcümə materialları ilə yükləməsi səbəbindən gözümü açmağa macalım olmurdu. Zeynal Əkpərova o zaman müəyyən xırda məsələlərə görə acığım tuturdu, amma ondan kənarlaşandan sonra olub-keçənləri təhlil edirəm və o insana minnətdarlıq hissi ilə düşünürəm ki, məhz onun tələbkarlığı nəticəsində mən genetika terminologiyası mütəxəssisi kimi əməlli-başlı formalaşdım.

Əli mənimlə fəxr etməsini və digər pafoslu sözlər işlədəndə mən xahiş etdim ki, tərif məni uçuruma aparır, tənqid varsa desin və bacardığı düzəlişi etsin, əgər yoxdursa heç nə deməsin. O, sırf dilçi kimi işi yoxlamağa başladı və dərhal orada bir cümləyə ilişdi. Demək istədiyim fikri ona rusca izah edəndən sonra o, lazımi düzəlişləri etdi və məni danlamağa başladı: “Eyibdir, sən öz dilüvi əcnəbi dillərdən yxçı bilməlisən, axı sən dilçi-alimsən!” Hadisələr Əligilin evində – “Sovetski”də cərəyan edirdi. O, təəccüb etdi ki, bu dəfə mən söz güləşdirmirəm. Doğrusu, mən möhkəm pərt olmuşdum, çünki o haqlı idi; bəzən fikrimi erməni budaq cümlələrilə izhar etmişdim. Ədalət naminə etiraf etməliyəm ki, Əli müəllimin şifahi nitqində Salyan ləhcəsinin özünü büruzə verməsinə baxmayaraq, olduqca güclü yazı qabiliyyəti var idi. O, görəndə ki mən pərt olmuşam özünəxas təmkin və müdrikliklə mənə bəraət qazandırmağa çalışdı: “Səni qınamaq düz döür e, gör neçə dil bilirsən!? Hələ mən Rossiyada yaşaya-yaşaya sən rus dilin mənnən yaxçı bilirsən; bir də ki, sən enerjüvi bir neçə sahəyə paylaşdırmısan.” Nə isə..., nə nasazlığı ilə, nə də normal istirahəti ilə hesablaşmadan, Əli müəllim iki gün və iki gecəyə işi ideal şəkildə cilaladı. Başımız elə qarışmışdı ki, bütün gecəni səhərə kimi, mübahisə edə-edə işləmişik; Əlinin həyat yoldaşı Nərminə xanımı o biri otaqda kresloda yuxu aparıb. Mənim üstümdə onların haqqı çoxdur. O böyük Allahdan Əliyə rəhmət diləyirəm! Doğrusunu desəm, ondan çox şey öyrənmişəm. O, humanitar fənnlərin, demək olar ki, hamısı barədə yetərincə məlumatlı idi.

Digər bir məqama diqqət yetirin: özünə “sənətkar” deməklə, şou müğənnisi yeni termin kəşf edir, halbuki dülgər də, dulusçu da, xarrat da, bənna da, pinəçi də və s. peşə adamları hamısı sənətkardır! “Sənətə gəlmək” – şou müğənnisi olmaq (olduqca gülməli bir anlamdır); “primadonna” – şou müğənnilərinə şeflik edən (şöhrətpərəstliyn həddi-hüdudu yoxdur!); “ulduz” – populyar şou müğənnisi; meqa star (ən böyük ulduz) – ən populyar şou müğənnisi (Amma Günəş, Ay qalıb!); “Toylar Kralı”, “Toylar Kraliçası” – çox gülünc bir şeydir; kral məmləkətə Əliyevlər sülaləsi kimi (nəsilliklə) rəhbərlik edən monarxdır. Düşünürük ki, ya pul bu insanların ağlını əlindən alıb, şöhrətin sonsuzluğuna istiqamət götürüblər, ya da onlarda psixi pozuntu əmələ gəlib.

Hesab edirəm ki, televiziya aparıcılarının və ümumiyyətlə, bütün televiziya verilişlərinin üzərində mütləq dil senzurası, etik davranış senzurası olmalıdır. Demokratiya anarxiya demək deyil!

Dilimiz o qədər şirin və rəvandır ki, bu dildə danışmağı öyrənmək istəyən hər hansı bir şəxs çox asanlıqla dilimizi öyrənə bilir. Buna parlaq sübut ABŞ-nın Azərbaycandakı keçmiş səfiri xanım Ənn Dörs və onlarla digər əcnəbi diplomat və mütəxəssislər. Hər hansı bir arzunu həyata keçirmək üçün yalnız ilk addımı atmaq və onu həvəslə etmək lazımdır. Görəsən bunu bizim bəzi nazirlərimiz və yüksək rütbəli dövlət məmurlarımız niyə etmək istəmirlər?! Prezident İlham Əliyev bir siyasət adamı kimi Rusiyada formalaşmasına baxmayaraq Azərbaycana gələn kimi ana dili üzərində intensiv işləməyə başladı; hal-hazırda o, bir neçə dil bilməyi ilə yanaşı ana dilində də çox gözəl və sərrast tələffüzlə danışır. Bəlkə ondan nümunə götürəsiniz, cənablar!

Beləliklə, hər bir dövlətin dili onun bayrağı qədər müqəddəsdir, onu təhrif etmək isə cinayətdir!
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed