12.06.2019 [11:01] - Xəbərlər, DAVAMın yazıları
Əbdürrəhman Fətəlibəyli-Düdənginski əslən Naxçıvanın Şərur rayonundandır. O, 1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində dünyaya gəlib.
Atası faciəli surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı vardı. O, gənc yaşlarında əsgər getmiş, Tiflis hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasında zabit olmuşdur. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyli xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada (indiki Sankt-Peterburq) aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.
Qeyd edək ki, Ə.Fətəlibəyli olduqca bacarıqlı zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, «Qırmızı Ulduz» ordeni ilə təltif olunmuşdu. O, bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ildə Sovet ordu hissələri Pribaltika respublikalarını işğal etdikdən sonra, Ə.Fətəlibəyli Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdü.
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə də Ə. Fətəlibəylini yüksək qiymətləndirir və onunla ilk görüşünü belə xatırlayırdı: «Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi. Hitler «heç bir komitə istəmirəm» demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan «Rabitə Heyətləri» (Əlaqələr heyəti) qurulmasını əmr etmişdi. Azərbaycan «Rabitə Heyəti”nin başına da mərhum Fətəlibəyli gətirilmişdir.
İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi vəd etmişdik».
Mühacirət illərində sovet rejiminə qarşı ideoloji mübarizə aparmış, «Hakimiyyətin texnologiyası», «Partokratiya», Stalin və Beriya haqqında kitablar müəllifi kimi tanınmış, əslən çeçen millətindən olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi: «943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Baş Komandanlığının qəbulunda mən qafqazlı görünüşündə olan, sovet hərbi əsiri forması geymiş və bütün xarici görünüşündən düşərgədən yenicə azad edilmiş insan təsiri bağışlayan bir zabitlə qarşılaşdım. Bu adam çox qaradinməz görünür və öz daxili qayğıları, fikirləri ilə məşğul idi ki, görəsən onu tale indi nə ilə üzləşdirəcək. Qəbulda adamlar çox idi və uzun tərəddüddən sonra ona yaxınlaşıb soruşdum: - sən qafqazlı deyilsən? Gözlənilməyən sualdan həmin adam çaşdı və cavab əvəzinə mənə sual verdi: Bəs siz qafqazlısınızmı? Mən özümü təqdim etdim. O da özünü təqdim etdi: azərbaycanlı Abo Düdənginski, sovet ordusunun keçmiş mayoru. O vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, ömründə bir dəfə Abo ilə qarşılaşan şəxs, bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun müsbət şəxsi keyfiyyətləri, şahzadəliyi çətinliyə düşənə köməyə hazır olması hamını heyran edirdi. Bax onun bu keyfiyyətlərindən qatil Mikayıl İsmayılovu onu öldürməyə göndərmiş “NKVD” istifadə etdi.
Abo Düdənginski (mən heç vaxt ondan əsl familiyasını soruşmurdum-Düdənginskidir, yaxud Fətəlibəylidir) hərbi əsirlər düşərgəsindən azad edildikdən sonra OKV (Ali Baş Komandanlıq) ona Azərbaycan legionuna komandirlik etməyi təklif etdi (Almanlar şərq xalqlarından belə legionlar yaradırdılar: Türküstan, Azərbaycan, erməni, gürcü, şimali qafqazlı və s.)... Abo doğma Azərbaycanını ürəkdən sevirdi, lakin şovinist deyildi. O, alovlu və inamlı Qafqaz patriotu idi. Qafqaz bu gün çox ağır və kədərli günlərini yaşayır. İnanıram ki, bizim ümumi Qafqaz evimiz qardaşlıq dünyasına qayıdacaq və bu, Fətəlibəyliyə qoyulan ən yaxşı abidə olacaq».
Mayor Ə.Fətəlibəylinin Almaniyadakı fəaliyyətinin ən-mühümü onun Milli Azərbaycan Qurultayını təşkil edib keçirməsi oldu. M.Ə.Rəsulzadə yazırdı: «Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən «Rabitə Heyəti”nin yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 qasım (noyabr) 1943-də Berlində bir Qurultay çağırmışdı. Qurultayın Fətəlibəylinin raporu üzərinə qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır.
Qeyd edək ki, 1943-cü ilin noyabrın 6-11-də Berlində Azərbaycan «Milli Birlik» Məclisinin təşəbbüsü ilə çağırılan Azərbaycan Qurultayının böyük əhəmiyyəti oldu. Belə ki, digər xalqların mühacir və legionerləri arasında ilkin olaraq azərbaycanlılar öz qurultaylarını keçirdilər. Bu Qurultayın keçirilməsində Ə.Fətəlibəylinin böyük rolu olmuşdur.
Müharibənin sonlarına yaxın isə Şərq cəbhəsində vuruşan Azərbaycan legionerlərinin sovet ordu hissələrinin əlinə keçməməsi üçün Ə.Fətəlibəylinin təşəbbüsü ilə birliklərin əvvəlcə cənub və qərb cəbhələrinə, bir müddətdən sonra isə o dövrdə daha sakit bölgə olan İtaliyaya köçürülməsinə başlanıldı. Qeyd edək ki, bu çox çətin və ağır prosesin həyata keçirilməsində mayor Ə.Fətəlibəylinin böyük xidmətləri olmuşdu.
1945-ci ilin mayın 9-da Almaniyanın təslim olmasına baxmayaraq, legionerlərin taleyi şübhə altında idi. Onlar müttəfiqlərin tərəfində qalmağa çalışır, sovet ordu hissələrinə tabe olmaq istəmirdilər.
Azərbaycan legionerlərinin xilası və ayrı-ayrı ölkələrdə məskunlaşması üçün əsas fəaliyyəti M.Ə.Rəsulzadə və Ə. Fətəlibəyli aparırdı. Belə ki, M.Ə.Rəsulzadə Almaniyanın Münhen şəhərində, Ə.Fətəlibəyli isə İtaliyanın Roma şəhərində bu işi davam etdirirdilər.
Mayor Ə.Fətəlibəylinin və digər legionerlərin müharibədən sonrakı həyatı ağır keçdi. Ə.Fətəlibəyli ailəsi ilə birlikdə böyük çətinlikdən sonra ingilislərin əsarətindən qurtula bildi. Bir il İtaliyada, iki ilə qədər Misirdə qaldıqdan sonra Qərbi Almaniyaya getmiş, bir ara Türkiyəyə gəlib bir neçə ay qaldıqdan sonra təkrar Münhenə qayıtmış və orada yaşamışdır.
Qeyd edək ki, İtaliyada ingilislərin nəzarətində olarkən mayor Fətəlibəyli İngiltərənin baş naziri Klement Etliyə məktub yazdı. Həmin məktubda o, böyük uzaqgörənliklə Sovet dövləti ilə Qərbin münasibətinin getdikcə pisləşəcəyini göstərmişdi. Əslində onun bu məktubu «Soyuq müharibə»nin başlanmasına bir işarə idi. (Qeyd edək ki, onun bu məktubundan cəmi 18 gün əvvəl Çörçil Fultonda çıxış edib SSRİ-yə qarşı soyuq müharibənin başlandığını bildirmişdi).
Lakin mayor Ə.Fətəlibəylinin ciddi problemlər qaldırdığı bu məktub sonradan cavabsız qaldı.
Qeyd etdiyimiz kimi, SSRİ-yə qayıdan əsirləri və legionerləri ağır cəzalar gözləyirdi. Stalinin 1941-ci ilin 16 avqustunda verdiyi 270 saylı əmrə əsasən əsir düşmüş bütün sovet əsgərləri qiyabi olaraq güllələnməyə məhkum edilmişdilər.
Təəssüflər ki, müttəfiq dövlətlər, o cümlədən, İngiltərə - Yalta müqaviləsində nəzərdə tutulmadığına baxmayaraq, keçmiş mühacirləri də sovetlərə təhvil verirdi. 1430 nəfər keçmiş mühacir yanlış olaraq sovet dövlətinə göndərilmişdi. Xalq Komissarlar Sovetinin təhvil verilmə işləri üzrə səlahiyyətli nümayəndəsi general-polkovnik F.İ.Qolikovun 1945-ci il 7 sentyabr tarixli mə’lumatına əsasən həmin vaxta kimi sovet hökumətinə 2.229.552 nəfər təhvil verilmişdi. Buraya hərbi əsirlərlə yanaşı, zorla Almaniyaya köçürülənlər də daxil idi (126, s. 240).
İlk təhvil verilənlərin çoxunu güllələyir, qalanlarına 25 il iş kəsir, Sibirə, Vorkutaya, İntaya, Asbestə, Norilskə, Tayşetə, Kemerovo vilayətindəki düşərgələrdə ağır işlərə göndərirdilər.
İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M.Ə.Rəsulzadənin, Almaniyada isə Ə. Fətəlibəylinin rəhbərliyi altında olan müvafiq qurumlarda fəaliyyətə başladılar.
«Azadlıq» radiosunun «Azərbaycan redaksiyası»na bir müddət (1953-1954-cü illər) Ə.Fətəlibəyli-Düdənginski, sonradan isə İsmayıl Əkbər və Əli Aranlı başçılıq etmişlər. «Azərbaycan» redaksiyasında Məcid Musazadə (Qarsalanlı), Fərman Məmmədov, Murad Muradlı, Kərim Aslanoğlu və digər keçmiş legionerlər çalışırdılar.
Beləliklə, 1953-cü ilin martından «Qurtuluş» radiosunun Azərbaycan redaksiyası fəaliyyətə başladı. «Azərbaycan» redaksiyasının ilk Baş redaktoru mayor(minbaşı) Ə.Fətəlibəyli oldu.
Qeyd edək ki, mühacir və legionerlərin əllinci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Belə ki, Sovet dövləti həmin dövrdə kommunist ideologiyasına qarşı mücahidə aparanları sıradan çıxarmağa dəfələrlə cəhdlər göstərdi. Bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan, geniş şəbəkəli «KQB» - («DTK») əsas rol oynayırdı. Bu qurum 1917-ci ilin dekabrında yaradılmış və daha çox «daxili düşmən» axtarmağa meyilli idi.
Məhz həmin təşkilatın fəallığı ilə 1954-cü ilin noyabrın 20-də «Azadlıq» radiosunun «Azərbaycan» redaksiyasının baş redaktoru Ə.Fətəlibəyli-Düdənginski Münhenin «Alpenplate-6» meydanındakı bir mənzildə qətlə yetirildi.
Nəsiman Yaqublu,
tarix elmləri doktoru

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |